Almaniyanın qapıları azərbaycanlıların üzünə bağlanırmı

  • 08 okt 2019, 09:49

Müraciətinə baxılan 1703 nəfərdən 1627-nə rədd cavabı verilib

 

 

Almaniyadan sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının yeni statistikası açıqlanıb. "Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, 2019-cu ilin ilk 8 ayı ərzində 1361 Azərbaycan vətəndaşı qaçqın statusu almaq üçün Almaniya Federativ Respublikasının Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinə (BAMF) müraciət edib. BAMF-dən sözügedən mərkəzə verilən məlumatda bildirilir ki, Onlardan 950 nəfəri ilk dəfə, 411 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.

2019-cu ilin 8 ayı ərzində qaçqın statusu üçün həmvətənlərimizin müraciətləri üzrə 1703 qərar qəbul edilib. Onlardan 6 nəfərin sığınacaq haqqında ərizəsi üzrə müsbət cavab, 47 nəfərə qaçqın statusu verilib. Qaçqın statusu haqqında qanunun 41-ci paraqrafına əsasən 15 nəfərin subsidiar müdafiə haqqında ərizəsi üzrə müsbət qərar qəbul edilib. Almaniyada yaşayış yeri haqqında qanunun 60-cı paraqrafının V və VII hissələrinə əsasən Azərbaycana deportasiyanı qadağan edən hallar mövcud olduğu üçün 8 nəfərə müvəqqəti yaşayış icazəsi verilib.

Beləliklə, 2019-cu ilin 8 ayı ərzində cəmi 76 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib və onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib.

906 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib. Almaniyada qaçqın statusu haqqında ərizəsinə baxılmasının mümkünsüzlüyü nəzərə alınan 721 nəfərin isə müraciətinə baxılmaqdan imtina edilib. Buna "Dublin müqaviləsi”nə əsasən başqa ölkələrə göndərilməsi gözlənilən şəxslər, müraciətdə qaçqın statusu əlamətlərinin olmaması və s. hallar aiddir.

Bu isə o deməkdir ki, ümumilikdə müraciətinə baxılan 1703 nəfərdən 1627-nə bu və ya digər formada rədd cavabı verilib.

"Yeni Müsavat” xəbər verir ki, bu ilin avqust ayında Almaniyada qaçqın statusu üçün müraciət etmiş, İbbenburen şəhərində məskunlaşan və Dublin sazişinə görə Italiyaya getməkdən imtina edən daha bir azərbaycanlı özünü doğrayıb. Hər iki qolunu kəsici alətlə doğrayaraq xəsarət yetirən Hüseyn adlı şəxs 2 ay əvvəl Italiya vizası ilə Almaniyaya gedib. Bu gün polislər onu məcburi qaydada Italiyaya deportasiya etmək istədikləri zaman özünü doğrayıb.

Ekspertlər isə bildirir ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti digər ölkələrin vizaları ilə Almaniyaya gəlir. Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin çoxu vətəndaşları aldadaraq bir ölkənin vizası ilə "qaçqınlıq statusunu alarsız” deyib başqa ölkəyə göndərirlər. Sonra isə həmin şəxsləri qaytarma prosesi başlayır. Almaniya hökuməti görəndə ki, gələnin sənədləri saxtadır və onu ölkəsində heç bir təhlükə gözləmir, dərhal həmin adamı geri göndərir. İnsanlar bundan özünü qorumaq üçün intihara əl atırlar.

Ötən il, iyunun 18-də 51 azərbaycanlı Almaniyadan deportasiya edilib.

Almaniya Federativ Respublikasının Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin məlumatına görə, 2019-cu ilin ilk 6 ayı ərzində 999 nəfər Azərbaycan vətəndaşı qaçqın statusu almaq üçün müraciət edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faizdən çox azalma deməkdir. Belə ki ötən ilin eyni dövründə müraciət edənlərin sayı 1500 nəfərə yaxın olub. Ümumiyyətlə, 2018-ci ildə sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 2900 nəfər olub. 2017-ci ildə 3030 nəfər, 2016-cı ildə 4750 nəfər, 2015-ci ildə 1497 nəfər, 2014-cü ildə isə 1295 nəfər qaçqın statusu almaq üçün müraciət edib.

Araşdırmalar göstərir ki, Almaniyadan sığınacaq istəyənlərin sayının azalmasını ölkədən emmiqrasiya edənlərin sayının azalması ilə əlaqələndirmək olmaz. Bu, ilk növbədə Almaniyann miqrasiya siyasətini sərtləşdirməsi ilə bağlıdır. Almaniyaya sığınmaq üçün müraciət edən Gürcüstan vətəndaşlarının da sayı 20% azalıb. Belə ki, cari ilin yanvar-iyun aylarında sığınacaq üçün 2 111 nəfər Gürcüstan vətəndaşından müraciət daxil olduğu halda, ötən ilin müvafiq dövründə bu rəqəmin 2 640 olub.

"Yeni Müsavat”

Oxşar xəbərlər