İlham Əliyevin inqilabı - Rauf Arifoğlunun yazısı

  • 17 mart 2019, 21:10

Ölkədə yuxarıdan inqilab gedir. 

Bu inqilabın memarı Azərbaycan prezidenti İlham Əliyevdir.

Proses o qədər sürətlidir, həm də çoxları üçün o qədər gözlənilməzdir ki, ''əks-inqilabçılar'' kimdir, hələlik bəlli deyil, orda-burda boy qaldırırlar, lakin opponentləri prezidentin sürətinə çata bilmirlər.

Prezident İlham Əliyevsə son 75 gündə bir prezidentlik müddətinə sığa biləcək inqilabi dəyişikliklər edib. ''Ağ İnqilab'' belə olur! İqtisadi-sosial sferanı əhatə edən ard-arda verilən fərman və sərəncamlardan sonra siyasi islahatlar istiqamətində çox ciddi addımlar atıldı.Görünən budur ki, bu addımlar daha da dərinləşəcək.

"Sabiq spiker İsa Qəmbər bu fərmanı son illərin ən böyük siyasi əfvi adlandırıb. Əli Kərimli, Pənah Hüseyn, İqbal Ağazadə, digər müxalifət liderləri daxil, hər kəs bu fərmanı təqdir edən cümlələr işlədib. Doğrudur, müxalifət prosesin davamını istəyir, azdır deyir... Məndəki məlumata görə, əfv fərmanının davamı bu ilin may ayında olacaq və tamamlanacaq"

16 mart tarixində verilən əfv sərəncamı miqyaslı, ölkəni və siyasi səhnəni barışa, həmrəyliyə istiqamətləndirən mərhələ xarakterli bir addımdır. Bu hakimiyyətin ardıcıl tənqidçilərindən olan Əvəz Zeynallı yazır ki, prezident 55 nəfərlik siyasi məhbus siyahısından 52 nəfəri azad edib. Daha bir radikal tənqidçi, Meydan TV layihəsinin müəllifi Emin Milli isə prezident haqqında ciddi və hətta inanılmaz, təbriklər-təriflərlə dolu məqalə yazıb, ona inandığını bildirib, cəsarətinə görə alqışlayıb, ölkəsinə dönmək, ondan müsahibə almaq istədiyini söyləyib.

Sabiq spiker İsa Qəmbər bu fərmanı son illərin ən böyük siyasi əfvi adlandırıb. Əli Kərimli, Pənah Hüseyn, İqbal Ağazadə, digər müxalifət liderləri daxil, hər kəs bu fərmanı təqdir edən cümlələr işlədib. Doğrudur, müxalifət prosesin davamını istəyir, azdır deyir. Məndəki məlumata görə, əfv fərmanının davamı bu ilin may ayında olacaq və tamamlanacaq.

'Çörəyi'' demokratiyadan çıxan hər kəs İlham Əliyevə dəstək verməli, onun islahatlarının davamlılığında, daha da dərinləşməsində maraqlı olmalıdırlar. Olmayacaqlarsa, deməli, onlar demokrat deyillər, açılım istəmirlər və ölkələrini, demokratiyanı yox, başqa şeyləri düşünürlər. Ya da yad maraqların daşıyıcılarıdırlar"

Əfv fərmanında Əli Kərimliyə münasibətdə ciddi jestlər sayıla bilən məqamlar var, adam bunu anlayacaqmı, yoxsa tərsdənmi gələcək, ilk reaksiyasından bəlli olmadı. 16-cı ilin aprel döyüşləri zamanı ilk iki gündə Əli Kərimli çox konstruktiv, pozitiv idi, lakin sonradan elə dəyişdi ki, onun çıxışlarını ermənilər manşetlərdən yaydılar. Arzu edirəm, bu dəfə belə olmasın. Üstəlik, prezidentin davranışlarının, islahat və inqilabi addımlarının ideologiyası əslində siyasi müxalifətə heç də yabançı deyil. Prezident İlham Əliyevin ən ciddi müttəfiqi və onun addımlarına ən böyük dəstək verən əslində milli müxalifət olmalıdır.

Ümumiyyətlə, "çörəyi" demokratiyadan çıxan hər kəs İlham Əliyevə dəstək olmalı, onun islahatlarının davamlılığında, daha da dərinləşməsində maraqlı olmalıdırlar. Olmayacaqlarsa, deməli, onlar demokrat deyillər, açılım istəmirlər və ölkələrini, demokratiyanı yox, başqa şeyləri düşünürlər. Ya da yad maraqların daşıyıcılarıdırlar.

Çünki islahatların, İlham Əliyev inqilabının davam etməsi, böyüməsi həm də ölkədəki siyasi müxalifətdən asılıdır. Onlar bu bu prosedə əks-inqilabçı olsalar, imkan verməsələr, küçələrə çıxsalar, fürsətçilik edib mühitin demokratikləşməsindən 2005-ci ildə olduğu kimi, mövcud hakimiyyəti devirməyə çalışsalar, əlbəttə ki, hər şey tərsinə dəyişəcək...

Bu prosesin 14 il daha ləngiməsinin kökü də məhz 2005-ci ilə bağlıdır - bəzi müxalif qurupların parlament seçkiləri zamanı hakimiyyətdəki bir qrupla anlaşaraq, hakimiyyəti əla almaq cəhdinə...

Tarix təkrar olunur?

