Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bəzi vəzifəli şəxslər cəzalandırıldı

  • 21 okt 2015, 18:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari ilin 9 ayında tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülmüş işlərin, bu sahədə müasir və şəffaf iş üsullarının qurulması üçün aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən

Demokratik.Az-ın məlumatına görə, iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin müasir və şəffaf iş mexanizmləri əsasında qurulmasının nazirliyin əsas fəaliyyət prinsipi olduğunu, cari ilin ötən dövründə də bu yöndə işlərin məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.

Nazir müavini deyib ki, cari ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Respublika Əlillərin Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı hesabat dövrünün əlamətdar hadisələrindən biridir: "Mərkəz müasir tibbi-fizioterapevtik aparatlarla və səmərəli reabilitasiya üsulları ilə il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsə yüksək səviyyədə bərpa-müalicə xidməti göstərməyə imkan verir”.
Nazir müavini Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) iş və əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması tədbirlərinin də davam etdirildiyini, bu günədək artıq 38 region üzrə TSEK-lərin 31-nin müasir iş şəraiti ilə təmin edildiklərini bildirib.

İclasda hesabat məruzəsi ilə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov cari ilin ötən dövründə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində şəffaflığın təmin olunmasına, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının məqsədyönlü təşkilinə ciddi nəzarət tədbirlərinin davam etdirildiyini bildirib:

"Görülən tədbirlərin müsbət nəticəsi kimi, cari ilin 9 ayında ilkin əlillik təyin olunan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3284 nəfər (13,9%), təkrar olaraq əlillik təyin edilən şəxslərin sayı isə 4440 nəfər (3,1%) azalıb. Təkrar əlillik müayinələri zamanı 2961 nəfərin hissəvi reabilitasiyası təmin olunub”.
Xidmət rəisi hesabat dövründə ilkin  olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayının da keçən  ilin müvafiq dövrü ilə müqayisədə 26%, yəni 3 min nəfərə yaxın azaldığını qeyd edib:
"Cari ilin ötən dövründə 115 nəfər əlilliyi olan şəxsin və 130 nəfər sağlamlıq imkanları məhdud uşağın, ümumilikdə 245 nəfərin Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb  Mərkəzində ixtisaslaşmış bərpa müalicəsinə göndərilməsi təmin edilib ki, bu da ötən il xaricə bərpa müalicəsinə göndərilənlərlə müqayisədə 52,1 faiz çoxdur. Bu isə ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirildiyini bir daha təsdiq edir”.  

İ.Qurbanov cari ilin 9 ayında Xidmətin tabeliyindəki  bərpa-müalicə müəssisələrində 5 min nəfərə yaxın şəxsə bərpa-müalicə xidməti göstərildiyini, hazırda bu müəssisələrin bir çoxunda əsaslı təmir işləri aparıldığını diqqətə çatdırıb:
"Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya vasitələri ilə təchiz olunması və onlara protez-ortopediya xidməti uğurla davam etdirilib. Həmin şəxslərdən ibarət 7158 nəfərə protez-ortopedik bərpa xidməti göstərilib, habelə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara ümumilikdə 28662 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitələri verilib”.

Xidmət rəisi hesabat dövründə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin yaradılmasının diqqətdə saxlandığını, artıq cari ilin ortalarından Tibbi-Sosial Ekspert Komissiyaları ilə aidiyyəti idarə, müəssisə və təşkilatlar arasında əlillik müayinəsi barədə məlumatların elektron mübadiləsinin təmin olunduğunu qeyd edib:

"Azərbaycan Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli  "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Fərmanı bu sahədə mühüm irəliləyişə imkan yaradır. Fərmanın icrası olaraq görülən işlər nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində mükəmməl proqram təminatlarına malik Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılmasına, tibbi-sosial ekspertiza xidmətinin elektron əsaslarla avtomatlaşdırılmış infrastrukturunun qurulmasına yönəlib. Yeni elektron sistem respublikada əlillik təyinatı prosesinin avtomatlaşdırılması nəticəsində bu sahədə məmur-vətəndaş təmaslarının minimallaşmasına və şəffaflığın təminatına şərait yaracaq”. Fərmanla birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılması üçün əlilliyin müəyyən olunması meyarlarında dəyişikliklər edilməsi də nəzərdə tutulub. Belə bir mühüm tədbir bir il ərzində əlillik müayinələrindən keçən şəxslərin sayının 7 dəfə azalmasına imkan verəcək ki, bu da əlillik müayinələrində məmur-vətəndaş ünsiyyətinin xeyli azalması ilə nəticələnəcək”. Xidmət rəisi Fərmana uyğun olaraq, "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və "Uşaqların sağlamlıq imkanları məhdudluğunun  müəyyən olunması meyarları”nın yenidən işlənərək təkmilləşdirildiyini və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcəyini diqqətə çatdırıb:"Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində şəffaflığın artırılması üçün aparılan işlərin müsbət nəticələrindən biri kimi, təkcə cari ilin 9 ayında bu sahə ilə bağlı nazirliyə ünvanlanan vətəndaş ərizələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17%-ə yaxın azalıb, daxil olan həmin müraciətlərin isə əksər hissəsi sorğu xarakterli olub”.

Tədbirdə görülən işlərin yekunları ətraflı müzakirə edilib. Qeyd olunan sahədə əldə edilən müsbət nəticələrlə yanaşı, yol verilən  nöqsan və çatışmazlıqlara da toxunulub, işlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib.