Ramazan Abdulatipov hakimiyyətə necə gəldi...

  • 09 may 2017, 13:07

Süleymana qalmayan Dağıstanın Ramazanı

Dağıstan ölkəsinin əsirlərlə oturuşmuş, bərkiyib qaya parçasına çevrilmiş bir qədim ənənəsi var. Dağıstan diyarı heç vaxt...bir də təkrarlayıram, heç vaxt bir adamın ixtiyarında olmayıb. Dağıstan hakimlərinin uzun silsiləsində bu ənənə yalnız bircə dəfə-Şeyx Şamil təkhakimiyyəti dövründə pozulub. Vəssalam...

Lakin Kreml indi oxşar təcrübəni Dağıstanda yenidən tətbiq etməyə hazırlaşır. Niyə? Çünki 2012-ci ildən üzü bəri Kremlin Dağıstanla bağlı çox güclü şahmat gedişləri start götürərək indiyəcən davam edir. Bu səbəbdən "Dağısan” və "Dərbənd” brendləri konyak şüşələri üzərindən, kriminal xronikalardan sakitcə silinir bir növ. Həkk edilir "Dağıstan” hərbi gəmisinin polad gövdəsinə.

Uzaqvuran "Kalibr” raketləri ilə silahlanmış bu əjdaha gəminin Xəzər sularında görünməyi sonrakı Suriya əməliyyatının ilk müqəddiməsi də sayıla bilər indi. Gəmi Zelenedolsk gəmiqayırma karxanasında (Tatarıstan) Kremlin birbaşa xüsusi əmri ilə tikilib. Uzunluğu 102,2 metr, eni 13, 1 metrdir. Suriyadakı vəhhabi düşərgələrini darmadağın edən "Kalibr” raketləri ilk olaraq məhz bu gəmidə sınaqdan keçirilib. Gəminin ilk dəniz səfəri problemlərlə yadda qalıb. 2012-ci ilin yanvarında, hələ Qara dəniz hövzəsində üzərkən o qasırğaya düşərək ciddi zədələnib. Təmirdən sonra üzüb gəlib Xəzər hövzəsinə. 
KİÇİK HAŞİYƏ: "Dağıstan” gəmisinin bioqrafiyasını diqqətlə izləyin. Görəcəksiz, aman Allah, bu gəminin bütün həyat bioqrafiyası sadə deyil. Rusiyanın yeni Suriya kursu ilə eyni marşrutu təkrarlayır. Yəni, 2012-ci ilin martında ikinci dəfə Rusiya prezidenti kürsüsünə yiyələnən Putin, Suriya istiqamətində başlayır məxfi hazırlıqlara. Uzaqvuran "Kalibr” raketləri ilə silahlanmış "Dağısan”, "Tatarıstan”, "Uqliç” kimi gəmiləri tikdirib gətirir Xəzər sularına.

Bütün bu dinc mənzərələrin arxasında bilirsiniz nə gizlənib? Rusiya Xəzər Hərbi donanmasının gələcək müharibəyə hazırlığı...Görünür, Putin "Kalibr” raketlərinin "Dağıstan”da quraşdırılmasını şəxsən özü inspeksiya edib. İŞİD əgər salyut atəşi zamanı bu raketlərin sınaq uçuşları da həyata keçirilibsə, həəə...onda necə deyərlər torbada pişik var. Bu "pişik”i indi gəlin deşifrə etməyə çalışaq. Mümkündür ki, həmin qara "pişik” bax bu raketatan gəmini öz hesabına, yaxud bir məxfi fondun hesabına maliyyələşdirib.


***

Ancaq al-ulduzlu Kreml üçün Dağıstan mövzusu təkcə elə hərbi gəmilərlə məhdudlaşsa idi nə vardı ki... Qərar verilir-yeni geopolitik situasiyaya cavab verməyən Dağıstan rəhbərliyi dəyişdirilməli, Mahaçqala dəniz limanı hərbiləşdirilməlidir. Putinin bu əmri havada çox qalmır. Volodin- o zaman Rusiya Prezident Administrasiyasının birinci müavini, indi Dövlət Dumasının sədri- katibəsinə əmr verir ki, hələ Saratovdan yaxşı tanıdığı Ramazan Abdulatipovun şəxsi işini təcili olaraq arxivlərdən çıxartsın. Ötürsün Putinin yazı masası üzərinə. O da görsün kimdir bu "torbadakı vəhşi pişik”.


