Honq Konq niyə Çin olmaq istəmir?

  • 08 okt 2019, 09:45

Tarixi kommunist ölkənin kapitalist vilayətindəki etirazların arxasındakı səbəb

Honq Konqda etirazlar artıq bir neçə aydır davam edir. Kütləvi etiraz aksiyalarına səbəb isə Çin hökumətinin qəbul etdiyi ekstradisiya haqqında yeni qanundur. Qanuna əsasən Honq Konqda cinayət törədənlər Çinə ekstradisiya ediləcək.

Ancaq Honq Konq sakinləri bu qanuna etiraz edir, Pekin hökumətinin bu qanundan siyasi məhbuslara qarşı işgəncə vasitəsi kimi istifadə edəcəyini iddia edir. Artıq 4 aydan çoxdur davam edən etirazlarda milyondan çox insan iştirak edir. Bundan əvvəl isə Çin hökumətinin Honq Konqun yeni hökumət başçısı namizədlərini müəyyən etməsinə qarşı etirazlar olub.

Qeyd edək ki, Çinin cənub-şərqində yerləşən Honq Konq eyni adlı ada və Koulon yarımadası və daha 235 adadan təşkil olunub. Ərazi 1840-cı ildə Birinci Tiryək müharibəsi zamanı Böyük Britaniya tərəfindən işğal olunub. 1842-ci ildə imzalanan Nankin müqaviləsinə əsasən ərazi Böyük Britaniyanın müstəmləkəsi olur. Bu bölgə 1941-45-ci illərdə yaponların əlinə keçsə də, sonradan yenidən ingilislər onu geri alır. 1949-cu ildən isə Honq Konq Britaniya ilə Çin Respublikası arasında diplomatik əlaqələrin qurulması ilə inkişaf edir və regionda inkişaf etmiş ərazilərdən biri olur.

1997-ci ildə Böyük Britaniya ilə Çin arasında anlaşmaya əsasən 235 illik ingilis müstəmləkə dövrü başa çatır və HonqKonq eyni adlı muxtar respublika kimi Çinə daxil olur. Ancaq adada böyük ölçüdə daxili müstəqillik var. Çinə daxil olduqdan sonrakı 22 il ərzində Honq Konqda etirazlar davam edib. Çin hökuməti Honq Konqda prezidentliyə yalnız mərkəzi hökumətin müəyyən etdiyi şəxsin namizəd olmasını istəyir, Honq Konq yerli sakinləri isə hər kəsin seçkidə iştirak hüququnun olmasını tələb edir.

Məsələ ondadır ki, Honq Konq 1997-ci ildə Çinə təhvil veriləndə bu ölkəyə yüksək muxtariyyət verilib. Yəni xarici siyasət istisna olmaqla Honq Konq daxili işlərdə, eləcə də iqtisadi mövzularda müstəqildir. Çində sosializm olsa da, Honq Konqda kapitalizm idi.

Ancaq Çin dövlətində son illərdə güclənən mərkəzi hakimiyyət sərt idarəçiliyi Honq Konqa da yaymağa çalışır. 2017-ci il seçkilərində Çin hökumətinin muxtariyyətə öz namizədlərini irəli sürməsi etirazlara səbəb oldu, bu ilin 1 iyulunda isə insanlar ekstradisiya qanununa etiraz olaraq küçələrə çıxdı. Ondan əvvəl iyunun 13-də Honq Konq hökumətinin ekstradisiya qanununa etirazların artması yerli hökuməti qanunun ikinci oxunuşdan sonra geri çəkməsinə səbəb oldu. Lakin tamamilə ləğv etmədi.

Qeyd edək ki, Honq Konq muxtar respublikası hazırda dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. 1104 kv.km ərazisi olan Honq Konqun 2014-cü il siyahıyaalmasına görə, 7 milyon 234 min nəfər sakini var. İşsizlik cəmisi 3.3 faizdir. Adambaşına düşən milli gəlir 48,717 dollardır, Çində isə bu rəqəm 9,770 dollardır. Aradakı fərq 6 dəfəyə yaxın Honq Konqun xeyrinədir.

Honq Konqda artıq 4-cü aydır davam edən etirazlara bir neçə dəfə Çin ordusunun müdaxilə edəcəyi xəbərləri yayılsa da, sonradan bu xəbərlər təsdiqini tapmayıb. 1997-ci ildə Honq Konq Çinə birləşdirildikdən sonra burada Çin Xalq Qurtuluş Ordusunun 5 minə yaxın hərbçisinin olduğu qarnizon mövcuddur. Bundan başqa, muxtar respublikaya əlavə hərbi qüvvə göndərilməsi üçün yerli hökumət rəhbərliyinin mərkəzi hakimiyyətə rəsmi müraciətinə ehtiyac var. Hətta bir neçə dəfə Çin ordusunun muxtariyyətin sərhədlərinə əlavə qüvvə göndərməsi xəbərləri yayılsa da, bu müdaxilə baş verməyib.

İyun ayının sonlarından başlayan etirazlarda bu günə qədər 700-dən çox insan saxlanılıb, 6 nəfər barəsində isə həbs qərarı çıxarılıb. Aksiyalarda ölən olmasa da, plastik mərmilər bir neçə etirazçının gözünə dəydiyi üçün kor edib. Aksiyaların yatırılmasına 12 min polis cəlb olunub.

Bu aksiyalar Honq Konqda iqtisadiyyata ciddi zərbə vurub, bir sıra sektorlar ağır maliyyə itkisi yaşayıb. Xüsusən də aksiyaların baş verdiyi Honq Konq hava limanında ciddi axsama qeydə alınıb. İldə 75 milyon insana xidmət edən Honq Konq beynəlxalq hava limanı son aylarda ciddi itki yaşayıb.

Honq Konq etirazlarının bir səbəbi də Çin və Qərb ölkələri arasında son illərdə yüksələn gərginlikdir. Məsələ ondadır ki, Britaniya torpağı olan Honq Konqda əhalinin cəmisi 15 faizi özünü çinli hesab edir. Üstəlik, bu ərazidə liberal kapitalist iqtisadi sistemi mövcuddur. Çin isə son illərdə sürətlə böyüyərək ABŞ-a rəqib olmaqdadır. Honq Konq hadisələri ABŞ-Çin gizli düşmənçiliyinin üzə çıxan elementləridir. /"Yeni Müsavat”/

Oxşar xəbərlər