Dəlixanaya düşən general oğlu Putinin yanına necə yerləşdirildi
Kremlin baş kahini obrazını mənimsəyən Duqin vaxtilə oğurluq üstə Heydər Camalla birlikdə türməyə düşüb, sonra isə Kremlin divarlarını aşaraq prezidentin ən yaxınında özünə mövqe qazanıb
İspan kralı 2-ci Filipp, İngiltərə üzərinə məşhur "Böyük armadası”nı, yəni öz nəhəng gəmi donanmasını göndərdiyi vaxt, Kraliça Yelizaveta cavab olaraq bilirsizmi kimə müraciət edir? Deyim də kimə. Məşhur saray münəccimi, kimyagər Con Diyə.
***
Deyilənə görə mistik seanslar vaxtı o, öz tələbəsi Edvard Kelliylə birgə eyni yuxular, eyni möcüzələr görürmüş guya. Eyni tam məxfi məlumatlar alırmış qeyb aləmindən. Xəbərlər, insan dilində deyil, mələk dilində səslənirmiş guya bu mistik cütlüyün qulaqlarında.
Həmin bax bu Con Di, növbəti mistik seans zamanı ispan donanmasının dəqiq yerini, dənizdəki dəqiq coğrafi koordinatlarını öyrənməyi bacarır. Nəticədə Britaniya admiralları düşmənə dənizdə pusqu qurur, həmin yerdə ispanları darmadağın edirlər. Qeyd edim ki, ilk Agent-007 ləqəbi məhz Con Diyə məxsus imiş vaxtilə. Con Di, kraliça Yelizavetaya göndərdiyi məxfi bilgilər altına, məhz bu imzasını qoyarmış, sən demə. Britaniya kəşfiyyatı Mi-6 bəlkə elə indi də həmin "eyni yuxu”, "agent 007" ənənəsini yaşadır.
Şərqdə isə "eyni yuxu” mövzusu, yadda saxlayın, Şəms Təbrizi ilə Cəlaləddin Rumi arasında mövcud imiş. Qeyb aləminə onlar da oxşar mistik üsul vasitəsilə daxil olub, ordan "dürlü-dürlü” xəbərlər gətirərmişlər guya.
***
Rusiyada da oxşar nadir ənənənin çox əsrlik ömrü var. Müasir vaxtlar bu cür "mələk dilinin” (rusca ona "yenoxianskiy yazık” deyilir) Rusiyadakı son yeganə bilicisi, tərcüməçisi bilirsizmi kimdir?
Tanınmış filosof, siyasətçi, uluslararası "Avrasya” hərəkətinin yaradıcısı Aleksandr Qelyeviç Duqin!
Duqin poliqlotdu. Ancaq ingiliscə, fransızca, almanca, ispan, italyan, yunan dillərində sərbəst danışması ilə kifayətlənmir heç vaxt o. Hərdən bax bu "mələk dilində” də danışmağa üstünlük verir. Xüsusən bilirsizmi hansı vaxtlar?
Həyatı tükdən asılı qalıb, taleyin sərt imtahanlarına məruz qalarkən.
Deyilənə görə, məlum 16 iyul hadisələri zamanı Türkiyədə ikən həyatının ən dramatik, gərgin günlərini yaşayan həmin bax bu Aleksandr Duqin, qəfildən, birdən-birə göz qapaqlarını qapayıb. Başlayıb öz daxilindəki, üzərindəki mələklərlə həmin bax bu sirli dildə danışmağa. Müsahibələrinin birində o, bütün bunları belə xatırlayır: "Çox gərgin ekzistensial dəqiqələr yaşadım o vaxt Ankara hava limanında. Alnımı tər basmışdı. Dodaqlarım, özümdən ixtiyarsız dualar pıçıldamağa başladı bu vaxt. Taleyin hökmü, zamanın sonrakı axarı mənim bax bu dualarımdan asılıydı elə bil”.
Con Di, kraliça Yelezavetanın əmri ilə hərəkət etdiyi kimi, Duqin də Putinin əmri ilə hərəkət edib bəlkə o zaman. Con Di, ispan armadasının dəqiq coğrafi koordianatlarını öyrənir öz mələyinin köməyi ilə, Duqin də eynən bu cür FETÖ-nun bütün sirlərinə agah olur. Con Di, özünün məxfi "agent 007" kod adını o vaxt bax bu cür doğruldur, Duqin bir başqa cür.
Nəhayət, Duqinin göz qapaqları tədricən aralanır. Dodaqları daha titrəmir. Bu vaxt silahdaşları Duqini elə hava limanındaca qucaqlayıb öz bağırlarına basır, qulağına şad xəbərləri pıçıldayırlar: "FETÖ-nun qiyam cəhdi iflas edib! Ərdoğan sağ-salamatdı! Qiyamçılar silahlarını yerə atıb, dörd tərəfə səpələniblər! Ordu, qışlalara qayıdır! Qələbə bizimdi!!!”