Həmin "vəhşi pişik” bir gün bu boğazı dar torbadan eşiyə sıçrayacaq. Cumacaq Dağıstan klanlarının üzərinə. Bu klanların arxasındakı oliqarx Süleyman Kərimovu altdan yuxarı bir zərbə ilə nokauta salacaq.


Sonrakı hadisələrin dramatik inkişafı əsl kriminal xronikanı xatırladır. Mafioz Dağıstan klanlarını hakimiyyətdən uzaqlaşdırmaq o qədər də asan olmur Kreml üçün.


***


14 yanvar 2013-cü ildə Kremldə Vladimir Putinlə Dağıstan prezidenti Maqomedsalam Maqamedov görüşürlər.


Sonra ortaya dezinformasiya atılır. Deputat Aleksandr Xinşteyn, Duma səngərləri arxasından astaca başını çıxararaq deyir ki, bəs yaxınlarda bəzi Şimali Qafqaz liderləri öz vəzifələrini itirəcək. Hadisələrin sonrakı icrası tapşırılır "Qafqaz düyünü” saytına. Saytın səhifələrində müsahibə verən Abdulatipov əvvəlcə özünü vurur bilməməzliyə. Sabiq Dağıstan rəhbərliyini tərifləyib çıxarır dağ başına. Dağıstan prezidenti kürsüsünə iddialı Mahaçqala meri Said Amirovdan özünü sığortalayır. Sonrakı hadisələr lap absurd teatrını xatırladır. Yaxud tam məxfi bir əməliyyatın göz aldadıcı manevrlərini. 27 yanvarda mətbuata açıqlama verən Abdulatipov bildirir ki, Dağıstan mənlikdi. Vətənimə özüm başçılıq edəcəm. Elə həmin andaca əvvəlcədən düşünülmüş bir şahmat gedişiylə Dmitri Peskov mətbuata xəbər ötürür ki, bəs guya prezidentin imzaladığı sənədlər arasında Abdulatipovun adı yoxdu.


Sabahısı günü mətbuatda işıq üzü görən rəsmi sənəddə isə artıq Abdulatipovun adı vardı.


***


Kreml, Said Amirovu bax beləcə aldadaraq başının altına bir-iki balış qoyur. Bu Mahaçqala meri Dağıstan prezidenti kürsüsünə iddialı bir saylı namizəddir. Şəxsi qorumaası 150 nəfərdən ibarət bu mafioz şəxs Dağıstan üçün üz qarası, silinməz bir ləkədir. Yola çıxdımı, vəssalam, ardıca eyni nömrəli (!) cangüdənlərlə dolu 15 "Mercedes-Benz Gelandewagen” karvanı yola düşərmiş.


Demək...


Demək, Mahaçqala 15 cinayət dəstəsinin tam nəzarəti altında imiş. Demək, hər ərazini bir "Mercedes-Benz Gelandewagen” əyləşmiş qoluzorlu mafioz şəxs idarə edirmiş.

***


Ramazan Abdulatipov vəzifəyə təkcə öz komandası ilə gəlmir. Özü ilə birgə Dağıstan internet dünyasına "Daq-Nyus” saytını da gətirir. Sonra öz bütün diqqətini yönləndirir bax bu Said Amirovun həbsinə.


