Azərbaycanda MİS-lər ləğv olunur: əvəzi olacaqmı?

  • 24 dek 2018, 08:26

İqtisadçı: "MİS-lərin ləğvi ilə bağlı qərarın zamanı çoxdan yetişmişdi...”

Ölkə prezidentinin 30 noyabr tarixində "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək.

Mənzil Məcəlləsinin 141-maddəsinin 1-ci bəndinə görə isə çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Yəni artıq əhali arasında JEK-lər kimi tanınan Mənzil İstismar Sahələri özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərindən mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı tələb edə bilməyəcəklər. Çünki artıq bu xidmətlər müqavilə əsasında müəyyənləşəcək.

"Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əslində öncədən bu məsələ ilə bağlı hazırlıqları görülsəydi, MİS-lərin ləğvi ilə bağlı qərarın zamanı hələ uzun müddət öncədən yetişmişdi: "Çünki MİS-lər Sovet idarəçiliyi dövründən qalmışdı və ləğv edilməli idi. Sadəcə, olaraq problem odur ki, bazarda bunun əvəzedici oyunçuları hələ hazırlanmayıb. Bu baxımdan mövcud durum xaotik vəziyyətə də səbəb ola bilər. İnsanların ən azından bu işə marağı yaradılmalı və onlar məsələdən məlumatlı olmalı idilər. Hazırda çox güman ki, ölkə əhalisinin böyük bir qisminin bu qərardan xəbəri yoxdur və yeni ildən hansı formada fəaliyyət göstərəcəklərindən, işlərin təşkilindən anlayışları yoxdur. Bu da məlumatsızlıqdan doğan bir haldır. Hesab edirəm ki, bu addımın atılması üçün kifayət qədər zaman da var idi. İllər öncə bununla bağlı qərar verilmişdi, sadəcə olaraq qərarın yerinə yetirilməsi mexanizmi yox idi. İndi isə bu mexanizmlər üçün əsas yaranıb. Əgər bu sahədə rəqabətli mühit yaranacaqsa, insanlar könüllü şəkildə yaradılacaq olan şirkətlərlə müqavilə bağlayıb, binaların idarə edilməsini həmin şirkətlərə tapşıracaqlarsa bu, gələcəkdə qeyd edilən sahədə olan problemlərin azalmasına səbəb olacaq. Çünki özəl sektor bu sahəyə cəlb edilərsə, vətəndaşlarla özəl sektor arasındakı münasibətlər də fərqli qurular. MİS-ləri indiki zamanda nə məhkəməyə vermək olurdu, nə də hansısa xidmət tələb etmək mümkün idi. Lakin özəl sektorla bu, belə olmayacaq. Müəyyən problemlər yaranarsa, vətəndaşların məhkəməyə müraciət edib, bu şirkətlərdən kompensasiya almaq hüququ yaranacaq. Bu baxımdan təbii ki, qərarın qəbul edilməsi yaxşıdır. Ancaq bunun tətbiqində qeyd etdiyimiz problemlər ortaya çıxacaq. Vətəndaş görsə ki, hansı şirkət daha keyfiyyətli və ucuz xidmət göstərir o zaman  binaların bir çoxu həmin şirkətlərlə müqavilə bağlamaqda maraqlı olacaqlar. Yox, əgər bu formallığa çevriləcəksə, onda çətin olacaq. Bu model Rusiyada 6-7 ildir tətbiq olunub. Həmin modelin Azərbaycanda tətbiqindən söhbət gedir. Yəni MİS-lər ləğv olunur, onun əvəzinə sakinlərə xidmət göstərəcək şirkətlər qurulacaq və şirkətlər müqavilə əsasında çoxmənzilli binalarda sakinlərə xidmət göstərəcəklər”. 

Ekspertə görə, əvvəllər MİS-lərdən alınan arayışların bundan sonra elektron formada verilməsi gözlənilir: "ASAN Xidmət”də də bununla  bağlı xidmət növləri var. Çox güman ki, arayışların alınması tamamilə bu xidmətə veriləcək. Elektron qaydada arayışların alınması məsələsi də gündəmə gələcək. Sadəcə olaraq burada da ciddi problem yarana bilər. Bakıda və ətrafda on minlərlə evlərin qeydiyyatı yoxdur. Qeydiyyatın olmaması, bu evlərin çıxarışsız olması onları elektron formaya keçirməkdə problemlərə gətirib çıxara bilər. Bundan başqa, bir neçə sual da meydana çıxır ki, əgər çoxmənzilli binalarda liftlərin təmirinə sakinlərin müqavilə bağladığı şirkətlər baxacaqlarsa və yaxud sakinlər özləri qurum yaradıb, bu işlə məşğul olacaqlarsa, on zaman Lift idarəsi hansı işələ məşğul olacaq? Belə şirkətlər demək olar ki, Azərbaycanda yoxdur. İndi yenidən belə şirkətlərin qurulması və yaxud sakinlərin özlərinin iclas keçirib, bir qurum, idarə heyəti yaratması üçün zamana ehtiyacı var.

Oxşar xəbərlər