Qısqanclığa qarşı alim MƏSLƏHƏTi

  • 06 mart 2018, 12:17

"The Independent" qısqanclığa həsr edilmiş məqaləsində yazır ki, "bu yaşıl gözlü cin" baş qaldıranda sevgi münasibətlərini tamamilə alt-üst edə bilər.

Amma psixoloqlar bu qənaətdədirlər ki, romantik münasibətlərdə qısqanclıq həm sui-qəsdçi, həm də xilaskar rolunu oynaya bilər. Hər şey bu hissin necə, harda və nəyə görə baş qaldırmasından asılıdır.

Professor Robert L Leahy özünün "Qısqanclıqdan müalicə" kitabında yazır ki, qısqanclıq təkcə yana baxan göz deyildir və çox vaxt qısqanan şəxsin öz daxili keyfiyyətlərindən qidalanır.

"Qısqanclıqda söhbət həmişə üç nəfərdən gedir, - professor deyir, - Ya münasibətdə olanlardan biri üçüncü tərəflə maraqlanır, ya da bu üçüncü tərəf, artıq münasibətdə olan birisinə maraq göstərir. Amma bəzən bunun hər ikisi birdən olur".

Leahy romantik qısqanclığı "seksual qısqanclıq" və "emosional qısqanclıq" olaraq iki kateqoriyaya ayırır.

Professor qeyd edir ki, kişilər daha çox ikinci, qadınlar isə birinci kateqoriyadan təsirlənirlər.

Cənab Leahy "The Independent" qəzetinə deyib ki, hansı kateqoriyadan olmasına baxmayaraq, qısqanclıq münasibətlərin möhkəm olmamasından xəbər verir.

Münasibətlərin kövrəkliyinə səbəb isə gözləntilərin qeyri-müəyyənliyi, əvvəllər atılmaq və ya xəyanətə məruz qalmaq kimi təcrübələrin mövcudluğudur.

Amma ən təəccüblüsü budur ki, romantik qısqanclığın mənbəyi xarici faktorlar yox, insanın özünün daxili aləmidir.

Professor deyir ki, bəzən insanın qısqanclığı onun özünə həddən çox qiymət verməsindən və bu səbəbdən də özünə qarşı hər hansı xətanın yolverilməz olduğunu düşünməsindən irəli gələ bilər.

Amma heç də bütün qısqanclıqlar göz yaşlarına səbəb olmur.

Professor deyir ki, az və ya mötədil dozada qısqanclıq iki nəfər arasında bağlantının, sədaqətin və hətta sevginin göstəricisi ola bilər.

"Bəzən belə də olur ki, adamlar sevdikləri şəxsi yoxlamaq üçün qəsdən qısqandırmağa çalışırlar. Bu, aşağı dozalarda normal bir haldır" -psixoloq deyir.

"Təsəvvür edin ki, partnyorunuz sizə deyir: sən başqaları ilə yatsan da vecimə olmaz". Əlbəttə, belə bəyanatı verənin sizi sevdiyini necə düşünə bilərsiniz?"

Lakin Leahy deyir ki, qısqanclığın əsas səbəbi "partnyoru başqa birisi ilə seks zamanı təsəvvürə gətriməkdir.

Bu həm kişilər, həm də qadınlar üçün dəhşətli təsəvvürdür.

Elə isə qısqanclığın öhdəsindən necə gəlmək olar? Professor Leahy bunun üçün beş bənddən ibarət məsləhət verir:

Birincisi, qısqanclığı müəyyən edin və normallaşdırın. Etiraf edin ki, bu, çox ağır hissdir, amma eyni zamanda bəşəri duyğudur. Yəni bu dünyada qısqanan təkcə siz deyilsiniz.

İkincisi, çalışın ki, qısqanclığın idarə etdiyi davranışlardan xilas olasınız. İstintaqa, dindirməyə, axtarış və yoxlamaya son qoyun. Çünki bu işlərlə çox məşğul olduqca, daha çox qısqanacaqsınız.

Üşüncüsü, qısqanc duyğularınız üçün müəyyən vaxt ayırın. Mən buna qısqanmaq vaxtı deyərdim. Beyninizə gələn fikriləri bir vərəğə yazın. Bu fikirlərə hər gün 20 dəqiqə vaxt ayırın.

Dördüncüsü, çalışın ki, bu barədə partnyorunuzla ortaq məxrəcə gələ biləsiniz. Yəni nəyi etmək olar, nəyi isə olmaz. Məsələn, arvadınızın keçmiş əri ilə şam yeməyinə getməsi çox dəhşətli qısqanclıq yarada bilər. Yəni ikinizin arasında belə qarşılıqlı qaydalar yaradın.

Beşincisi, nəhayət beyninizdə həmişə belə bir fikri də saxlayın ki, dünya bu münasibətlərin üstündə qurulmayıb və bu münasibətlər davam etməyə də bilər. Çünki ən yaxşı münasibətlərdən əvvəl də, sonra da münasibətlər olub və var (BBC).

Oxşar xəbərlər