"Xaç atası” filminə baxıbsınız, hamınız. Görübsüz də harada adətən qətlə yetirirlər İtaliya mafiozlarını-teatr lojalarında!
Ancaq Said Amirov italyan operası azarkeşi deyildi. Futbol azarkeşi idi ancaq. Bu səbəbdən onun həbsi 1 iyun 2013-cü ildə Mahaçqalada keçirilən "Anji”-"SSKA" futbol oyunu zamanı həyata keçirilməli imiş. Bütün Dağıstanı cibində gəzdirən bu hiyləgəri həbsə almaq, 150 cangüdənini, 15 "Mercedes-Benz Gelandewagen”də əyləşmiş snayperlərini neytrallaşdırmaq o qədər də asan iş görünməsin indi sizə. Deyilənlərə görə, Abdulatipov bu əməliyyatın bütün məxfi detallarını Kreml ilə birgə hazırlayıb. Operativ əməliyyat planı hazır olunca icrası ötürülüb FSB-nin xüsusi təyinatlılarına.


Qara maskalılara...


***


Dağıstan futbolçularının Moskva ordu klubu ilə oyunu Said Amirovun sakit həbsi ilə yadda qalır. Xüsusi texnikadan, səs qumbaralarından istifadəyə ehtiyac qalmır daha. Hamının gözü oyunun bir gərgin səhnəsinə sancıldığı zaman Saidovun qollarında qandallar şaqqıldayır. Stadionun qarşı tərəfində əyləşmiş Abdulatipova xəbər ötürülür ki, bəs narahat olmasın. Balıq iti tilova düşüb.


KİÇİK HAŞİYƏ - Həbsdən azca əvvəl "Qafqazpress” saytında Amirova qarşı nəşr edilmiş növbəti dezinformasiya yayılır. İddia olunur ki, bəs guya Amirovun həbsi zamanı atışma baş verib, o yaralanıb və s. i. və ilaxır. "Dezonu” udan Amirov dərk edir ki, budəfəki həna əvvəlki deyil. Daha tündü. Demək...


Demək, Abdulatipov bu həbs zamanı əslində bir başqa mafioz şəxsdən-Dağıstan oliqarxı, senator Süleyman Kərimovdan çəkinib. İlk növbədə bu şəxsi aldatmaq istəyib həmin həbs ərəfəsində.



Hamıya bəllidir ki, bu şəxs uzun zaman Dağıstanın əsas "pul kisəsi”, həm də "boz kardinalı” kimi tanınıb. 2010-cu ildə Dağıstan rəhbəri seçilən Maqomedsalam Maqaqomedov da bu pul kisəsindən çıxmış cırtdanlardan biridir. Said Amirovu da, televizor kimi, "uzaqdan komandalı” əl cihazı ilə idarə edib o.


Süleyman Kərimov, o vaxtlar Kreml rəhbərliyini aldadır ki, ay bağ belə, bostan belə ... Mən Kaspiysk şəhərində ən müasir şüşə fabriki tikəcəm, Xəzər sahillərində təzə şəhər salınacaq. 1 milyard avronu Dağıstanın turist sektoruna yatıracağam...
Ancaq bütün bu hava söhbətlər sabun köpüyü kimi çox tezliklə partlayır. Kremlə bəlli olur ki, Süleyman Kərimov cığallıq edir oyunda. Öz şirin vədlərinə əməl etmir.


Vəziyyəti kritik görən Süleymanov öz namizədliyini 2013-cü il Dağıstan prezidenti seçkilərində irəli sürmək istəyir. Kremllə məsləhətləşir. Ancaq sonra bəlli olur ki, 8 sentyabrda dövrü mətbuatda nəşr edilmiş namizədlərin siyahısında itin-qurdun adı var, ancaq Süleymanın adı yoxdur.

Nəticədə, Kərimovun Mahaçkala aeroportunun, dəniz limanının özəlləşdirməyi qalır havada. Sonra bəlli olur ki, Süleyman Kərimovun "Ural-kaliy” gübrə konserninin sədri Vladislav Baumqartner Belarusiyada həbsə atılıb. Bəs ortada milyard dollar həcmində yeyinti var...

