Bankların məhkəməyə üz tutmaq hüququ əlindən alınır?

  • 31 mart 2017, 08:52
Maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası - MBNP) tərəfindən banka müvəqqəti inzibatçı təyin olunması, bankın lisenziyasının ləğvi çərçivəsində qəbul olunan qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməz. Bununla bağlı İnzibati Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanının həmin qərarların qanunvericiliyə uyğun olmaması barədə iddia məhkəmədə sübuta yetirildikdə həmin iddia zərərçəkən şəxslərə maliyyə kompensasiyasının ödənilməsi tələbi formasında təmin oluna bilər.

Məcəlləyə bakların maliyyə bazarlarına nəzarət orqanına qarşı iddiaları və maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə dair işlər üzrə icraata dair fəsil əlavə edilib. Layihəyə əsasən ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması, rezolyusiyası, ləğvi və iflası, eləcə də banka qarşı tətbiq edilən təsir, təshih və sanksiyalar ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələr apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

Əkrəm Həsənov: «Dəyişikliklər Konstitusiyaya ziddir»

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirir ki, sözügedən dəyişikliklər hüquqa ziddir. "Konstitusiyaya görə, hər bir şəxsin hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Təbii ki, hansısa qurumun qərarından məhkəməyə müraciət edilirsə, məhkəmə o qərarı ləğv edə bilər. Məhkəmənin hətta prezidentin qərarlarını da ləğv etmək hüququ var. Halbuki president ölkənin ən yüksək vəzifəli şəxsidir. Eyni zamanda, Konstitusiyanın bir hissəsi hesab edilən "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda da yazılıb ki, istənilən qanunda sui-istifadə hallarına yol verilməməlidir. Yıni sui-istifadəyə şərait yaradan hüquq normaları olmamalıdır. Həmin hüquq normaları da hansısa dövlət qurumuna geniş diskresion səlahiyyətin verilməsidir (Diskresion səlahiyyətlər - qanunla dövlət orqanına və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini öz mülahizəsinə uyğun olaraq seçmək hüququnun verilməsidir - R.V). MVNP də məhz belə qurumlardan biridir. Yəni hər hansı məsələyə baxanda vəziyyətə, şəraitə, bank baxaraq qərar verir. Məsələn, elə banklar var ki, kapital qaydalarını illərlə pozduğu halda onu bağlamır, digərini isə bu səbəblə bağlayır. Əlbəttə ki, MMNP-nin belə səlahiyyəti olmalıdır. Amma bununla yanaşı, bankların təsisçilərinin də həmin qərardan məhkəməyə şikayət etmək səlahiyyəti olmalıdır. Əks halda MBNP-nin səlaihiyyətindən sui-istifadə edəcəyi mütləqdir. Elə bir şey yoxdur ki, onun qərarını ləğv etmək mükün deyilsə, bundan sui-istifadə etməsin”.

Əkrəm Həsənov əlavə edir ki, MNP-nin qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə birbaşa apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılacağı ilə bağlı dəyişiklik də hüquqi ziddiyyət yaradır. "Bu tamamilə gülməlidir. Məhkəmə sistemimizdə birinci instansiya məhkəməsi var. Əvvəlcə, birinci instansiyada baxılmalıdır, sonra apellyasiya mərhələsində. Bu baxımdan, təklif edilən dəyişiklik Konstitusiyaya ziddir və ümid edirəm ki, Milli Məclis bu cür qanunu qəbul etməyəcək”.

Bank  öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq

Bank sahəsi ilə bağlı Mülki Prosessual Məcəlləyəyə dəyişikliklər də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin iclasında müzakir edilib. Dəyişikliyə əsasən, Azərbaycanda bankın öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq. Layihədə qeyd edilir ki, bank öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizə ilə  məhkəməyə müraciət edə biləcək. Ərizəyə məhkəməyə təqdim olunandan sonra 10 təqvim günü ərzində baxılacaq və qərar qəbul ediləcək.

Komitənin iclasında çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib ki, könüllü restrukturizasiya dünyada tətbiq olunan bir prosedurdur:  "Bizim təklif etdiyimiz qanun layihəsi paketində könüllü restrukturizasiya önəmli bir yer tutur. Bu, ödəmə qabiliyyətini itirmiş, problemlərlə üzləşmiş banklar üçün çıxış yollarından biridir. Bankın səhmdarları belə hallarda kreditorlara müraciət edə və onlarla danışıqlar apara bilər. Məsələn, hər hansı kreditor sabah bankdan 100 manat almalıdırsa, deyə bilər ki, o həmin pulu sabah yox, 5 il sonra ala bilər. Yaxud kreditorlar bankın səhmlərinin bir hissəsinə sahib ola bilər. Könüllü restrukturizasiya zamanı bankın sağlamlaşdırılması ilə bağlı restrukturizasiya planı təqdim edilməlidir. Bu təcrübə 2008-2009-cu illərdə, qlobal maliyyə böhranı dövründə tətbiq olunub”.

