Xəbər lenti
Bütün xəbərlər

Manat yoxdursa, problem də yoxdur…

  • 24 fev 2016, 09:02
Bu həftənin bazar ertəsi Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu tərəfindən birlikdə 400 milyon dollar həcmində valyuta hərraca çıxarmışdı. Dövlət Neft Fondu bu vəsaitdən 177 milyon 450 min dollar məbləğində vəsaiti 13 banka, Mərkəzi Bank isə 23,850 milyon dolları 11 banka satıb. Hələ də dollar alışının yüksək olması onu göstərir ki, xarici valyutaya olan tələbat kifayət qədərdir. Təbii ki, tələbatın yüksək olması, ölkənin valyuta ehtiyatının əriməsinə,  nağd pul dövriyyəsinin azalmasına, ölkədən kapital axının yüksəlməsinə gətirib. Lakin son günlər manatın dollara nisbətən məzənnəsinin möhkəmlənməsi milli valyutanın ətrafında sabitliyin yaranacağı ilə bağlı ümidlər yaradıb.
Natiq Cəfərli: "Bu inzibati yol daimi və dayanıqlı deyil, ola da bilməz"

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, indiki vəziyyətdə dollara olan tələbatı sabitləşdirmək çətindir: "Ölkəyə valyuta axını səngiyib, satdığımız bir neftdir, onun da vəziyyəti göz qabağında, hələ bir üstəlik hasilat da azalır, ölkədə istehsal yox səviyyəsindədir, idxaldan ciddi asılıyıq. Bunlar dollara tələbatı həmişə yüksək səviyyədə saxlayır. Hökumət isə sırf inzibati yollarla vəziyyəti idarə etməyə çalışır, bunun nəticəsi olaraq da iqtisadi aktivlik daha da aşağı düşür, ticarət dövriyyəsi zəifləyir, iş yerləri qapanır, gəlirlər aşağı düşür.

Mərkəzi Bank hər iş günündə 15-35 mln. dollar bazara valyuta çıxarır. Fevralın 22-də Neft Fondu 177 milyon dollar vəsait satıb, deməli, dollara tələbat azalmır. Bu ay da Mərkəzi Bank və Neft Fondunun ehtiyatları bir yerdə 750-800 milyon dollar azalacaq. Özü də bu valyutadəyişmə məntəqələrinin qapalı, pul-kredit siyasətinin sərtləşdirildiyi, nağd manatın dövriyyəsinin bilərəkdən 2 dəfə azaldılması fonunda baş verir. Bu inzibati yol daimi və dayanıqlı deyil, ola da bilməz".
N.Cəfərli əlavə edir ki, valyuta ehtiyatlarının azaldığı dönəmdə hökumət 2 ay əvvəl qəbul etdikləri büdcəyə yenidən dəyişiklik etməyə məcbur olub: "Dəyişikliklərdə icmal büdcənin gəlirləri 15738,6 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9 faiz azdır. Azalma, əsasən, icmal büdcənin neft gəlirlərinin hesablanması üçün bir barel xam neftin qiymətinin təsdiq olunmuş proqnozla müqayisədə 2 dəfə aşağı, yəni 25 dollar götürülməsi hesabına baş verir. Burada Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin 3 mlrd. 230,3 milyon azalması gözlənilir.

İcmal büdcənin xərcləri isə təsdiq edilmiş büdcəyə nisbətən 23,1 faiz və yaxud 4 milyard 610,2 milyon manat artırılaraq 24 milyard 566,6 milyon manata çatdırılması nəzərdə tutulub. Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 mlrd. 828 mln. manat, ARDNF-in gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 12 mlrd. 309,3 mln. manat təşkil edəcək".

