Əli Kərimlinin qadın müavini həbsdə qaldı

  • 02 iyun 2017, 18:06
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı barəsində seçilmiş həbs-qətimkan tədbiri qərarından verilən şikayətinə baxılıb.
 
Lent.az-ın  məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov  məlumat verib. O bildirib ki,  Bakı Apellyasiya Məhkəməsində hakim Abdin Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə Gözəl Bayramlının şikayəti təmin edilməyib.
 
Həmçinin, Gözəl Bayramlının qeydiyyatda olan evdə aparılmış axtarış və götürülmə ilə bağlı şikayətə baxılıb. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Gözəl Bayramlının şikayəti təmin edilməyib. 
 
Vəkil Elçin Sadıqov bildirib ki, həmin şikayətlər Avropa Məhkəməsinə şikayət verəcəklər.
 
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə G. Bayramlı haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Xatırladaq ki, Dövlət Sərhəd Xidməti (DSX) AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb: "Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib".
 
"Demokratik.Az"
Oxşar xəbərlər