MBNP "körpü banklar" yarada biləcək

MPM-ə edilən digər bir dəyişiklik isə Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) "körpü banklar" yaratmaq səlahiyyətinin verilməsini nəzərdə tutur. MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, maliyyə bazarlarına nəzarət orqanı problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərini həll etməlidir: "Bunun biri neçə yolu var. Banka aidiyyatı olan şəxsləri, yəni səhmdarların, bankın idarə edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin bankdakı depozitlərini icbari qaydada onun səhmlərinə keçirmək, bankın səhmlərinin bir qismini çıxarıb satmaqla bazardan vəsaitlər cəlb etmək, bankın aktiv öhdəliklərinin birlikdə, yaxud ayrı-ayrılıqda çıxarılıb satılması ilə problemlərin həll edilməsi bura daxildir. Yaxud bankın müəyyən kapital kəsri var, bunu müəyyən sağlam bir banka satmaqla artıq yeni sağlam bir maliyyə təchizatı formalaşdırmaq olar. Yəqin ki, gələcəkdə dünyada maliyyəçilər başqa yollar da tapa biləcəklər. Bizim təklif etdiyimiz qətnamə "körpü bank"ın yaradılmasıdır. Körpü bank nədir? Yeni bank yaradılmır, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradır. Bankın sağlam aktiv və öhdəlikləri bu "körpü bank"a keçirilir. Bu bank müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılır. Tənzimləyicilərdə potensial bank investorlarının siyahısı olur. Onlar bilirlər ki, hansı ödəmə qabiliyyəti olan qurumlar bank almaq istəyirlər. Məsələn, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatı var ki, tək Azərbaycanda yox, hətta Gürcüstanda və Rusiyada kimlər bank almaq istəyirlər və biz belə hal ilə üzləşsək, həmin bankları kimlərə təklif edə bilərik. "Körpü bankı"nın yaradılması məhz bu məqsədə xidmət edir. Nəzərinizə çatdırım ki, hazırda qanunvericiliyə əsasən bankların yaradılması 8-10 ay müddət tələb edir. "Körpü bank"lar isə tənzimləyicinin qərarı ilə yaradılacaq" - deyə R.Aslanlı bildirib.

Qeyd edək ki, hər iki məcəlləyə dəyişiklik layihəsi Milli Məclisin plenar iclasna tövsiyə edilib. 

"Belə qanun layihələri banka etimadı artırmaq əvəzinə əksinə azaldacaq”

Ekspert Əkrəm Həsənov bildirir ki, sözügedən layihələrdə konkret nələrin dəyişəcəyini dəqiq bilmək və müzakirə etmək üçün həmin layihələrin dərc edilməsi lazımdır. "Mən də mətbuat vasitəsilə yayılan qədər informasiyaya malikəm. Bütövlükdə götürəndə bankların sağlamlaşdırılması ilə bağlı "Banklar haqqında” Qanuna və sözügedən məcəllələrə həmin dəyişikliklərin edilməsi lazımdır. Amma baxmaq lazımdır ki, bu, hansı şəkildə edilir. Qeyd edilir ki, İPM və MPM-ə edilən dəyişikliklərdə "Banklar haqqında” Qanuna ediləcək dəyişikliklərin əsasıdır. Halbuki əvvəlcə "Banklar haqqında” Qanuna dəyişiklik etmək lazım idi. Yaxud da ən azından qanuna və məcəllələlrə edilən dəyişiklilər birlikdə olmalıdır. Çünki məcəlləyə ediləcək dəyişikliyin mahiyyəti "Banklar haqqında” Qanunda əks edilməlidir. Dünən yayılan məlumatlara əsasən məndə belə bir rəy yarandı ki, həmin qanun layihələri hələ kifayət qədər işlənməlidir”.

Onun fikrincə, qanun layihələrində bağlanacaq bank sahiblərinin və kreditorlarının hüquqlarının necə qorunacağı sual altınadadır. "Mən eşitdim ki, layiyə əsasən, belə halda bankın kreditorları bankı məhkəməyə versə və iddinaın təminetmə üsulu kimi həbs qoyma və s. tələb etsələr, məhkəmə təmin etməyəcək. Bu da o deməkdir ki, bankın kreditorları əvvəlcədən əlverişsiz bir vəziyyətə düşürlər. Buna görə də, belə qanun layihələri banka etimadı artırmaq əvəzinə əksinə azaldacaq” - deyə Ə.Həsənov bildirir. 
Oxşar xəbərlər