Manatın gələcək aqibəti necə olacaq?

  • 19 apr 2017, 08:03

"Nə qədər ki, valyuta bazarına təsir göstərən müvafiq göstəricilər üzrə vəziyyət qənaətbəxş olacaq, manat dollara qarşı münasibətdə möhkəm mövqe nümayiş etdirməkdə davam edəcək. Yəni ki, ucuzlaşma qeydə alınmayacaq. Bu göstəricilər sırasına isə neftin dünya bazar qiymətləri, idxal və ixrac əməliyyatları üzrə vəziyyət, dövriyyədə nağd pul kütləsinə tələbatın passiv mövqe nümayiş etdirməsi, ölkədə dollarlaşma səviyyəsinin yüksək səviyyədə qalması və s. daxildir".

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

İqtisadçının sözlərinə görə, hələ keçən ilin sonundan bəlli idi ki, bu il ərzində manatın dəyəri sabit xarakter daşıyıcaq: "Bunu ilin birinci rübü ərzində əldə olunan bir sıra iqtisadi göstəricilər bir daha deməyə əsas verir. Məlum olduğu kimi, xarici ticarət dövriyyəmizdə 1 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb. İdxal 17 faiz azalıb. Keçən ilin əvvəlindən başlanan ixracın təşviqi, stimullaşdırılması və genişləndirilməsi tədbirləri artıq rüşeym halında da olsa, öz nəticələrini göstərir. Dövlət büdcəsi xərcləri əvvəlki illərdəki kimi həyata keçirilmir. İnvestisiya xərcləri məhdudlaşdırılmış vəziyyətdədir. Kreditləşdirmə demək olar ki, sıfır vəziyyətindədir. Düzdür, bunların bir çoxu müsbət, bəziləri isə mənfi amillərdir. Lakin, müsbət olanlar getdikcə güclənərsə, mənfi amillər tədricən aradan götürülməklə, bütövlükdə real vəziyyətin daha da möhkəmlənməsinə xidmət etməlidir".

Ekspert yaranmış yeni iqtisadi və maliyyə durumu ilə əlaqədar əhalinin öz sərbəst vəsaitlərini hansı valyutada saxlaması ilə bağlı tövsiyyəsini də verməkdən çəkinməyib: "Əgər, keçən il və ondan əvvəlki il manat və ABŞ dolları ilə olan pulun uyğun olaraq 25/75 faiz nisbətində qorunmasının məqsəuyğun olduğunu qeyd edirdimsə, indi artıq bunun balanslaşdırılmış şəkildə, yəni ki, 50/50 faiz nisbətinə transfer edilərək dəyişdirilmiş şəkildə olmasının heç bir təhlükəli xarakter daşımadığını inamla tövsiyə edə bilərəm. Onu da qeyd edim ki, manat nə cür iqtisadi faktorlar olursa-olsun, hədsiz bahalaşan da deyil. Yəni o, bir daha 0,78 qəpik olmayacaq. Heç 1,50 manata qədər dəyər qazanacağı da real deyil. Ancaq ABŞ dollarının 2 AZN olacağına dair "qorxulu buludlar" da artıq mövcud deyil. Üfüqdə hansısa qaraltı gözə dəysə belə, narahat olmağa dəyməz".

 

Demokratik.Az

Oxşar xəbərlər