Qanun üstündür, yoxsa Nazirlər Kabinetinin qərarı?

  • 28 may 2016, 11:48
"Vergi Məcəlləsinin 164.2-ci maddəsinin ləğv edilməsi ilə 2016-cı ilin yanvarından ölkəyə idxal edilən qəzet kağızına əlavə dəyər vergisi (ƏDV) tətbiq olunub. Amma hazırda idxal olunan qəzet kağızları, qəzet və jurnallar Vergi Məcəlləsinin 164.1 və onun alt maddəsi olan 164.1.7 ilə ƏDV-dən azaddır. Media və yayım təşkilatlarının rəhbərləri olaraq məsələyə aydınlıq gətirilməsi-qanuna şərhin verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etdik". 

Bunu "Bizim Yol"a açıqlamasında "Qaya Mətbuat Yayımı" MMC-nin direktoru Xanhüseyn Əliyev bildirib. 

"20.10.2015-ci il tarixində qanuna edilən dəyişikliklər nəticəsində Vergi Məcəlləsinin 164.2 maddəsi ləğv edildi. Bu maddə ləğv olunmamışdan öncə, 2005-ci ilə qədər idxal olunan qəzet kağızları, qəzet və jurnallar Vergi Məcəlləsinin 164.1 və 164.1.7 maddələri ilə Əlavə Dəyər Vergisindən azad idi. Həmin il idxal olunan qəzet kağızlarının ƏDV-dən azad olunması Nazirlər Kabinetinin 2005-ci il tarixli 11 saylı qərarında da öz əksini tapdı.  Bu bir səhv idi. Vergi Məcəlləsi qüvvədə ola-ola Nazirlər Kabinetinin 11 saylı qərarına ehtiyac yox idi. Vergi Məcəlləsinin 164.2-ci maddəsinin ləğvi ilə 11 saylı qərarın da qüvvədən düşdüyü və bununla da ölkəyə idxal olunan qəzet kağızına ƏDV-in tətbiq olunduğu bildirildi. 

Lakin Vergi Məcəlləsinin 164.1-ci maddəsi ("idxalın aşağıdakı növlərindən ƏDV tutulmur") və onun alt maddəsi olan 164.1.7-ci maddə ("kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla") göstərir ki, qəzet kağızlarına ƏDV tətbiq olunmamalıdır. Odur ki, Konstitusiya Məhkəməsinə müraciət edərək qanunun bu maddəsinin şərh edilməsini istəmişik".

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli "Bizim Yol"a bildirib ki, qəzet kağızlarının ƏDV-dən azad olunması arzuolunandır: "Bir çox ölkələrdə çap mediasına dəstək üçün bu addım atılıb. Yəni mətbuata vergi güzəştləri tətbiq olunur. Qanun qərardan üstün olduğu üçün qanun əsas götürülməlidir. Əgər qərar üstün tutulacaqsa, bu o deməkdir ki, Nazirlər Kabineti qərarını tez-tez dəyişə bilər. Bu isə iş adamlarının, media orqanlarının gələcəyini planlaşdırması üçün yaxşı hal deyil".  

Məsələyə Dövlət Gömrük Komitəsi münasibət bildirib. Qurumun rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki,  "Vergi Məcəlləsinin 164.2-ci maddəsinin tətbiqi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" 31.01.2005-ci il tarixli 11 nömrəli qərarına (əlavə və dəyişikliklərlə) əsasən Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının (XİFMN) 4801000000 mal mövqeyində sinifləşdirilən qəzet kağızının idxalı ƏDV-nin tətbiqindən 01 yanvar 2016-cı il tarixinədək olan müddətə azad edilib: ""Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 20.10.2015-ci il tarixli 1384-IVQD nömrəli Qanununun 1.18.3-cü maddəsi ilə Vergi Məcəlləsinin 164.2-ci maddəsi ləğv edilmiş və 01 yanvar 2016-cı il tarixindən etibarən Nazirlər Kabinetinin 31.01.2005-ci il tarixli 11 nömrəli qərarı hüquqi qüvvəsini itirərək XİFMN-in 4801000000 mal mövqeyində sinifləşdirilən qəzet kağızı ƏDV-yə cəlb olunur.

Vergi Məcəlləsinin 164.1-ci maddəsində göstərilir ki, "Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur". 

Göründüyü kimi, Məcəllənin 164.1-ci maddəsində ixrac olunan mallar bütövlükdə ƏDV-dən azad olunmaqla, yalnız idxal deyil, həmçinin malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin ƏDV tutulmayan növləri sadalanıb.

Məcəllənin 164.1.7-ci maddəsində isə müəyyən edilib ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələrdən ƏDV tutulmur.
Yuxarıda qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi kütləvi informasiya vasitələri məhsullarının idxalını əhatə etmir, yalnız belə məhsulların satışı üzrə dövriyyələrin ƏDV-dən azad olunması müəyyən edilir.

Bu baxımdan hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq idxal olunan qəzet kağızına 18 faiz həcmində ƏDV tətbiq olunur.

Vergi Məcəlləsinin şərhi ilə məşğul olan bəzi "ekspertlərin" məqalədə qeyd etdikləri məntiqlə yanaşılarsa, 27 yarımbənddən ibarət olan Vergi Məcəlləsinin 164.1-ci maddəsinin bütün yarımbəndləri idxal əməliyyatlarını əhatə etməlidir. Qeyd olunan ekspert şərhləri yanlışdır. Və mövcud qanunlara dair şərhləri yalnız həmin normativ hüquqi aktı qəbul etmiş normayaratma orqanı və ya Konstitusiya Məhkəməsi verə bilər.

"Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir".

Qüvvədə olan sahə qanunvericilik aktları müzakirə predmeti ola bilməz, yalnız icra olunmalıdır. Bu baxımdan kütləvi informasiya vasitələrinə "ekspertlər" tərəfindən "qəzet kağızlarının idxalı zamanı ƏDV tətbiq olunmamalıdır" kimi verilən əsassız şərhlər heç bir məntiqə sığmır. Cəmiyyətdə bu barədə yanlışlıq yaratmağa çalışırlar. Bu isə qəbul edilməzdir.

Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarına aid mal və nəqliyyat vasitələrinə mövcud qanunvericilikdə nəzərdə tutulan qaydada vergi və rüsumlarının tətbiqini həyata keçirməklə, ölkənin milli iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət göstərir".

Ramid İBRAHİMOV
Oxşar xəbərlər