Azərbaycanda bir dollar bir manat olacaq

  • 06 dek, 13:03
  • baxış sayı: 591

Son bir neçə gündə manat qarşısında bahalaşan dollar dekabrın 4-də Azərbaycan valyutasına nisbətdə nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Dekabrın 3-də 1 dollar 1.0512 manata, 1 avro isə 1.1134 manata bərabər idi. Amma dekabrın 4-də Mərkəzi Bankın açıqladığı məzənnələrdə dolların manat qarşısında ucuzlaşdığı, avronun isə bahalaşdığı görünür. Dollar-manat məzənnəsi dekabrın 3-i ilə müqayisədə düşərək 1.0495 manata enib. Avro isə manat qarşısında bahalaşaraq 1.1482 manata çıxıb. Bu prosesin hələ müəyyən müddət davam etməsi gözlənilir.

Demokratik.Az Milli Banka istinadən xəbər verir ki, dolların manat qarşısında dəyər itirməsinə səbəb isə Avropa Mərkəzi Bankının (AMB) yeni qərarıyla bağlıdır. Sözügedən bank depozit dərəcəsini mənfi 0,2 faizdən mənfi 0,3 faizə endirib. Bu vəziyyət avronun dollar qarşısında məzənnəsinin yüksəlməsinə səbəb olub. Bu durum artıq manatın da həmin valyutalara nisbətdə məzənnə dəyişikliyinə rəvac verir.

Məsələni şərh edən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, əslində, xarici investorların gözləntilərindən fərqli olaraq qədim qitənin əsas bankı çox da aqressiv olmayan planını bəyan etdi: "Sözügedən bankın gözlənilməz qərarı sözün həqiqi mənasında valyuta bazarını silkələdi. Belə ki, 1,06 dollara təklif edilən avro artıq 1,093 dollara satılır. Bu cəmi bir gündə avronun 3 faiz bahalaşması deməkdir. Avronun dünya bazarında möhkəmlənməsi manata dollar qarşısında müəyyən "güc” verəcək. Belə ki, avronun dollara nisbətən möhkəmlənməsi milli valyutamızın avroya nisbətən zəifləməsinə, əksinə, dollara nisbətən müqayisəli güclənməsinə səbəb olacaq. Bu baxımdan Azərbaycan Mərkəzi Bankı yenidən son 1 ayda ilkdə dəfə olaraq manatı dollara nisbətən hiss edilən faizlə möhkəmləndirib. Avronun dünya bazarında möhkəmlənməsinin davam edəcəyi halda isə mövcud məzənnə siyasəti çərçivəsində milli valyutamız dollara nisbətən yenidən müqayisəli güclənə bilər".

Yaranmış vəziyyət dollara olan tələbin də əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxarmaq iqtidarındadır. Vüqar Bayramovun sözlərinə görə, fevral devalvasiyasından əvvəl dollar manata nisbətən ucuzlaşırdısa, avroda da eyni proses baş verirdi – avro da manata nisbətən ucuzlaşırdı: "İndi isə Mərkəzi Bank iki valyutalı rejimə keçib. Əvvəllər bir valyutalı rejim idi. Yəni tək dollar idi. Buna görə də kurs ancaq dollara əsasən müəyyən edilirdi. Hazırda isə valyuta səbəbətində manatın məzənnəsini müəyyənləşdirmək üçün həm dolların, həm avronun payı var. Bu da iki valyutalı rejimin əsas göstəricisidir. Əgər dünya bazarında dollar avroya nisbətən möhkəmlənirsə , avtomatik olaraq manata nisbətən də möhkəmlənir. Və ya əksinə doLlar avroya nisbətdə dəyərini itirirsə, manata da nisbətdə dəyərini itirmiş olur. Çünki artıq Azərbaycanın valyuta səbətində avro var”. Ekspert onu da əlavə edib ki, digər iki valyutalı ölkələrdə də, məsələn Rusiyada da oxşar praktika tətbiq olunur: "Bu proses əksər MDB ölkələrində istifadə olunur. Yəni avronun dünya bazarında məzənnəsində hər hansı dəyişiklik olursa, bu həmin ölkələrə də öz təsirini göstərir”. Avronun isə hələ müəyyən müddət dollar qarşısında bahalaşması gözlənilir. Bu proses davam edərsə, onda dollar manat qarşısında da dəyər irtirəcək. Gələn il ərzində də avro dollara nisbətdə möhkəmlənməkdə davam edərsə, onda manat-dollar məzənnəsinin bərabərləşməsi belə istisna edilmir.

Oxşar xəbərlər