“Feminizmin Azərbaycana idxalı istisna deyil” - Deputat

  • 23 okt 2019, 08:43

Musa Quliyev: "Qadını əzilən, kişini əzən çıxarmaq...məsələni belə qoymaq da doğru deyil”; İstanbul Konvensiyası hökumətə təqdim olunub

Türkiyədə qadınların zorakılığına qarşı İstanbul Konvensiyası adlı sənəd qəbul edilib.

Azərbaycanda da bu konvensiyanın zəruri olduğunu düşünənlər var. Elə bununla bağlı oktyabrın 20-də bir qrup qadın aksiya keçirmişdi. Aksiya iştirakçılarından birinin "Yeni Müsavat”a verdiyi məlumata görə, məqsəd son vaxtlar artan qadın cinayətlərinə diqqət çəkmək və konvensiyanın qəbulunun sürətlənməsinə nail olmaq idi.

Artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin yürüşdən sonra İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketini hökumətə təqdim edib.

Bu mövzuda "Yeni Müsavat”a danışan Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirdi ki, Azərbaycanda qadına münasibət nümunəvi olub. Onun sözlərinə görə, dədə - babadan qadına ana, övlad, həyat yoldaşı kimi hörmət göstərilib: "Amma son dövrlərdə, xüsusən 15 ildə Avropaya inteqrasiya etməyə başladıq. Qərbin dəyərlərindən çox mahiyyəti gəldi.

Əslində postsovet məkanında qadına şiddət halları artıb. Ona görə bu istiqamətdə istənilən tədbiri görməliyik, pozitiv qanunlar qəbul etməliyik, qadınlarımızı qorumalıyıq, onları ailələrimizin, cəmiyyətimizin baş tacına çevirməliyik".

Deputat xatırlatdı ki, Azərbaycanda "Məişət zorakılığı haqqında” qanun qəbul olunub: "Bu qanunda bütün müddəalar öz əksini tapıb. Elə bilirəm ki, İstanbul Konvensiyasına da qoşulmaq olar.

Düzdür, bu layihə Milli Məclisə gəlməyib, amma konvensiyanın parlament tərəfindən dəstəklənəcəyini güman edirəm.

Sadəcə, kişini haqsız, qadını haqlı, qadını əzilən, kişini əzən çıxarmaq... məsələni belə qoymaq da doğru deyil.  İlk növbədə problemin səbəbləri araşdırılmalıdır, müzakirə edilməlidir. Eyni zamanda bu sahə ilə məşğul olan komitə də fəallığını artırmalıdır, QHT-lər qrantlar alırlar, pozitiv işlər görməlidirlər".

M.Quliyev hesab edir ki, qadına niyə zorakılıq olması daimi diqqətdə saxlanmalıdır: "Təkcə evdə yox, ictimai həyatda, işdə də zorakılıq ola bilər.

Dünyada bir neçə ildir ki, feminizm hərəkatı gedir. Bəzən də onların bu hərəkatı zorakılığı doğuran addımları stimullaşdırır, qıcıqlandırır.

Biz adət-ənənələrə hörmətlə yanaşmalıyıq. Çünki bu cür hallar daha çox namusla bağlı cinayətlərdir. Birdən-birə millətin xarakterini dəyişə bilmərik. Təbii ki, qanun qadına vətəndaş olaraq azadlıq və hüquq verir.

Amma adətlər bunu qəbul etmir. Ola bilsin ki, Avropada bu cür hallar normaldır, 18 yaşa çatanda övlad ataya deyir ki, işimə qarışma. Bizdə belə deyil. Məsələn, əvvəllər qızqaçırmaya görə cinayət işi açılmazdı.

Amma qanun qəbul olundu, insan oğurluğu kimi dəyərləndirildi, müəyyən qədər bu hallar azaldı. Amma tam aradan qalxmadı. Ona görə də İstanbul Konvesiyası ilə problem bitməyəcək".

Deputat vurğuladı ki, Azərbaycanda I vitse-prezident qadındır və xanımlar Mehriban Əliyevanı idealları kimi götürməlidirlər: "Azərbaycanda alim xanımlar, idmançı qadınlar var, amma insanlar daha çox şou-biznesi görür. Kimsə rayonda özünü həmin müğənniyə bənzətmək istəyir, ailəsində mənfi qarşılanır. Özəl telekanallar pozitivləri verməlidir, cəmiyyəti irəli aparan insanları efirə çıxarmalıdır”.

M.Quliyev feminizm hərəkatının Azərbaycana hansısa dairələr tərəfindən idxal olunmasını istisna etmir: "Belə bir şey mümkündür.

Amma heç bir aksiya razılaşdırılmamış keçirilə bilməz. Yoxsa harada gəldi tədbir keçirməklə cəmiyyətdə harmoniya pozular, anarxiya olar.

Hər kəsin nümayiş keçirmək hüququ ilə yanaşı, hər kəsin rahatlıq hüququ da var. Amma bildiyim qədər həmin aksiyada fəallardan biri Mübariz İbrahimovu təhqir edən qız olub.

Belə bir adamın qadın hüququndan danışmaq haqqı yoxdur. Onlar idarə olunurlar, sabitliyi pozmağa çalışırlar".

Məlumat üçün deyək ki, Azərbaycan tərəfindən İstanbul Konvensiyasının imzalanması əsasən qadınların hüquqlarının pozulmasına dair şikayətlərə baxılması mexanizmlərinin gücləndirilməsi, qadınların zorakılığın bütün formalarından müdafiə olunması, qadınlara qarşı zorakılığın qarşısının alınması, təqib edilməsi və qaldırılması, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, qadınların səlahiyyətlərinin genişləndirməsi də daxil olmaqla kişi ilə qadın arasında real bərabərliyi təşviq etmək, qadınlara qarşı zorakılıq və məişət zorakılığının bütün qurbanlarının müdafiəsi və onlara yardım üçün hərtərəfli qanunvericilik bazası, siyasət və tədbirlərin hazırlanması məqsədi daşıyır.

Xatırladaq ki, yürüşdə Azərbaycan Respublikasının "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının Konvensiyasının (İstanbul Konvensiyası) imzalanması və ratifikasiya edilməsi və "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarotta Konvensiyası) ratifikasiya edilməsi barədə bəyanatlar səsləndirilib.

"Yeni Müsavat”

 
Oxşar xəbərlər