Rauf Zeyni: “Mehmanla bağlı problem ötən ildə qalıb”

  • 11 yan 2019, 11:09

"Mehman dedi ki, aclıq aksiyasını dekabr ayının 26-28-də keçirib, sonra dayandırıb”

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni  hazırda həbsdə olan Mehman Hüseynovla keçirdikləri görüşün təfərrüatları barədə danışıb.

"Yeni Müsavat”a açıqlamasında R.Zeyni bildirdi ki,  M.Hüseynovun qaldığı kameraya da baş çəkiblər:"Biz ora gedəndə Mehman özü kamerada yox idi. Dedilər ki, Qırmızı Xaç Komitəsindən nümayəndələr gəlib və Mehman onlarla görüşür. Biz də həmin vaxt istintaqda olan iki nəfərlə söhbət etdik. Mehmanla dəhlizdə qarşılaşdıq. Söhbət etmək ehtiyacı olduğunu dedik. O da ”Böyük məmnuniyyətlə sizinlə görüşərəm" dedi. Onunla bir saatdan çox söhbətimiz oldu. Hüquq müdafiəçiləri və biz görüşdük. Telefonlarımız alındı. Ondan soruşduq ki, şəkil çəkdirib paylaşmağımıza problem yoxdur? Dedi ki, problem yoxdur. Mehman dedi ki, aclıq aksiyasını dekabr ayının 26-28-də keçirib. Ondan sonra aclığı dayandırıb və süd, süd məhsulları qəbul etməyə başlayıb. Ondan sonra yayılan məlumatların hamısı dəqiqləşdirilməmiş məlumatlardır. Halbuki yenə də mətbuatda  məlumat yayılmışdı ki, hələ də Mehman aclığı dayandırmayıb.  Ona görə də mətbuat vasitəsilə çatdırmaq istəyirik ki, Mehmanla bağlı problem ötən ildə qalıb".

R.Zeyni dedi ki, M.Hüseynovun narahatlığı və narazılığı ona qarşı irəli sürülən ittihamla bağlıdır. Müsahibimizin sözlərinə görə, blogger "Mənim yalnız hüquqlarım qorunsun” deyib. Komitə üzvləri dövlət başçısına M.Hüseynovla bağlı müraciət ediblər. R.Zeyni ümid edir ki, müraciətə müsbət cavab veriləcək və M.Hüseynov cəza müddəti bitəndən sonra azadlığına qovuşacaq. 

"Sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, deputat Araz Əlizadənin həbsdə olan blogger Mehman Hüseynovu təhqir edərək, onun ünvanına ”Yaxşı ki, anasını da soyundurub fotosunu çəkməyib" ifadəsini işlətdiyi iddia edilir. Əgər bu belədirsə, həmin deputat, deputatlar üçün qanunla müəyyən edilmiş etik davranış qaydasını pozub".

Modern.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının üzvü Elçin Abdullayev deyib.

Vəkil qeyd edib ki, Azərbaycan qanunvericiliyi təhqiri qadağan edir. Vəkil bildirib ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 17-ci maddəsinə əsasən, deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir:

"Konstitusiyada deputatın mandatdan məhrum edilməsinin əsasları nəzərdə tutulub. Etik davranış qaydalarının kobud pozulması da həmin əsaslar sırasında yer alıb. Belə ki, konstitusiyanın 79-cu maddəsinin 7-ci hissəsinə əsasən, deputat qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda - mandatından məhrum edilə bilər. Vətəndaşın vəfat etmiş anası haqqında təhqiredici ifadələrə yol vermək etika qaydaların kifayət qədər ciddi polulması kimi qiymətləndirilə bilər.

Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır".

Fransa Xarici İşlər Nazirliyi blogger Mehman Hüseynovu müdafiə etdikdən sonra Azərbaycan XİN-in tənqidi ilə üzləşib. "Trend” agentliyinə bu barədə danışan Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bəyan edib ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin.

L.Abdullayeva qeyd edib ki, Fransa tərəfinin hazırda ölkəni "sarı jiletli”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir: "Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar”.

Onun sözlərinə görə, ümumiyyətlə, Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər: "Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür”.

Oxşar xəbərlər