Başı dualardan ayılmış Duqin deyilənə görə bir an tərəddüd anları yaşayır. Əvvəl inanmır eşitdiklərinə. Sonra sağ əli ilə özünə xaç vurmağa başlayır. Qulaqlarında Aya Sofyadan qalxan ilahi səsləri eşidir sanki.
Yaxşı, kimdi bu Aleksandr Duqin? Kremlin bir nömrəli ideoloqu, uluslararası Avrasiya hərəkətinin banisi, mərhum Heydər Camalın ən yaxın silahdaşı? Kimdi?
Gəlin bu düyünlü sualı indi özümüz üçün aydınlaşdıraq.
***
Dosye: Aleksandr Qekyeviç Duqin
1962-ci ilin 7 yanvar tarixində, pravoslav xristianların yeni il bayramı günü Rusiyanın paytaxtı Moskvada dünyaya göz açan Aleksandr Qelyeviç Duqin, bioqrafiyasının bu faktına həmişə müstəsna əhəmiyyət verib. Şıltaq, ərköyün uşaq kimi böyüyüb. Xüsusi nəvaziş, qayğı, dəyərli hədiyyələr tələb edib həmişə özünə. Öz kosmik təyinatına da o, məhz körpə yaşında ikən inanıb. Kimyagər Con Di kimi, daxilindəki mələklə ilk dəfə məhz bu zaman pıçıldaşıb - "Pravoslavların yeni ili mənə hədiyyələr vəd edir, rəsmi yeni il isə heç nə...Qoy belə də olsun... Mənim öz xüsusi təyinatım var pravoslav dünyasında. Ən gözəl milad hədiyyələri həmişə mənimki olacaq”.
Pıçıldamağı, lazım gələndə gizlənməyi, susmağı, konspiroloji təfəkkürə malik olmağı da Duqin, yenə də elə həmin uşaqlıq vaxtlarında öz doğmaca atasından - məşhur sovet kəşfiyyatçısı, QRU general-leytenantı Qeliy Aleksandroviçdən öyrənib yəqin ki. Ancaq bu xoşbəxtlik çox da uzun sürməyib - Duqin hələ 3 yaşında ikən kəşfiyyatçı atası ailəsini tərk edib. Gedib başqa ailə qurub özünə.
Duqinin həyatında ilk sınma nöqtəsi, bəxtindəki qara zolaq xətti məhz bu zamandan başlayır. Hədiyyələr azalır. Ad günü məclisləri xeyli kasıblayır. Duqin, əfi ilan kimi, öz daxilinə ilk dəfə məhz bu zaman çəkilir. Pəncərəsindən görünən Kreml mənzərələrinə müştəri gözü ilə ilk dəfə məhz bu zaman zillənib baxır. Üstündəki mələyinə pıçıldayır sakitcə: "Mən, mütləq bir gün bu qırmızı divarları aşıb, Kreml sahibindən öz halal hədiyyəmi istəyəcəm”
***
1979-cu ildə Moskva Aviasiya İnstitutuna daxil olan Duqin öz həmsinifləri arasında çox sərt antisovet şerləri ilə tanınır. Duqinə ilk məşhurluq dəqiqələri gətirən bu faktın ömrü sözsüz, çox sürə bilməzdi. Üçüncü kursda ikən Duqini rektorun rəsmi əmri ilə institutdan xaric edirlər. Guya Duqin yaxın dostu Heydər Camalla birgə özü kimi qoluzorlulardan ibarət cinayətkar dəstə yaradıb. Girişib vəzifəli şəxslərin Moskva ətrafındakı bahalı bağlarına. KQB, QRU generallarının bağlarını qarət edib guya. Növbəti qarət zamanı hadisə yerindəcə yaxalanan dəstə üzvlərinin hər birinə 4 il iş kəsib basırlar qazamata. Atası Qeliy Aleksandroviçin müdaxiləsi nəticəsində Heydərlə Duqinin cəzası nisbətən yüngülləşdirilir. Həbsxana dəlixanayla əvəzlənir. İki il sonra nümunəvi davranışa görə dəlixanadan azadlığa buraxılan dostlar əvvəlcə bilmirlər nə etsinlər. Duqin, bir müddət zibilçi işləyir doğma Moskva küçələrində. Heydər Camal isə...
Heydər isə SSRİ alpinist yığması tərkibində uzaq Pamir zirvələrinə göndərilir.
