İranlı Mühacirlər Cəmiyyəti Qubada “dəyirmi masa” keçirib

  • 25 avq 2019, 13:42

 Ziyarət, müzakirələr, mükafatlandırmalar olub...

"İranlı Mühacirlər Cəmiyyəti” (İMC) İctimai Birliyi avqustun 23-də Qubanın Zərdabi qəsəbəsində "Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkə də mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi” mövzusunda "dəyirmi masa” keçirib. Kənd Təsərrüfatı Nazirliyinin qəsəbədəki Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun iclas zalında düzənlənən tədbirə Qubada və Xaçmazda məskunlaşan iranlı mühacirlər, onların övladları, hər iki bölgədə fəaliyyət göstərən müxtəlif qurumların təmsilçiləri qatılıblar. Öncə onlar Ulu Öndərimiz Heydər Əliyevin şərəfinə Quba şəhərinin baş meydanında ucaldılan abidəni ziyarət etmiş, ora İMC adından çələng qoymuş, gül-çiçək düzmüşlər.

Quba RİH-in rəhbərliyi tərəfindən qəbul olunan İMC təmsilçiəri görüş zamanı vurğulayıblar ki, təşkilat bir qayda olaraq özünün bu sayaq tədbirlərində iranlı mühacirlərə qayğı ənənələri ilə seçilən rayonların icra hakimiyyəti başçılarını qurumun fəxri diplomu ilə mükafatlandırır. Quba onların ön çərgəsində olduğu üçün RİH başçısı Ziyəddin Əliyev də belə diploma layiq görülüb. 

Tədbirdə bu barədə "dəyirmi masa” iştirakçılarına məlumat verilib. 

Tədbiri Azərbaycanın əməkdar jurnalsiti Rəhim Hüseynzadə açıb. O bildirib ki, bu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində düzənlənməsi nəzərdə tutulan 4 "dəyirmi masa”dan birincisidir. Növbəti görüşlər Qazax, Tərtər və Bakıda olacaq. 

R. Hüseynzadə bu ilin iyul-noyabr aylarını əhatə edən layihənin mahiyyətindən danışarkən deyib: "Müasir dünyamızın qarşısında ən kəskin problemlər sırasında mühacirət mövzusu xüsusi seçilir. Bu konteksdə ölkəmizə qarşı əsassız iddialar, böhtanlar baş alıb gedir. Məqsədimiz belə layihələrlə mühacirətin dünyəvi Azərbaycan modeli kimi özünü təsdiqləmiş İranlı Mühacirlər Cəmiyyətinin nümunəsində onların tutarlı cavablarını verməkdir”. 

Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Aynur Yəhyayeva aktuallığına, əhəmiyyətinə görə layihəni yüksək dəyərləndirib. O əlavə edib ki, zala əsasən müxtəlif nəsillərin təmsilçiləri olan iranlı mühacirlər və övladları toplaşıb. Bu insanlar müsbət cəhətləri ilə təkcə kompakt yaşadıqları Zərdabi qəsəbəsində tanınmır. Buna görə  də onların rayonda qayğı və problemlərinin həllinə daim həssas yanaşılır. 

İMC sədri, ehiyatda olan polkovnik Firidun İbrahimi başçılıq etdiyi qurumun yaranma tarixi, inkişaf mərhələləri barədə ətraflı məlumat verib: "Bizlər əsasən 1945-ci ildə Təbrizdə Milli Hökumət quran "21 Azər” Hərəkatı iştirakçılarının övladlarıyıq. Az da olsa sıralarımızda yaşlı nəslin nümayəndələri, həmin hadisələrin şahidləri var. Yolumuz isə davam edir. Azərbaycan dövləti həmişə bizim təhsil almağımızı, evlə, işlə təminatımızı, sağlamlığımızın qorunmasını, digər insani hüquqlarımızı diqqətdə saxlayır. Ümummilli Liderimizdən cəmiyyətimizə yadigar qalan üzmərtəbəli ofisdə rahat işləyib, fəaliyyət göstəririk. Gəlişimizn bir məqsədi də rayon komitələrimizin məhz Ulu Öndərimiz dövründəki aktivliyini onların yerli təşkilatların fəal köməkçiləri olmalarını yenidən bərpa etməsidir”. 

Lahiyənin ekspertləri Pərviz Kazıminin (Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru) məruzəsində Azərbaycan Respunlikasına olan mühacirətlərin bütün mərhələləri ətraflı təhlil olunub. Seymur Verdizadə (Jurnalist Araşdırmaları Mərkəzinin sədri) isə iranlı mühacirlərin Azərbaycanın ərazi bütövlüyünün qorunması zamanı göstərdikləri şücaətlərdən söhbət açıb. Murtuza Nizamoğlu (İMC İdarə Heyətinin üzvü) mənsub olduğu ötən əsrin 80-cı illərinin mühacirlərinə göstərilmiş qayğı nümunələrini dilə gətirib. 

İranlı Mühacirlər Ədəbi Birliyinin sədri, Dədə Qorqud Beynəlxalq mükafatı laureatı şair Tariyel Ümidin şeirləri iştirakçılarda xoş duyğular yaradıb. Elmi –Tədqiqat Meyvəçilik və Çayçılıq İnstitutunun şöbə müdiri Babakişi Quliyev belə orjinal tədbirlərə ictimaiyyətin ehtiyacı olduğu barədə danışıb. 

Sonda bir qrup iranlı mühacir və onların övladları İMC-nin diplomları ilə mükafatlandırılıb. Zərdabi Qəsəbə Folklor Evinin direktoru Çingiz Məmmədova isə eyni zamanda İranlı Mühacirlər Cəmiyyəti Quba regional təşkilatının sədri vəsiqəsi təqdim edilib.   

Demokratik.Az


Oxşar xəbərlər