İŞİD Kabildə qan tökdü

  • 30 yan 2018, 09:49

Kabulda terror aktlarının pərdəarxası - Avrasiyanın mərkəzi uğrunda mübarizə qızışır

 

Terrorçular növbəti dəfə paytaxt Kabildə hərbi təlim mərkəzinə hücum ediblər. Sonradan İŞİD terror təşkilatının məsuliyyətini öz üzərinə götürdüyü terror hücumu nəticəsində 9 nəfər ölüb.

 

İŞİD-in xəbər agentliyinin yaydığı məlumatda "İslam Dövləti savaşçıları Kabildəki hərbi akademiyaya intihar hücumu ediblər” deyə, qeyd olunur. BBC-nin məlumatına görə, terror hücumunu həyata keçirən 5 terrorçudan 4-ü öldürülüb, biri isə sağ ələ keçib.

Bu, son 10 gündə Kabildə həyata keçirilən artıq 3-cü terror aktıdır. Ötən şənbə günü Kabildə təcili yardım maşınının partladılması nəticəsində 100-dən çox insan ölüb, 160 nəfərə yaxın insan isə yaralanıb. Bir həftə əvvəl isə yenə Kabildə hotelin partladılması nəticəsində 22 nəfər ölmüşdü. Hər iki terror aktını "Taliban” törədib.

Yanvarın 24-də isə Cəlalabad şəhərində mərkəzi ofisi İngiltərədə yerləşən "Save the Children” beynəlxalq yardım təşkilatının ofisi partladılıb. Terror nəticəsində 2 nəfər ölüb, azı 12 nəfər yaralanıb.

Əfqanıstanın paytaxtının bu qədər intensivliklə hədəfə alınması bu ölkədə təhlükəsizlik və hərbi vəziyyətlə bağlı ciddi suallara səbəb olub. Məsələ ondadır ki, 2001-ci ildə Əfqanıstan ABŞ tərəfindən işğal olunub paytaxt Kabil koalisiyanın nəzarəti altına düşdükdən sonra bu ölkədə köklü sabitlik əldə olunmayıb. Ötən illərdə koalisiya əsasən, paytaxt Kabildə və iri şəhərlərdə güclü olub. Hətta 2009-cu ildə açıqlanan bir hesabata əsasən, Əfqanıstan ərazisinin cəmisi 25 faizi koalisiya qüvvələrinin nəzarəti altında idi, əyalətlər bütövlükdə 75 faiz ərazi Taliban və digər silahlı qruplara tabe idi. Son illərdə vəziyyət nəinki düzəlməyib, əksinə, daha da pisləşib. Son olaraq 10 gün ərzində Kabilin həm "Taliban”, həm də İŞİD-in hücumuna məruz qalması göstərir ki, vəziyyət daha da pisləşib. Çünki daha öncə Əfqanıstanda yerli hökumət və NATO üçün əsas düşmən "Taliban” və silahlı tayfa qrupları idisə, indi İŞİD meydana çıxıb və Əfqanıstanda indi həm də İŞİD-in digər qruplarla rəqabət meydanına çevrilib.

Qeyd edək ki, 1996-cı ildə sovet ordusunun çıxmasından sonra başlayan daxili müharibədən qalib çıxan "Taliban” Kabildə daxil olmaqla Əfqanıstanın 85 faizini ələ keçirərək "Əfqanıstan İslam Əmirliyi” elan etdi. "Taliban” hakimiyyətdə olduğu dövrdə Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlər "Taliban” Əfqanıstan hökumətini rəsmən tanıyıb və diplomatik əlaqələr qurdu. Eyni zamanda bu ölkələr Əfqanıstan "Taliban” hökumətinə yardım etdilər.