***
Sonralar Moskvaya qayıdan Duqin, silahdaşı Heydər Camalla birgə əvvəlcə yazıçı Yuriy Mamleyevin "Metafizik yazarlar” cəmiyyətinə üzv olur. Sonra batini, məxfi biliklər alimi Yevgeniy Qolovinin "Qara SS” qapalı ordeninə qatılır. Elə bu vaxt da hansısa naməlum əl, kənardan Duqini idarə edərək onu Heydər Camalla birgə ən məxfi, qapalı arxivlərə yönləndirir. 1988-1992-ci illərdə faşist Almaniyasından qənimət olaraq gətirilmiş SS arxivlərində işləyən dostlar orda Hitlerin ən məxfi layihəsi sayılan "Ananerbe” sənədləriylə tanış olmaq xoşbəxtliyinə nail olurlar. Nəticələr, sonralar TV güzgülərinə çıxarılır. Bir qismi isə göndərilir "lazımı qapalı ünvanlara”.
***
Əvvəlcə qatı antisovet mövqelərdə duran, oğlunu Lenin movzeleyi üzərinə tüpürməyə vadar edən Duqin, qəribədir, SSRİ-nin süqutundan sonra dönür əsl "milli bolşevikə”. Eduard Limonovla birgə "Milli bolşevik” partiyasını yaradır. 1993-cü ildə Yeltsin Rusiya parlamentini topa tutduğu zaman Duqin dərin mənəvi sarsıntılara məruz qalıb silaha əl atmaq istəyir. Silahdaşları çox çətinliklə Duqini bu səhv qərardan daşındırıb, onu birtəhər Moskva ətrafı bağlarda gizlədirlər. O vaxt Duqin "qılınc və qələm” arasında öz qəti seçimini edir sanki. Dərk edir ki, əsl silah ideoloji silahdı. Bu ideoloji silahı yaradıb, onu rus xalqının istifadəsinə vermək lazımdı.
Tezliklə Duqin bu ideoloji silahı uluslararası "Avrasiya” hərəkatında tapıb girişir onun ideoloji sütunlarını ucaltmağa. Dünyadakı ifrat sağ konservativ qüvvələrlə məxfi əlaqələr qurub onları Kremlin təsir dairəsinə qatır. Duqinin bu taktikasına indi bəziləri bax bu cür şərh verirlər: "SSRİ vaxtilə Kommintern vasitəsilə Avropadakı passionar qüvvələri öz təsir dairəsinə aldı. Beynəlxalq kommunist hərəkatını yaradıb onu Kremlin oyuncağına çevirdi. Duqin, təzədən velosiped ixtira etmədi. Sadəcə oxşar prosesi təkrarladı. Ancaq bircə mühüm fərqlə - bu dəfə Kreml şəbəkəsinə düşənlər ac-yalavaclar deyil, Avropanın konservativ elita üzvləri idi”.
Duqinin bu ideoloji silahı, qurduğu uluslararası şəbəkə tezliklə Kremlin, şəxsən Putinin marağını özünə cəlb edir. Nəticədə Duqinin ictimai statusu qəfil xeyli dəyişir. O, dönür bir nömrəli Kreml ideoloquna. Moskva Dövlət Universitetinin "Sosiologiya” fakültəsində dekan vəzifəsinə gətirilir.
***
Moskva dövrü mətbuatında nəşr edilmiş Duqinin bəzi gizli yazışmalarıyla tanış olsanız görərsiz ki, onun qurduğu bu beynəlxalq şəbəkədə baş dirijor çubuğu pravoslav oliqarxı Konstantin Malofeyevdədi. Dövrü mətbuat bu müəmmalı şəxsi Donbas, Krım hadisələrinin əsl pərdəarxası qəhrəmanı bilər həm də. Duqinin zənciri indi məhz bu şəxsin ixtiyarındadır. Malofeyevlə Duqinin qurduğu "Çarqrad” saytını xahiş edirəm oyuncaq bilməyəsiz. Məhz bu siyasi meydançadan çıxış edən Duqin indi bütün diqqətini məhz Türkiyəyə yönləndirib. "Çarqrad” kəlməsinin əslində "İstanbul” demək olduğunu anlasaz, sizə bu layihənin bütün gizlinləri anında aydın olacaq.
Bosfor sahilləri, Aya Sofya, Konstantinopol, Bizans...Duqinin müasir fəaliyyəti indi məhz bu rəmzi işarələr ətrafındadır. O, politik deyil, geopolitikdi. Hesab edir ki, geopolitikayla Putin kimi fövqəlinsanlar məşğul olur, politika ilə isə adi sadə siyasət fiqurları. Duqin, Rusiya gündəminə bax bu geopolitika, konspirologiya habelə onlarla digər diskursları, nəzəriyyələri gətirmiş alim...yox...dühadır.
Müasir Rusiya ilə əlaqələrimizi bu şəxsdən kənarda görmək cəhdi məncə indi çox gülüncdü. Bu böyük zəka sahibini, əksinə, Azərbaycana gətirmək, bizimlə əlaqələrini təmin etmək lazımdır.
Yoxsa sabah artıq gec olar.
Həmid HERİSÇİ