Bu gün 2005-dəki əks-inqilab cəhdinin əsas fiqurlarından biri və həbsxanada qalan sonuncusu əfvlə türmədən çıxdı... Çıxan kimi də mövqeyini ortaya qoydu. ''Böyük Amerika'' dedi, ''Avropa'' dedi, həbsdən çıxmasına görə onlara təşəkkürlərini bildirdi. Hesab edirəm ki, bu, bir kursdur, həm də, demək mümkünsə, bir anlaşma. Axı, həbsxanalar o qədər də qapalı yerlər deyil...

"2005-ci ildə islahatların dayanmasına səbəb olan,  hakimiyyəti ələ keçirtmək üçün ABŞ səfiri Rino Harnişlə, iqtidarın içindəki nazirlər və Aparat təmsilçiləri ilə, regional mafiya və onun müxalifətdəki uzantıları ilə, Rəsul Quliyevlə anlaşaraq, Azərbaycanda baş tutmayan çevrilişə imza atan bu uğursuz adam ölkəyə ancaq zərər verib. Xüsusi ilə də Qərbi Azərbaycan doğumlu soydaşlarımıza. Məhz Əli İnsanov bu topluma hakimiyyətin etimadının itirilməsinin əsas səbəbkarıdır. İndi də həmən ifa davam edir..."

Əli İnsanov müxalifətə də iddia dolu reveranslar etdi. Müxalifətin ona qoşulmalı olduğunu ortaya atdı, özünü hakimiyyət almasını quyunun dibindən çıxardacaq Məlikməmməd elan etdi.

Bir sözlə, əks-inqilabın başı özünü göstərdi.

Əminəm ki, cəmiyyətin və müxalifətin sağlam düşünən kəsimi bu kinli qocaya qoşulmayacaqlar. Müxalifətin tanınmış simalarından birindən Əli İnsanovun bu açıqlamalarına münasibətini soruşduqda, belə dedi - ''O, bizdən deyil. Onunla bizim müttəfiqliyimiz baş tutmaz. Əli İnsanov hər kəsdən daha mürtəce olduğunu nazir və YAP-ın rəhbərlərindən biri olanda ortaya qoyub. Bu adam mahiyyətini dəyişməyib. Ona görə də milli müxalifətin onunla anlaşa biləcəyini mümkün saymıram, mümkünsüzdür''.

2005-ci ildə islahatların dayanmasına səbəb olan,  hakimiyyəti ələ keçirtmək üçün ABŞ səfiri Rino Harnişlə, iqtidarın içindəki nazirlər və Aparat təmsilçiləri ilə, regional mafiya və onun müxalifətdəki uzantıları ilə, Rəsul Quliyevlə anlaşaraq, Azərbaycanda baş tutmayan çevrilişə imza atan bu uğursuz adam ölkəyə ancaq zərər verib. Xüsusi ilə də Qərbi Azərbaycan doğumlu soydaşlarımıza. Məhz Əli İnsanov bu topluma hakimiyyətin etimadının itirilməsinin əsas səbəbkarıdır. İndi də həmən ifa davam edir. Bütün istəyi qisas almaq olan bu yaşlı adamın yenidən qərbi azərbaycanlılara zərər verə biləcəyindən narahatam...

*****

Əli İnsanovu həbsxanaya aparan 2005-ci ilin həmin payızını xatırlayırsınızmı? Parlamentə 30-a yaxın tanınmış müxalifət təmsilçiləri düşəcəkdi, ciddi siyasi-sosial islahatlara start veriləcəkdi. İlham Əliyev xarici jurnalistlərə demişdi ki, mənim nələr etmək istədiyimi bilsəniz, inanmayacaqsınız... O zamankı dəyişim-açılım planlarını Əli İnsanov və onun tərəfdarlarının sui-qəsdləri dayandırdı. Prezident Əliyevin ilk islahat - dəyişim- açılım proqramı məcburi dayandırıldı! İslahatlar əvəzinə sui-qəsdçilərin və onlara dəstək verənlərin həbsləri başladı. Müxalifət parlamentdən kənarda qaldı. Qərblə - ABŞ-la münasibətlər soyudu, ABŞ səfiri ölkədən çıxardıldı. 

2005-ci il seçkiləri demək olar ki, pozuldu və İlham Əliyevin Azərbaycana təklif etdiyi islahatları həm Qərb, həm də yerli müxalifət əlinin arxası ilə çevirdi.

****
Bir müddət sonra prezident İlham Əliyev cəmiyyəti özünə müttəfiq seçdi; hazırlıqlar ona hesablandı, siyasətə deyil. ASAN modeli gətirildi ölkəyə. Bu, bir vizion idi. İlham Əliyev Azərbaycanı necə görmək istəyir və Azərbaycan insanına hansı standartı təklif edir. ASAN xidmət sektoru Azərbaycana ilk gələndə, o müəssisələrdə olan azərbaycanlılar deyirdi ki, bura fərqli Azərbaycandır... Hüzur, təmizlik və əminlik...

İndi İlham Əliyevin Azərbaycana təklif etdiyi və yaratdığı modelin daha dərinə işləməsi üçün növbəti mərhələ başlayıb.

O, hakimiyyətini tamamilə ASAN modelinə keçirtmək üçün illərdir çalışır və addımlar atır.

O, məmur-oliqarx sistemini səhnədən yığışdırdı, məişət korrupsiyasına son qoydu, elitar korrupsiyaya ciddi zərbələr endirdi. Hakimiyyət içərisindən islahatlara müqavimət göstərə biləcək qüvvələri əhəmiyyətli dərəcədə zərərsizləşdirdi. Azərbaycanı müasir siyasi mədəniyyətlər səviyyəsinə çıxardacaq inqilabın bazasını hazırlayıb, ona start verdi...

Uğurlar, cənab Prezident.

Oxşar xəbərlər