Dağıstan ən yaxşı azərbaycanlı güləşçini mənimsədi

  • 04 avq 2016, 22:13
Dağıstanın Bədən Tərbiyəsi və İdman Nazirliyi Rioda keçirilən Olimpiya Oyunlarında 25 dağıstanlı idmançının çıxış edəcəyini bildirib, onların arasında əslən Azərbaycandan olanlar da var.

Bu barədə RİA "Dağıstan” informasiya agentliyi məlumat yayıb.

Haqqin.az saytının məlumatına görə, Dağıstan idman nazirliyi bu siyahıya əslən Azərbaycanlı olan və Dağıstana heç bir aidiyyəti olmayan yunan-Roma üslubunda döyüşən Rəsul Çunayevi də daxil edib. 

Rəsul Çunayev Azərbaycanın Balakən rayonunun Qabaqçöl kəndində doğulub və böyüyüb. Orada İsmayıl Çopsiyevin nəzarəti altında güləşlə məşğul olub. 2006-cı ildən Rəsul Azərbaycanın müxtəlif yaş kateqoriyaları üzrə yığmalarının tərkibinə daxil olub. 2015-ci ildə böyüklər arasında Avropa Oyunlarının qalibi və Dünya kubokunun sahibi olub.  

Rəsul Çunayev bu gün üçün yunan-Roma üslubunda güləş üzrə dünya reytinqində liderlik edən yeganə azərbaycanlı güləşçidir. 

Həmçinin qeyd etmək lazımdır ki, Rəsul Çunayev Azərbaycan Silahlı Qüvvələrində xidməti ilə Vətən qarşısında borcunu yerinə yetirib. O, leytenant rütbəsini alıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşıdır.  

Olimpiyadada Azərbaycan bayrağı altında çıxış edəcək sərbəst güləşçilər Cəmaləddin Məhəmmədov və Şərif Şərifov, boksçular Albert Səlimov, Əbdülqadir Abdullayev və Məmmədrəsul Məcidov, eləcə də taekvondoçu Radik İsayev və Patimat Abakarova da dağıstanlılar siyahısına daxil edilib. 

oxu.az
Oxşar xəbərlər