Ekspertə görə, büdcə kəsirini qapatmaq çətinləşəcək: "Bir hissəsi neftin qiymətində yaranacaq fərqə görə, yəni 25 dollardan baha qiymətə olarsa, onun hesabına qapadıla bilər. Bəs sonra? Yeganə yol manatın məzənnəsini aşağı salmaqla, Neft Fondundan götürüləcək dollarları daha yuxarı məzənnə ilə "xırdalayaraq" büdcəyə köçürmək, atrıq qalan manatla büdcə kəsirini qapatmaqdır.
Bu gün yaranmış durumu "vəziyyətin sabitləşməsi" kimi qələmə verməyə çalışırlar, əslində isə, iqtisadi vəziyyətin durğunluğunun şahidiyik. İqtisadiyyat böhrandan depressiyaya girib, durğunluğa qədəm qoyub. Hökumət büdcəyə dəyişikliklər etməklə, xərcləmələri 2 milyard manat artırmaqla iqtisadi aktivliyi yüksəltmək istəyir, amma manat dövriyyəsi, iqtisadi aktivlik artdıqca manatın məzənnəsinə basqılar da artacaq, məzənnə yenidən dollar qarşısında azalmağa başlayacaq. Hökumət isə düşünür ki, hələlik əlavə 2 milyard manatı təmir-tikintiyə yönəldərək, müvəqqəti 10-15 min iş yeri açacaq". 
Vüqar Bayramov: "Müəyyən müddət sonra büdcə xərcləmələri manat təklifini, idxal isə dollar tələbini artıracaq"

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirir ki, birinci devalvasiyadan ötən müddətdə, xüsusən ötən ilin dekabr və bu ilin yanvar aylarında Mərkəzi Bankın siyasəti dollarizasiya prosesinin qarşısının alınması deyil, sürətləndirilməsinə hesablandı: "Dollar ilə depozitlərin payı ümumi əmanət portfelində 85 faizi keçib. Bu əmanətlərin valyuta strukturu baxımdan çox kritik həddir. Üzən valyuta rejiminə keçmək istəyən Mərkəzi Bank, əslində, manata təzyiq səbəbindən prosesi yubatmağa çalışır. Yanvarın 25-dən sonra manatın dollara nisbətən məzənnəsi müqayisəli şəkildə möhkəmlənir və nəticədə dollar qıtlığı səbəbindən ötən ilin sonu və bu ilin əvvələrində yüksək kursla dollar alanlar daha çox ziyan etməmələri üçün xarici valyutanı manata çevirirlər. Halbuki, real üzən məzənnəyə keçməyən Mərkəzi Bank zamanında "qara bazarın" yaranmasına və vətəndaşların yüksək məzənnə ilə dollar almasına imkan verməməli idi".
İqtisadçıya görə, manatın məzənnəsində yanvarın 25-dən sonra müzakirə edilən möhkəmlənmələr psixoloji faktorla bağlı olsa da əhalinin dollar təklifi də diqqətdən yayınmamalıdır: "Amma iqtisadi baxımdan ev təsərrüfatlarının milli valyuta tələbi hesabına bu prosesi nə qədər uzun müddət davam etdirilə bilməsi sual altındadır. Çünki müəyyən müddət sonra büdcə xərcləmələri manat təklifini, idxal isə dollar tələbini artıracaq.

Əslində, 2015-ci ildə Mərkəzi Bankın siyasəti dollarlaşma prosesinə dəstək deyil, manata inam üzərində qurulmalı idi. Manatla əmanətlərin banklardan götürülməsinin qarşısının alınması, eləcə də yeni depozitlərin cəlb edilməsi üçün banklarda olan əmanətlərin dollara indeksasiyası ilə bağlı təklifimiz birinci devalvasiyadan öncə verilsə də, Mərkəzi Bank bu istiqamətdə heç bir addım atmadı. Bu həm də evlərdə saxlanan manatların banklara yönəldilməsinə və bununla da milli valyutaya təzyiqin azaldılmasına xidmət edə bilərdi".

V.Bayramovun sözlərinə görə, baş bankın son 1 ildəki siyasəti əksinə manata təzyiqi artırmaq üzərində quruldu: "Manat bazasını son bir ildə inzibati metodlardan istifadə etməklə 2 dəfə azaldan Mərkəzi Bank "az manat, dollara az tələb" prinsipi ilə vətəndaşları, xüsusən də biznesi milli valyutasız qoyub. Məhdudlaşdırıcı siyasətdən genişləndirmə siyasətinə keçid olduqca vacibdir. Mərkəzi Bankın mövcud monetar siyasəti daha çox manat təklifini məhdudlaşdırmağa hədəflənib. Artıq manatın məzənnəsi dünya bazarı ilə də əlaqəsini itirib: bivalyuta səbətinə malik olan Mərkəzi Bank dolların son günlər qlobal valyuta bazarında möhkəmlənməsinə baxmayaraq, manatı ABŞ puluna nisbətən möhkəmləndirir. Deməli, 2016-cı ildə manatın məzənnəsində neftin dünya bazar qiyməti istisnasız əsas faktor olacaq".

Vüsalə RÜSTƏMOVA
Oxşar xəbərlər