“İlham Əliyevə dəstək verək, korrupsionerləri daha arxayın təmizləsin”

  • 06 dek 2015, 12:38

Hafiz Hacıyev: "Prezident əmin olsa ki, ona müxalifət tərəfindən arxadan zərbə vurulmayacaq başlatdığı işi axıra çatdıracaq”

 

 
"Azərbaycan müxalifətinin sağlam qüvvələri ölkə prezidentinin son aylarda başlatdığı islahatlar istiqamətində addımları müdafiə edir. Həmin qüvvələrin sırasında bir çoxu hələ ki, bu mövqelərini açıq şəkildə bəyan etməsələr də mən dəqiq bilirəm ki, onlar islahatları dəstəkləyirlər”. 

Bu barədə "Yeni Müsavat”a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Hafiz Hacıyev sonra bildirib ki, Azərbaycanın sağlam müxalifət partiyalarının bir araya gələrək bir hərəkat şəklində birləşməsinə və prezident İlham Əliyevə başlatdığı islahatlar istiqamətində dəstək verməsinə ehtiyac var. 

Müxalifətin dəstəyinin ortaya qoyulması ölkədə başlanan islahatların daha sürətli getməsinə, cinayətə bulaşmış məmurlara qarşı prezidentin həyata keçirdiyi təmizləmə prosesinin daha asan və səmərəli olmasına öz müsbət təsirini göstərə bilər: "Ölkədə başlanan kadr islahatları, kadr dəyişiklikləri, təmizləmələr, islahatlar hakimiyyətin daxilindəki bir sıra qüvvələrin, həmçinin bəzi xarici qüvvələrin çox böyük müqaviməti ilə qarşılaşır. Ona görə də müxalifətin sağlam qüvvələri olaraq biz cənab İlham Əliyevlə həmrəylik nümayiş etdirməliyik. Prezidentə öz mövqeyimizlə kömək edib, əlavə ictimai dəstək verməliyik ki, hökumətin içində kök atmış kriminal, korrupsiyaya bulaşmış ünsürləri daha arxayın şəkildə təmizləsin. Azərbaycandakı sağlam müxalifət partiyalarının əksəriyyətinin bu mövqedə olduğunu dəqiq bilirəm. Onu da bilirəm ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla, hakimiyyətin içində hələ mövcud olan Eldar Mahmudov kimi məmurlara bağlı olan müxalifət sağlam müxalifətə prezidentə islahatlar işində dəstək ifadə etməsinə müxtəlif yollarla imkan vermir. Sağlam müxalifəti şantaj edirlər, onlara qarşı böyük antitəbliğat, şərləmə kampaniyası başladacaqları ilə hədələyirlər. Bütün vasitələrlə çalışırlar ki, müxalifətlə İlham Əliyev arasında yaxınlaşma baş verməsin, düşmənçilik yaransın, ölkədə qarışıqlıq düşsün və prezidentin başlatdığı islahatlar, kadr təmizləmələri yarımçıq dayansın. Prezidentə belə müxtəlif üsullarla müqavimət göstərirlər ki, qeyd etdiyim prosesi davam etdirməsin. Nardaran hadisəsi də müqavimətin tərkib hissələrindən biridir. Odur ki, cənab prezidentə müxalifətin ciddi dəstəyi lazımdır. Dövlət başçısı görəndə ki, ölkənin sağlam müxalifət qüvvələri onun tərəfindədir və bundan sonrakı islahatlar istiqamətində addımlarına müxalifətdən dəstək olacaq daha da əminliklə prosesi aparacaq. Prezident əmin olsa ki, ona müxalifət tərəfindən arxadan zərbə vurulmayacaq başlatdığı işi axıra çatdıracaq”.

"Müxalifət daxilindəki sağlam qüvvələr” deyərkən hansı qüvvələri nəzərdə tutursunuz”, sualına H.Hacıyev belə cavab verib: "Milli Şura adlanan qurum və onun daxilindəki qüvvələrdən başqa, digər müxalifət partiyalarını bu sıraya aid etmək olar. Müsavat Partiyasının özünü, Azərbaycan Xalq Partiyasını, KXCP-ni, eləcə də bu ilin əvvəlində keçirilən hakimiyyət-müxalifət dialoqunda iştirak etmiş digər partiyaları, özümüzü sağlam müxalifət sayıram. Cəmiyyət də əminəm ki, belə görür. Ümid edirəm ki, bu qüvvələr yaxın vaxtlarda bir araya gəlib gərəkən addımları atacaq. Hesab edirəm ki, bu işlərə AXP sədri Pənah Hüseyn yön verə bilər. Ona görə ki, milli şəxsdir, milli maraqları üstün tutur, təşkilatçılıq qabiliyyəti, müxalifət arasında nüfuzu var, Əli Həsənovla bu ilin əvvəlində keçirilən görüşlərdə iştirak edib. Eyni zamanda, KXCP sədri Mirmahmud Mirəlioğlu da bu işə öz ciddi töhfəsini verə bilər.

Milli Şura və oradakı qüvvələr isə heç kimı sirr deyil ki, ölkədə qarışıqlıq düşməsini istəyənlərdir. Onların ölkədə qarışıqlıq düşməsini istəyən xarici qüvvələrlə və hakimiyyət daxilindəki anti-islahat qüvvələri ilə əlaqəsi var. Ona görə də belələrini qətiyyən sağlam müxalifət adlandırmaq mümkün deyil”.
 
Etibar SEYİDAĞA, 
musavat.com
Oxşar xəbərlər