Gəncə Tibb Kollecində nə baş verir?!

  • 22 iyun 2017, 15:21

Zaman keçdikcə yazarlar hazırladıqları materiallara yenidən nəzər salır, bir çox  fikirlərə yeni nəzər nöqtəsindən baxmalı olurlar. Bu, çox vaxt insanda müxtəlif suallar doğurur. Doğrudanmı, alınan bəzi cavablarda  çox şey bu qədər qəliz, bu qədər müəmmalı olmuşdur? Bəlkə, biz müsahibimizin dediklərini düzgün anlamamışıq?

   Bu gün Gəncə Tibb Kollecində gedən dəyişikliklər əslində təqdirə layiq olsa da bir zamanlar elə həmin kollecdən aldığımız məlumatların doğruluğunu kölgə altına alır. Suallar ortaya çıxır, bir çox faktlarla bağlı müəyyən şübhələr yaranır. Bəzi işlərdə məhz nəyin həqiqət, nəyinsə qeyri-həqiqət olduğunu anlamaqda çətinlik çəkirik. Bir çox hallarda isə həqiqəti anlamağa heç hazır olmuruq... Bəlkə,  elə belə yaxşıdır? Əsl həqiqəti bilmək sizcə nəyimizə gərəkdir ki?!.

Bir müsahibənin izi ilə... , yaxud

Niyazi Ibrahimov mətbuata ləri düz deməyib?...

"2004-cü ildən başlayaraq Azərbaycan Səhiyyə Sisteminin müasir standartlar səviyyəsində qurulması istiqamətində ciddi addımlar atılmışdır. Bu tədbirlər içərisində tibb müəssisələrinin maddi-texniki bazasının yenidən qurulması, modern səhiyyə ocaqlarının yaradılması, kadr potensialının gücləndirilməsi xüsusi önəm daşıyır.

            Ölkəmizdə  son illər dünya standartlarının tələblərinə cavab verən modern tipli klinikalar yaradılmış, həmin müəssisələr ən yeni avadanlıqlar və cihazlarla təchiz edilmişdir. Ölkəmizdə tibb təhsilinin bu günkü vəziyyəti, inkişaf istiqamətləri və qarşıda duran hədəflər kadr kontingentinin daxili strukturunda orta tibb işçilərinin yeri və rolunun yüksək qiymətləndirilməsini də ön plana çəkir.

            Bu həm də onunla bağlıdır ki, yüksək ixtisaslı tibbi potensialdan fərqli olaraq, orta tibb işçiləri yalnız ölkəmizdə hazırlanır. Bu səbəbdən Respublikamızda fəaliyyət göstərən Tibb Kollecləri orta ixtisaslı tibbi kadrların hazırlanması işində müstəsna rola malikdir. Gəncə Tibb Kolleci də bu təhsil ocaqları arasında xüsusi yer tutur”.

             Bu sətirlər tanınmış cərrah, tibb elmləri doktoru Niyazi İbrahimovdan onun Gəncə Tibb Kollecində direktor işlədiyi dövrdə verdiyi müsahibədən götürülmüşdür. Onu da qeyd etmək yerinə düşərdi ki, Niyazi həkim hamı tərəfindən sevilən həkim və rəhbər işçi olmuşdur. Onun Gəncə Tibb Kollecinin direktoru vəzifəsindən uzaqlaşdırılması hələ də insanlar üçün qaranlıq bir məsələ olaraq qalır.

             Həmin dövrlərdə  mən də bir yazar kimi ondan müsahibə almış, EL TV-nin bu təhsil ocağı barədə çəkdiyi sənədli filmin ssenaristi olmuşam.Kollecdə təlim-tərbiyənin vəziyyəti, tibbi kadrların yetişdirilməsində kollecin oynadığı rol yazılan çoxsaylı məqalələrin mövzusu olmuş, kollecin işinin əsas mənzərəsi bu yazılarda canlandırılmışdır. Bu gün kollecdə rəhbərlik dəyişdirilib.Yenə də kütləvi informasiya vasitələri kollecdə təmir-quruculuq işlərindən danışır. Yəni, keçmiş direktor KİV nümayəndələrinə bu haqda nə deyirdisə, yeni rəhbərlik də sanki, eyni ssenari üzrə hərəkət edir. Belə təqdirdə beynimizdə yeni-yeni suallar yaranır:-Ya Niyazi İbrahimov vaxtında yazarlara səhv məlumat verib, yada ki, bu gün kollecdə aparılan təmir- quruculuq işləri hansısa  bizə məlum olmayan mətləblərə xidmət edir!..

