Sosial islahatların ardınca siyasi islahatlar gəlir?

  • 02 mart 2019, 00:24

2019-cu ilin ilk iki ayı sosial-iqtisadi islahatlarla yadda qaldı. Ölkə prezidenti tərəfindən ard-arda çoxsaylı sosial xarakterli fərmanlar və sərəncamların imzalanması siyasi təhlilçilər tərəfindən ciddi addımlar kimi dəyərləndirilir. Sosial sferada müşahidə edilən bu kurs siyasi sferada da davam edə bilərmi? Proseslər yeni münasibətlər sisteminə keçid, siyasi açılım gözləntisini yaradırmı?

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, sosial açılımın ardınca ilk növbədə məhkəmə ədalətinin bərpa olunması istiqamətində ciddi açılıma, islahatlara ehtiyac var. Başlanan sosial islahatların davamı məhkəmə prosesinin necə tənzimlənməsindən asılı olacaq. Çünki ən vacib sahələrdən biri budur. Sonda insanların problemləri gedib bu instansiyada dayanır: "Məhkəmə instansiyasında həll olunmayan problemlər sonradan insan həyatını ya alt-üst edir, ya dəyişir, ya onu daha böyük problemlər içində buraxır. Ona görə də siyasi islahatlardan öncə məhkəmə sistemindən başlanmalıdır. Ölkədə siyasi islahatlar təbii ki, fərqli bir formada aparılmalıdır, biraz dialoq mühiti yaradılmalıdır, telekanalların müxalif görüşlərə açılımına imkan yaradılmalıdır. Bunu tədricən eləmək lazımdır. Çünki bu, artıq müəyyən problemlərin ölkə içində həll olunması baxımından vacibdir. Müxalif fikirlərin nəzərə alınması, parlamentdə müxalifət fraksiyasının formalaşması və başqa məsələlər həllini tapa bilər. Amma bütövlükdə birinci növbədə məhkəmə islahatının həyata keçirilməsi lazımdır ki, bu sosial islahatlar yarıda qalmasın. Vətəndaş ona qarşı ya qəsdən, ya naşılıqdan edilmiş qanunsuzluqları məhkəmə yolu ilə aradan qaldırmağa nail olmalıdır.

Sosial istiqamətdə atılan addımlar çox ciddi addımlardır və cəmiyyətin çox faydasına olan addımdır. Xüsusən, kredit məsələsi ilə bağlı atılan addım hədsiz humanist qərardır. Amma bunun ardı olaraq məhkəmə islahatları aparılmalıdır. Bunun ardınca isə Azərbaycan siyasət mühitinin mədəni münasibətlər sferasına çevrilməsinə nail olmaq lazımdır. Çünki diqqət edirsinizsə, bir Xocalı abidəsini ziyarətdə əgər iqtidarla müxalifət bir yerdə, bir protokolda ziyarət edə bilmirsə, yaxud 28 mayda bayram günü abidəni birlikdə ziyarət eləyə bilmirsə, bu yaxşı görüntü deyil. Ona görə də siyasi münasibətlərdə də normal sfera yaratmağa da ehtiyac var. Gözləntilər budur”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə "Yeni Müsavat”a bildirdi ki, ölkədə demokratik, siyasi, iqtisadi, hüquqi, o cümlədən sosial islahatlara, iqtisadiyyatda köklü sistem islahatına ehtiyac var. Ən başlıcası isə siyasi islahatlar lazımdır: "Ölkə konstitusiyasının birinci bəndində deyilir ki, Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyi xalqdır. Bu tələbi nəzərə alaraq ölkədə mütləq azad ədalətli seçkilər keçirilməlidir. Əks halda görülən sosial yönlü müsbət tədbirlər istənilən sosial-siyasi gözlənilən effektiv nəticələr verməz. Odur ki, təcili ölkədə demokratiyaya yumşaq keçid strategiyasının qəbul olunmasına ehtiyac var. Bu barədə iki dəfə təkliflər paketi təqdim etmişəm. Demokratiyaya yumşaq keçid strategiyası çərçivəsində ölkədə kompleks demokratik köklü islahatlara başlamaq lazımdır”. 

"Yeni Müsavat”

Oxşar xəbərlər