İsmayıllının alim icra başçısı hansı nazirlərin "adamı" olub?

  • 13 fev 2018, 11:21

İsmayıllının qocaman rəhbəri, ölkənin yeganə alim icra başçısı Mirdamət Sadıqov da sabiq Vergilər naziri Fazil Məmmədovun "vurulmasından” sonra səksəkəyə düşüb. Kişi gecələri rahat uyuya bilmir, gələcək aqibətini yuxusunda görür. Səbəbini isə hamı bilməlidir. O da hamilərini itirən Binəqədi RİH başçısı Xaləddin İsgəndərov, Şəmkir RİH başçısı Alimpaşa Məmmədov, Gədəbəy İHB başçısı Ramiz Yediyarov kimi sabiq nazirin çörəyini yeyən olub. Elə cəsarət tapsa, Mirdamət müəllim özü də etiraf edər ki, Fazil Məmmədovun dəstəyilə qazandığı çörək İsmayıllıda da bərəkətini itirməyib. Mirdamət Sadıqov son kreslosunda da var-dövlət toplamağa müvəffəq olub".

 

Bu günlərdə (ötən ilin dekabrında-red) "Demokratik.Az"-a bu barədə danışan, icra başçısının vaxtilə Gəncədəki ən yaxın dostu olmuş şəxs icra başçısını daha sonra belə xatırlayır. "Etiraf etməliyəm ki, biz iki ziyalı dost olmuşuq. Mirdamət müəllim Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rektor olanda onun hər işinə dəstək olan, səmimiyyətinə inanıb onunla dostluq edən biri də mən idim. Amma icra başçısı təyin olunan kimi bu adam tamam dəyişdi, necə deyərlər, köhnə dəftərləri unutdu. Ölkədəki son olayları mən də diqqətlə izləyirəm. Möhtərəm prezidentimiz harınlamış daha bir naziri işdən atanda çox sevindim. İndi köhnə nazirdən çox xəbər yayılır. Adamları kimdi, özü kimdi, nə qədər talayıb və bu kimi xəbərlər. Amma maraqlıdır, cənab Sadıqovun Fazil Məmmədovun adamı olduğunu çoxları bilir, mətbuat isə nədənsə bu barədə geniş yazmır, yəqin az bilgilisiniz. Mən dəqiq bilirəm ki, onlar köhnədən dost olublar. Yoxsa, Mirdamət müəllimə vergidə elə-belə vəzifələr verilməyib ki.! Alim dostumuz sonrakı karyera yüksəlişlərini də məhz ona borclu birisidir. Bircə faktı deyim ki, ADAU rektoru təyin olunub Gəncəyə gələndə 6 aylıq kirayəpulunu da sabiq nazirin qardaşı Fərhad ödəmişdi. Rektor olanda bahalı kirayədə yaşayırdı. Amma, nədənsə, alim icra başçısı diplomatik ustalıqla Fazil Məmmədovun ən inamlı kadrı olduğunu illərlə pərdələyə bilib".

"Demokratik.Az"-a bu kimi faktlar sadalayan həmsöhbətimiz başqa ilging iddia da səsləndirib. Mənbəmiz israrla bildirib ki, Mirdamət Sadıqovun ən yaxın nazir dostlarından biri də sabiq MTN şefi Eldar Mahmudov olub. Aldığımız və hələlik araşdırdığımız əlavə məlumatlar əsasında deyə bilərik ki, Sadıqov-Mahmudov dostluğu birincinin Gəncədə rektorluğu dönəminə təsadüf edib. Necə dostlaşmalarına gəlincə, bu barədə ADAU-da "qızıl" dedi-qoduları dolaşır və bu barədə də araşdırıb ayrıca yazmağa çalışacağıq.

Tərəflərin gerçəkdən sıx yaxınlıqları, dostluqları olub.


 

Təsadüfi deyildi ki, sabiq rektor xüsusi canfəşanlıqla MTN nazirinin akademik atası Əhməd Mahmudovun adına xüsusi otaq - iqtisadiyyat fakültəsində 215 nömrəli ixtisaslaşmış auditoriya da yaratmışdı. Barelyefini qoydurmuşdu və hər il təmtəraqla yubileyini təşkil etmişdi. Bunlar azmış kimi, özündən sonrakı rektor İbrahim Cəfərovu da telefon zəngləri ilə ənənəvi sayqıya təhrik etmişdi. Hətta Əhməd Mahmudovun şərəfinə universitetdə təşkil olunmuş sonuncu anım tədbiri 2015-ci ilin 25 mayında "Əhməd Mahmudov və Azərbaycan Aqrar Elmi" adı altında baş tutmuşdu. Lakin məlum olaylardan sonra akademikin barelyefi götürülmüş, adına olan həmin auditoriya rektor İbrahim Cəfərovun göstərişi ilə ləğv edilmişdi. Onu da bildirək ki, akademik Mahmudov Mirdamət Sadıqovun həm də müəllimi olub.

 

"Demokratik.Az" səslənən iddialarla (faktlarla-red) əlaqədar İsmayıllı icra başçısı Mirdamət Sadıqovun da şəxsi mövqeyini öyrənə bilib. Saytımızın sorğusuna cavab olaraq İsmayıllı icra hakimiyyəti adından rəsmi cavab almışıq. Cavab özlüyündə mücərrəd mənalar ifadə etsə də dərci qarşı tərəfin doğal haqqıdır. İcra başçısı saytımızla telefon əlaqəsi də yaradaraq sadalanan faktların yalan olduğunu, bu kimi xəbərlərin özünə qarşı qərəzli şəkildə hansısa tanımadığımız Nazim adlı şəxs tərəfindən yayıldığını bildirib. Qarşı tərəf onu da bildirib ki, rektor olanda Mahmudovun şərəfinə keçirdiyi tədbirlərdə qeyri-adi bir şey axtarmaq yersizdir və həmən tədbirlər MEA-nın təşkilatçılığı ilə əvvəlcə BDU-da, sonra isə digər təhsil ocaqlarında da keçirilib. 

Mirdamət Sadıqovun mövqeyini ifadə edən və icra hakimiyyətindən aldığımız cavab mətnini olduğu kimi oxucunun diqqətinizə çatdırırıq: "

Demoktatik.az saytının baş redaktoru

Rzayev Osman Nəriman oğluna


Hörmətli Osman müəllim!

Sizin İsmayıllı Rayon İcra Hakimiyyətinin elektron poçt ünvanına göndərdiyiniz məlumatla tanış olduq. Yazını dərc etməzdən əvvəl bizim mövqeyimizi öyrəndiyiniz üçün təşəkkür edirik.

Yazıda qeyd olunanlar həqiqəti əks etdirmir. Mirdaməd Sadıqov professordur, alimdir, müəllimdir onun yüzlərlə tələbəsi olub onlarında əksəriyyəti yüksək vəzifələrdə işləyə bilər. Mirdaməd müəllim adı çəkilən səxslərdən yaş etibarı ilə böyükdür, onlardan əvvəl yüksək vəzifələrdə işləyib. Mirdaməd müəllimi İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə də cənab Prezident İlham Əliyev təyin edib. Odur ki, Mirdaməd Sadıqov yalnız cənab Prezidentə tabe olan müstəqil şəxsdir.


İsmayıllı Rayon İcra Hakimiyyətinin

 

İnformasiya təminatı və təhlil sektoru

 
Yazı saytımızda ötən ilin dekabrında da dərc edilib.
"Demokratik.Az"
 
Oxşar xəbərlər