            Bir zamanlar N.İbrahimov verdiyi müsahibələrdə qeyd edirdi:- "Bu günümüzdə də Kollecdə tədrisin səviyyəsi günün tələbləri ilə tam ayaqlaşa bilir.” Bu, rəhbərin başçılıq etdiyi Kollecin işinə verdiyi müsbət qiymətdir. Biz o dövrlərdə də onun sözlərinə inanırdıq, indi də düşünə bilərik ki, bu qiymət o vaxt heç də şişirdilməmişdi. Lakin, hansı səviyyəli işin qiymətləndirilməsidir bu?..  Zaman ötdü, Gəncə Tibb Kollecinin yeni direktoru, bir vaxtlar Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi olmuş, sonra isə tutduğu postdan müəmmalı şəkildə imtina edən, daha sonra "açıq səmada ildırım” effekti kimi xəbərlə Gəncə Tibb Kollecinə direktor təyin olunan Mehman Rzayev işlədiyi qısa vaxt ərzində  N. İbrahimovun bütün mərtəbələrdə yazarlara söylədiyi fikirlərin çoxunun doğru olmadığını ortaya qoydu. Fənn kabinetlərinin təchizinin pis vəziyyətdə, dərs məşğələlərinin elmi-metodik səviyyəsinin isə aşağı olduğunu aşkar etdi, kitabxana və laboratoriyaların vəziyyətinin, üstəlik, müxtəlif avadanlıqlar və əyani vəsaitlərlə təhcizi məsələlərinin əvvəllər heç də tam diqqət mərkəzində saxlanılmadığını bildirdi.Əks təqdirdə kollecdə aparılan bütün bu dəyişikliklər nəyə lazım idi ki?.. Kollecdə köhnə işçilərin çoxu yeniləri ilə əvəz olundu. Qapıçılar belə dəyişdi, sabiq direktorun yaxın "qohum-əqrabaları” öz işindən kənarlaşdırıldı, hətta, yazarları həmişə öz acı dili və kobud rəftarı ilə bezdirən xanım  katibə də yoxa çıxdı. Bir vaxtlar Niyazi İbrahimovun təriflədiyi "təmirli kollec binası” yeni təmirə məruz qaldı. Yəqin ki, qapılar da, istilik sistemi də "dəyişdiriləcək”, deyə düşündük. Çox keçmədi ki, Kəpəz TV-nin (ARB-TV) ötən ilin noyabrında yayımladığı xəbər lenti düşündüklərimizi təsdiqlədi. Eyni zamanda da sabiq direktorun əvvəllər elə bu tele-kanala da söylədiyi "yüksək səviyyədə”... kimi fikirlərini tam faş etdi. Başa düşmək olmur, axı, elə Kəpəz TV-nin də vaxtilə kollec haqqında çəkdiyi sənədli filmdə "hər şey yaxşıdır, hər şey güldür”... deyilirdi.İndi isə, demə, heç nə yaxşı, heç nə gül deyilmiş!.. İstilik sistemi yox imiş, tələbələr soyuqdan donurmuş, tavandan toz yağırmış, sən demə heç qazanxana belə yox imiş. Bəs nə varmış, nə yoxmuş?..

İndi isə diktor bildirir ki,hər şey olacaq! Əgər belədirsə, onda bu, təqdirə layiq işdir!

Azərbaycanda tibb müəssisələrinin artırılması təbii ki, tibbi kadrların yetişdirilməsi ilə bağlıdır. Əlbəttə ki, yeni binalar da tikilməlidir, avadanlıqlar da alınmalıdır, təmir-tikinti işləri də aparılmalıdır. Sözsüz ki, əhaliyə xidmət edən tibbi kadrların təlim-tərbiyə alması, yüksək kadrlar kimi yetişdirilməsi mühüm əhəmiyyət kəsb edən bir işdir. Lakin, təkcə "təmir-tikinti” işləri, bir kadrın digəri ilə əvəzlənməsi bu qlobal xarakterli məsələlərin həllində həlledici rol oynaya bilərmi?

Bəs N.İbrahimov təlim, tədris haqqında nəyi düz demirdi və M. Rzayev də onun hansı səhvlərini aradan qaldırmağa çalışır? N. İbrahimov kollecdə təhsil alan tələbələrin keyfiyyətli kadrlar kimi yetişməsində hansı səhvlərə yol verib? Əvəzində, M. Rzayev bu işdə hansı yeniliklərə imza atacaq, yaxud da atır? Məncə, tele-kanalın xəbər lenti öz-özlüyündə bu suala tam aydınlıq gətirir. Əmma... bu xəbər də hansısa bir "reklam”a xidmət etmirsə...

            Fikrimizcə, kollecin işində ən böyük dönüşlərdən əsası elə tədrisin səviyyəsinin həqiqətən də yüksəldilməsi və təhsilin keyfiyyətinə təsir göstərən işlər olardı. Bütün bunlar isə kollecdə fəaliyyət göstərən kitabxana və laboratoriyaların təhcizi məsələlərinin həqiqətən də tam diqqət mərkəzində saxlanılmasından çox asılıdır.

            Kollecin kitabxanasının tələbələrin elmi biliklər almasında rolu böyükdür. Məhz orda tələbələr  lazım olan tibbi kitabları əldə edə və onlardan yararlana bilərlər. Kollec kitabxanası həm də təhsil ocağının işçilərinin yaradıcılıq qabiliyyətini tədris kitabları səviyyəsində nümayiş etdirən müqəddəs bir yerdir. O, yazarlara canlı insanların özündən daha çox və səhih məlumat verə bilən bir məkandır. Bu səbəbdən bizi qayğılandıran bəzi məsələlərə cavab tapmaq ümidi ilə Gəncə Tibb Kollecinin kitabxanasına üz tutduq. Və... Niyazi İbrahimovun məhz nədə yazarlara heç vaxt düzgün məlumat vermədiyini anladıq.

