"Özümü Prezident Aparatının qarşısında yandıracağam”-fotolar

  • 27 dek 2016, 19:31

"Demokratik.Az" xatırladır ki, bir neçə gün öncə elektron KİV-lərdə Elmar Vəliyevin əməlləri ucbatından Gəncədən qaçqın düşən 12 yaşlı Almaz Əhmədovanın ölkə başçısına üzüntülü müraciəti yayıldı. Azyaşlı qız öz müraciətində möhtərəm prezident cənab İlham Əliyevi ad gününə dəvət edirdi. (Gəncədən qaçqın düşən körpə qız İlham Əliyevi ad gününə dəvət etdi!)

Bu gün gözlənilməz hadisə baş verdi. Almazın məktubunun mürəkkəbi qurumamış daha bir şokedici müracət atadan gəldi. Prezidentə müraciət edən qızcığazın atası, Gəncə ş, N.Gəncəvi pr, 239 saylı yataqxananın 5-ci mənzilində məskunlaşmış Əhmədov Qalib Hamlet oğlu mətbuat vasitəsilə aidiyyatı şəxslərdən köməklik istədi. Əks halda özünü prezident aparatının qarşısında yandıracağı mesajını verdi. Demokratik.Az müraciət mətnini şərhsiz təqdim edir:

"Möhtərəm Prezident!

Hörmətli KİV nümayəndələri!

Yazaraq sizdən kömək istəyirəm ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin özbaşınalıqlarından məni qoruyasınız. Mən və ailəm Gəncə şəhər icra hakimyətinin başcısı Elmar Vəliyev tərəfindən üzləşdiyimiz ciddi problemler səbəbindən dəfələrlə sizə və ali dövlət qurumlarımıza müraciət etmişik. Başımıza açılan bütün müsibətlərdən, ədalətsizlikdən geniş surətdə ərizələrimdə açıq şəkildə yazmışam.

Belə ki, Elmar Vəliyev 20 ildən artıq yaşadığım şəxsi evimi 3 saat içində bulduzerin ağzına verib sökdürüb. Xüsusi amansızlıq və talançılıqla evimi yerlə yeksan etdirdi Elmar Vəliyev. Söküntü zamanı 11 yaşlı qızım Almaz Əhmədovanın başına dam örtüyünün iri bir parçası düşdü və bunun nəticəsində qızımın nitqində qüsur yarandı. Bu zaman həyat yoldaşım Nairə Əhmədova həyəcandan özündən getdi və stres yaşadı. Həkimlərin müdaxiləsindən sonra özünə gəlsə də, o zamandan həyat yoldaşımda təzyiq meydana gəldi. İndi də bu xəstəlikdən əziyyət çəkir.

Möhtərəm Prezident!

Dəfələrlə Sizə müraciət eləmişəm. Etdiyim müraciətlər Sizə yetişməyib. Ona görə də məcbur olub mətbuat vasitəsilə Sizə müraciət edirəm.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev mənim sadəlövhlüyümdən istifadə edərək, 19 yaşlı qızımı 6 ay icra hakimiyyətində iş düzəldəcəyi vədi ilə girov saxlamış, amma heç bir iş verməmişdir. Sonradan mənə məlum oldu ki, Elmar Vəliyevin həyata yeni addım atan qızım haqqında çirkin niyyətləri olub. Prezident tərəfindən təyin olunan dövlət məmuruna yaraşmayan və burada yaza bilmədiyim təkliflər edib. Hansı ki, övladım bu təklifləri rədd edib və işə getməkdən imtina edib. Bu haqda Sizə və müxtəlif dövlət orqanlarına ünvanladığım ərizə və məktublarda geniş və əhatəli yazmışam. Şəxsiniz və yaxud dövlətin digər ali orqanlarının rəhbərləri məni və ailəmi qəbul edərsinizsə, bu haqda daha ciddi təfərrüatları Sizə deyə bilərik.

Mən bu ərizə və müraciətlərlə birlikdə bütün təfərrüatların əks olunduğu videomüsahibələr də hazırlamışam və bu videomüsahibələri Sizdən cavab gözlədiyim üçün hələlik ictimailəşdirməmişəm.

Möhtərəm Prezident!

Elmar Vəliyev mənə və ailəmə təhlükədir. Özümü və ailəmi qorumaq üçün Gəncədən çıxmalı və Bakıya sığınmalı olmuşam. Qızım ciddi depressiyadadır. Qorxuram özünə qəsd edə. Ona görə də ailəmiz ciddi təlaş içindədir. Sizə olunan müraciətlərim cavabsız qaldıqca, nə edəcəyimi bilmirəm. Xahiş edirəm, mənə kömək edin. Əks təqdirdə məcbur olub özümü Prezident Administrasiyasının qarşısında yandıracağam".

imza: Əhmədov Qalib Hamlet oğlu

26.12.2016


Demokratik.Az

 

 

 

 

 

Oxşar xəbərlər