2001-ci il oktyabrda hava zərbələri ilə başlayan Amerika hücumları qısa müddətdə Əfqanıstanın paytaxtı Kabilin alınması ilə nəticələndi. "Taliban” isə dağlara çəkildi. Bir müddət səssiz qalsa da, 2004-cü ildən başlayaraq "Taliban”ın Əfqanıstanda hücumları artmağa başladı. 2009-cu ildə isə yerli hökumət və ardınca isə amerikalılar Əfqanıstanda sülhün əldə olunması üçün "Taliban”la danışıqlara etməyin vacibliyindən danışmağa başladılar. "Taliban” artıq Əfqanıstan reallığı olaraq qəbul olunur. Hətta ötən il Rusiya hökumətinin təmsilçiləri ilə "Taliban” nümayəndələri arasında danışıqların aparılması ilə bağlı məlumatlar mediada yayıldı. Təbii ki, bunun da ciddi səbəbi vardı. Söhbət Əfqanıstanı təhdid edən İŞİD təhlükəsindən gedir.

Məsələ ondadır ki, 2014-cü ildə İŞİD İraq və Suriyada böyük ərazilər işğal edəndə planetin bir neçə nöqtəsində, o cümlədən Əfqanıstan və Pakistanda bir sıra silahlı qruplar İŞİD liderinə biyət etdiklərini açıqladılar. Hətta bəzi "Taliban” liderləri də İŞİD-ə qoşulduqlarını bildirdilər.

Və 2015-ci ilin dekabrında gözlənilmədən İŞİD-in Əfqanıstanın şimalında, Türkmənistan sərhədində peyda olduğu açıqlandı. Məlum oldu ki, İŞİD əfqan-türkmən sərhədində "Baqlan” adında yeni baza qurub. Dağlıq Barak rayonunda yerləşən İŞİD silahlıları ərazidə sərbəst yaşayır, avtomobillərlə hərəkət edir və ən əsası yerli gəncləri cəlb edirdilər. Məlum olmuşdu ki, İŞİD üzvlüyü üçün kasıb ailələrin övladlarına aylıq 600 dollara yaxın maaş verilir. Bu, Əfqanıstan üçün ciddi rəqəmdir.

 

 

Çox tezliklə məlum oldu ki, İŞİD-in əsas hədəfi Əfqanıstandan daha çox Türkmənistan və geniş mənada Orta Asiyadır. 2017-ci ilin yayında İŞİD-in Türkmənistanla sərhəddə yerləşən Cauzcan əyalətinin Derzabe rayonunu ələ keçirməsi xəbərləri yayıldı. Bundan bir qədər əvvəl isə terrorçular Derzabe və Qoşdepe kəndlərini ələ keçiriblər. İŞİD-çilər arasında Özbəkistan əsilli silahlılar müşahidə olunub. Bunlar "Özbəkistan İslam Hərəkatı”nın silahlıları olub.

Daha sonra isə sərhəddə Türkmənistan və Əfqanıstan qüvvələrinin birgə əməliyyatı keçirildi və xeyli sayda terrorçu məhv edildi. Əfqan hökumət rəsmiləri İŞİD-in zəbt etdiyi ərazilərdən çıxarıldığını elan etdi. Ancaq bu, hələ təhlükənin tam olaraq sovuşması anlamına gəlmir. Çünki beynəlxalq agentliklər artıq İŞİD-in növbəti hədəfinin Mərkəzi Asiya, özəlliklə Əfqanıstan regionu olacağı ilə bağlı çoxlu sayda xəbərlər servis edir. Bu da onu göstərir ki, Əfqanıstan qarşıdakı illərdə qanlı terror müharibəsinin mərkəzinə çevrilə bilər. Yeri gəlmişkən, artıq ABŞ hökuməti də Əfqanıstanda xidmət edəcək hərbçilərin sayını artırmaqla bağlı qərar qəbul edib. Bütün bunlar Avrasiyanın mərkəzi uğrunda müharibənin qızışacağını göstərir. /Y.M/

Oxşar xəbərlər