            Kitabxana sovetlər dövründən qalmış (bir neçə kitabları çıxmaq şərti ilə) kitablarla "zəngindir”. Buranı Sovet təbliğat maşınına xidmət edən siyasi, bədii əsərlər "bəzəyir”. Düzdür, tibbi kitablar da var, amma, onlar rus müəlliflərinin bizim dilə tərcümə olunmuş, kiril qrafikası ilə çap olunmuş əsərləridir. Latın qrafikası ilə nəşr edilmiş və azərbaycanlı müəlliflərə məxsus elmi əsərlər də vardır. Lakin onların arasında Gəncə Tibb Kollecinin müəllimlərin yazdığı bir əsər belə yoxdur. Axı, bildiyimizə görə bu kollecin müəllimlərinin əksəriyyəti Gəncə şəhərinin tanınmış həkimləridir. Bəs, nə baş verir? Təcrübəli həkimlərin yaradıcılıq qabiliyyəti yoxdur, yoxsa, bu qabiliyyəti biruzə verməyə həvəs? Bəlkə, buna heç bir lüzum görmürlər?.. Suallar çoxdur! Bəs, kitabxana tələbələrə hava-su kimi lazım olan elmi kitablarla niyə zəngin deyil?Niyə tədris kitabları ilə bağlı "qıtlıq” var...

            Kitabxananın müdiri Ziyafət Cəfərovadan aldığımız məlumata görə Mehman Rzayevin təşəbbüsü ilə tədris ilinin əvvəlində kollecin kitabxanaçısı  tələb olunan tibbi kitabları əldə etmək üçün Bakı Tibb Kollecinə ezam olunmuşdu. Əldə edilən nəticə isə budur- Gəncə Tibb Kolleci Bakı Tibb Kollecinin kitabxanasına üzv olmuş (gülməlidir, elə deyilmi?..) və cəmi... bir neçə adda kitab kollecə gətirilə bilmişdir. Üstəlik, Gəncə Tibb Kolleci gələn ilin sentyabrına kimi latın qrafikası  ilə dərc olunmuş kitablarla tam təhciz olunacaq. Ortaya yenə də yeni suallar çıxır. Bəs, görəsən 2016-2017-ci tədris ilində tələbələr hansı elmi kitablardan yararlanıb? Ümumiyyətlə, yararlana biliblərmi? Onda, sifariş verilən kitablar hansı qaydalarla nəşr olunacaq? Axı, bu kitabların müəllifləri kollecin əməkdaşları deyillər! Belə halda müəllif hüquqları hansı dərəcədə qorunacaqdır?..

Kollecin müəllim heyətinin müəllifi olduğu kitablar da varmı? Ümumiyyətlə, belə tədris vəsaitləri haqda hansısa məlumatlara maliksinizmi, sualına isə cavab dumanlıdır.- Yeni kitabların dərc olunması ilə bağlı kollecin rəhbəri hələ mart ayında məsələ qaldırıb. Kollecin müəllimləri yazdıqları kitabları artıq rəhbərliyə təqdim etmişdir.Məsələn, kollecin müəllimi Məhəbbət İsgəndərova Mikrobiologiya və infeksion xəstəliklər barədə kitab yazır...

             Əla məlumatdır. Ən əsası isə təskinlik verir. Demək, nəsə  yazan var! Tədris ili yekunlaşıb, tələbələr artıq imtahan sessiyasına qatılıblar. Cəmi 2 illik tədris ilinin bir ili artıq geridə qalıb. Müəllimlər isə öz yaradıcılıq qabiliyyətlərini yalnız rəhbərliyin təşəbbüsü ilə biruzə verməli olacaqlar. Əsası da odur ki, buna əvvəllər kifayət qədər vaxtları və imkanları da olmuşdur... Çox maraqlıdır, onlar nə haqda yazırlar, hansı elmi məqalələrlə çıxış edirlər, illər ərzində topladıqları bilik və təcrübəni hansı kitablarda bölüşəcəklər? Bu , bizi çox maraqlandıran və hələ ki, cavabı olmayan suallardandır...

             Suallar tək bunlar deyil. -Tibb Kolleci niyə rüşvət məkanı kimi qalmaqdadır? M. Rzayevin yenidənqurma strategiyası əslində tibbi biliklərin verilməsində hansı rola malik olacaq? Ümumiyyətlə, o Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışarkən hansı "xidmətlərə” görə Bakı şəhərinə pənah aparmışdı ki, əvəzində Gəncə Tibb Kollecinə rəhbər qismində geri qayıtdı?..  Və, hal-hazırda bu təhsil ocağında nə baş verir?

Ardı var...

    Ruhulla Zahidov, yazıçı –jurnalist

Adıçəkilən hər kəsin söz haqqını tanıyırıq...

”Demokratik.Az”

Oxşar xəbərlər