Süleyman Kərimov həm də yuxarıda adını çəkdiyimiz "Anji” futbol klubunun sahibi idi. Klubun növbəti - 1 iyun 2013-cü il matçı məğlubiyyətlə yadda qalır. Oyun zamanı Süleymanın əlaltısı Said Amirov Moskvadan gəlmə qara maskalılar tərəfindən qandallanır. Atılır qazamata. Yəni it də gedir, ip də. Maqomedov da gedir, Amirov da, elə "Anji” klubunun özü də.
Stadionun qarşı tribunasından isə onun üzünə Abdulatipov gülümsəyir.

Bütün bu sadaladıqlarımız göstərir ki, Abdulatipov çox uzaqgörən, xatalı bir siyasətçidir. Belələri barədə xarici kəşfiyyat qurumlarında adətən gizli dosyelər hazırlanıb ötürülür açılmaz polad seyfləri. Gəlin, şeytanın qıçını qıraraq biz də öz dosyemizi hazırlayaq bu mövzu ətrafında.

DOSYE:

Şimali Qafqazda iki fərqli Ramazan var-biri, qılıncla baş kəsir-bu, Çeçenistan prezidenti Ramzan Kadırovdu. Digəri pambıqla-bu kəs Dağıstan rəhbəri Ramazan Abdulatipovdu.


Ramazan Abdulatipov 4 avqust 1946-cı ildə Dağıstanda, ucqar Qebquda kəndində dünyaya göz açıb.


ÇƏKİSİ: 74 kiloqram.


BOYU: 183 sm.


ULDUZ BÜRCÜ - Aslan. Çin təqviminə görə İt ilində doğulub.


AİLƏSİ: Atası Hacımurad Abdulatipov müharibə iştirakçısı idi. Evlidir. Üç uşaq atasıdır.


ELMİ FƏALİYYƏTİ: Rusiya Konstitusiyası mətninin müəllifidir.


HOBBİSİ: Voleybol.


MUSİQİ ZÖVQÜ:Azərbaycan təranələri.


MİLLİYYƏTİ: Avar.


***

Süleyman Kərimov Xəzərdə baş vermiş bu tufanın mənasını, gizli hikmətini çox-çox sonralar dərk edir. "Dağıstan” gəmisindən qalxan "Kalibr” raketləri Suriya ərazisində partladığı vaxt, hə, diksinib öz ayı yuxusundan ayılır.

Anında başa düşür niyə Mahaçqala dəniz limanı, aeroportu onun özəlləşmə planlarından kənarda qalıb. Niyə Moskva onu deyil, Ramazan Abdulatipovu öz nümayəndəsi seçib Dağıstanda?

Məncə, Rusiya oliqarxı Abramoviç İngiltərənin məşhur "Çelsi” klubunu almayıb. Tam tərsinə, "Çelsi” Abramoviçi alıb. Nəticədə Çukotkanı nəzarətə götürüb. Belə biznes məxfi mahiyyət daşıyır. Müasir dövrdə təbii sərvətlər dünya oliqarxiyası tərəfindən bax bu cür nəzarətə götürülür adətən. Dediklərim, məncə, Süleyman Kərimova da aiddir.
***

Pis günün ömrü az olar deyirlər. 17 yanvar 2017-ci ildə talenin səmt küləyi yenidən Abdulatipov ilə Süleyman Kərimovu görüşdürür. Rusiyada istedadlı uşaqları öz sıralarında birləşdirən "Siruis” studiyası bu iki siyasi fiqurun yeni voleybol meydançasına çevrilir. Putinin şəxsi himayəsi altında fəaliyyət göstərən Soçi qeydiyyatlı bu fond Rusiyada çox məşhurdur. Ramazanla Süleymanın bu fonda təyinatını da, görünür, məhz Putin özü imzalayıb.

Ancaq bu hər iki fiqurun zövqləri çox fəqlidir - Süleyman futbolu sevir, Ramazan isə voleybolu. İnanmıram bu layihə çərçivəsində onlar bir məqsədə, bir nəfərə, bir hədəfə qulluq etsin.

Futbol ilə voleybol tamam fərqli dünyalardı.


Həmid HERİSÇİ

Oxşar xəbərlər