Gəncə Regional Kollecində “oğru qanunları” hökm edir?

  • 07 iyun 2017, 14:09

KOLLECİN 66 YAŞLI "AVTORİTET” DİREKTORU FƏXRƏDDİN ZEYNALOV KİMDİR?

birinci yazı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2016-cı il tarixli 30 nömrəli qərarı əsasında Gəncə Texniki və Humanitar Kollecləri birləşdirilərək "Gəncə Dövlət Regional Kolleci" olaraq fəaliyyətini davam etdirir. Yəni, zəruri islahat adı altında sözügedən iki kollecin birləşməsindən ərsəyə gələn və daha da modernləşdirilən bu təhsil ocağı ölkənin təhsil sistemində bir sıra müvəffəqiyyətlər vəd edir. Lakin, təcili əməli tədbirlər görülməzsə vədlər və Gəncə Regional Kollecə olan ümidlər puç olacaq.

Ölkəmizin milli təhsil strategiyasını yürüdən və bu işə cavabdeh olan dövlət rəsmilərinin bu kimi islahatlara imza atmaları gələcək səmərədən və təhsilin keyfiyyətinin artırılmasından, nikbin proqnozlardan irəli gəlib. Təəssüf ki, fəaliyyətinin üçüncü tədris ili olmasına baxmayaraq, Gəncə Regional Kollecində özbaşınalıq və anarxiya ayaq açıb. Ümidləri hələlik doğrultmayan bu ünvanda hər gün rüşvətxorluq və korrupsiya meyilləri bir az daha alovlanaraq idarəolunmaz hala dönüşüb.

"Demokratik.Az"-a verilən məlumata görə, Kollecdə qeyri-adi anarxiya, müəllimlər və bəzən də tələbələr arasında yaşanan qalmaqallar elə bil "oğru qanunları” ilə idarə olunur. Baş verənlərin həlli qanunvericiliyə dəlalət eləmir, problemlər süni qaydada baş verir, həlli isə "yazılmamış qanunlardan" asılı olur.

Adının çəkilməsini istəməyən mənbəmizin dediyinə görə, XAOS-a səbəb, yaşı 65-i haqlamayan Fəxrəddin Zeynalovun regional kollecə direktorluq etməsi, bu adamın öz yarıtmaz fəaliyyətilə öz şəxsi maraqlarını əsas təhsil prinsiplərindən üstün tutmasıdır.

Demokratik.Az-a danışan mənbənin dediyinə görə, tələbələrdən semestrlərdə rüşvət toplanması, Gəncənin icra başçısı Elmar Vəliyevin adından müxtəlif adlarla mütamadi pultoplama əməliyyatlarının həyata keçirilməsi direktor üçün adiləşib. Hər iclasında banklara küllü miqdarda borcu olduğunu, son illərdə direktor işlədiyi üçün peşiman olduğunu dilə gətirən Fəxrəddin Zeynalovun yarıtmaz fəaliyyətindən Gəncə ziyalıları da narahatlıq keçirir. Kollecdəki qeyri-sağlam mühit təcili islahatlara, xüsusilə Təhsil Nazirliyinə və şəxsən nazir Mikayıl Cabbarova təcili tədbirlər görülməsini zəruri edib. Yayılan məlumatlara inansaq, yaş senzinə görə, bu ildən qanunun tələbi ilə Fəxrəddin Zeynalov təqaüdə göndəriləcək. Gəncənin icra başçısı Elmar Vəliyevin dəstəyilə təhsil ocağını talamaqla məşğuldur. Kollecdə tədrisin keyfiyyəti aşağı olmaqla yanaşı, 100 min manatlarla dəyəri olan inventarlar da talanıb. Kollecdə bazar prinsipləri əsasında, hər şey satılır və alınır. Yarıtmaz direktor Elmar Vəliyevlə bağlılığını sığortalamaq üçün nazirin atası Çingiz Cabbarovla da sıx əlaqələr quraraq işindən bərk-bərk yapışıb.

Ağıllı direktorun Mikayıl Cabbarovdan qazandığı "divident"

"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, Gəncə şəhəri Vatutin küçəsində yerləşən 5 nömrəli uşaq evini nazir Mikayıl Cabbarov atası Çingiz kişinin adına rəsmiləşdirilməsinə nail olub və 5 nömrəli uşaq evinin yüksək səviyyədə təmirini o zaman Gəncə Humanitar Kollecinin direktoru Fəxrəddin Zeynalov həyata keçirib. Fəxrəddin Zeynalov bu faktı dəfələrlə öz ətrafına danışıb. İndi özünüz düşünün, sözügedən Kollecdə Fəxrəddin Zeynalovun "ağalıq" etməsi təhsilin inkişafına, nizam-intizama yaxşı nə isə vəd edirmi? 

Yeri gəlmişkən, əslində Elmar Vəliyevin kadrı olan, başçıya daha yaxın olan direktorun Mikayıl Cabbarovun atası ilə arasında narazılıq yaşanıb. Səbəb isə, Fəxrəddin Zeynalovun imkan tapdıqca nazirinin və atasının əlehinə xoşagəlməz fikirlər səsləndirməsi olub. Mühüm səbəb isə, ev kimi istifadə olunacaq keçmiş bağçaya xərclədiyi 80 min manat vəsait barədə xəbərlər yaymasıdır. Hətta, ötən il direktorun işini itirəcəyini bildikdə (65 yaş həddinin bitməsilə əlaqədar-O.N) Çingiz Cabbarovun onu qurtarması söylənilir. Məlumata görə, Fəxrəddin Zeynalov küllü miqdarda borc altında olduğu üçün Cabbarovlardan vaxt istəyib və onların tapşırığı ilə xərclədiyi pulu yada salıb. Bu proses ciddi korrupsiyadan xəbər verir. Əgər belədirsə, elmlər namizədi, hörmətli Fəxrəddin Zeynalov qamarladığı vəzifədə hələlik mayasını çıxarmaqla məşğuldur, Gəncə Regional Kollecinin tələbələrinə yüksək təhsil vermək missiyası isə umurunda deyil...

Xüsusilə, vurğulayaq ki, kollec direktorunun timsalında sadalanacaq faktlarda bilavasitə cənab Elmar Vəliyevin rolunun olduğunu söyləmirik və bu yazı Fəxrəddin Zeynalovun öz əməllərinin təcəssümüdür.

(zəruri araşdırmalar aparırıq-RED)

Osman Nərimanoğlu

Demokratik.Az


Oxşar xəbərlər