Taxta-şalban ucuzlaşacaq

  • 01 apr 2017, 09:37

Hökumət ixrac rüsumlarını artırdı: "Bu qərar idxal deyil, ixrac əməliyyatlarına aiddir”

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə yenidən baxıb. Martın 28-də verilən və martın 30-da açıqlanan 113 nömrəli qərara əsasən, 30 gündən sonra bir çox çeşiddə meşə materialı ixracına görə ağır gömrük rüsumları ödəniləcək.

Meşə materialına rüsum tətbiq edilməsi Dövlət Gömrük Komitəsinin (DGK-nın) təşəbbüsüdür. Bu təşəbbüslə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər dövlət qurumları razılaşıb. Qərara əsasən, 1 kubmetr meşə materialı ixrac edəndən 1000 ABŞ dolları gömrük rüsumu tutulacaq.

Söhbət bütün növ meşə materialından deyil, 4401, 4403, 4404 və 4407 mal nomenklaturası üzrə təsnifləşdirilənlərdən gedir. Bu, şalban, emal edilməmiş meşə materialı, çəllək oduncağı, 6 mm-dən çox qalınlığı olan meşə materiallarıdır. 
Dövlət Gömrük Komitəsinin illik hesabatlarına görə, 2015-ci ildə Azərbaycandan 611,9 kubmetr, ötən il bundan 3,9 dəfə çox - 2 min 388,2 kubmetr müxtəlif meşə materialı ixrac olunub. İxracatdan daxilolma isə artmaq əvəzinə, 7750,2 min dollardan 706 min dollara enib.

İqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat”a açıqlamasında yeni tətbiq olunan gömrük rüsumunu dəyərləndirib və bunu meşə məmulatlarının ixracına məhdudiyyət qoyulması kimi şərh edib: "Bu qərar idxal deyil, ixrac əməliyyatlarına aiddir. Rüsumlar maksimum dərəcədə artırılıb ki, bu məhsulların ölkədən ixracının qarşısı alınsın. Artıq iş adamları üçün sözügedən kateqoriyaya daxil olan taxta-şalban məmulatlarının ixracı səmərəsiz olacaq. Burada iki məqsəd ola bilər. Birincisi, meşə təsərrüfatını qorumaq amacı, bir də xammal kimi deyil, həmin məhsulları burada emal etdikdən sonra ixrac etmək üçün stimul yaratmaq istəyi. Ancaq burada bir məqam da var ki, bu məhsulların bəzilərini biz Rusiyadan alıb reeksport (təkrar ixrac- N.L.) edirdik. Son gömrük göstəricilərinə görə, İraqa və İrana bu mallar reeksport olunurdu. İndi bu əməliyyatlar da səmərəsiz hala gələcək. İş adamları Rusiyadan mal alıb kiçik bir emaldan sonra xaricə reeksport edirdilər. İndi bu gömrük rüsumlarından sonra bu proses də dayanacaq”.

Bu qərarın ölkə daxilində qiymətlərə necə təsir edəcəyinə gəlincə, Natiq Cəfərli vurğuladı ki, məhz bu qərarda nəzərdə tutulan kateqoriyaya daxil olan məhsullar ucuzlaşacaq: "Əgər həmin məhsullar ölkəmizə idxal edilib, sonradan reeksport olunmayacaqsa, bazarda bolluq yaranacaq və bu da qiymətlərin enməsinə səbəb olacaq. Ancaq bunun ikinci təsir xüsusiyyəti o olacaq ki, bəzi iş adamları məhz reeksport prosesindən qazanc əldə edirdilər. İndi burada da çətinliklər yaranacaq, bu sahədən gələn valyuta ölkəyə daxil olmayacaq”.

İqtisadçı onu da vurğuladı ki, 1 kubmetr meşə materialına görə 1000 dollar rüsum ödənilməsi çox böyük rəqəmdir: "Bu bir növ meşə materiallarının ixracını qadağan etməyə bərabərdir. Bunu qadağa yolu ilə deyil, iqtisadi alətlə edirlər. Bu rüsumun tətbiq edilməsi, sadə dildə xaricə taxta-şalban ixrac etməyin deməkdir”.

Demokratik.Az


Oxşar xəbərlər