“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?

  • 10 dek 2018, 09:11

Fransada baş verənlər Avropada yüksələn anti-elita hərəkatı addım-addım yaxınlaşan "rəqəmsal demokratiyanın” ilk işartılarından biridir.

Bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Avropa həmişə demokratik dalğaların avanqardı olub, indi də ağrılı-acılı, sancılı yeni dalğanın - rəqəmsal, hətta post-modern demokratiyanın yolunu açır:

"Dünya siyasəti uzun illərdir bəlli doqmalar, qaydalar üzərində bərqərar oldu. Uzun illərdə eyni, dəyişməz elitalar formalaşdı, eyni sivil toplum qurumlarından, universitetlər, proqram və seminarlardan keçən şəxslər Qərb siyasi elitasının təməlini, nüvəsini təşkil edirdi. ABŞ-da səfərdə olarkən bir "beyin mərkəzində" dedilər ki, Amerikanın 26 prezidenti müxtəlif illərdə onların könüllüsü olub. ABŞ Senatı və Konqresinin üzvlərinin ilk tanışlığı çox zaman universitet illərinə təsadüf edir”.

Politoloq bildirib ki, Trampın qalib gəlməsi cəmiyyətin elitalaya kəskin etiraz idi. Onun sözlərinə görə, Tramp hələ ki anti-elita xəttini aparır, amma 2-ci dəfə seçilməsi çətin görünür.

İqtisadçı qeyd edib ki, Avropada da eyni problemlər var: "Siyasi elitalar eyni dar çevrədən formalaşıb. Yunanıstanda az qala 40 il iqtidar-müxalifət olaraq bir-birini əvəzləyən cəmi 2 ailə var idi. Və ən maraqlısı da o idi ki, o ailələrin üzvləri eyni məktəbə, eyni universitetə gedirdilər. Sonra ciddi anti-elita hərəkatı oldu, qeyri-formal davranışları olan Çipras seçildi, amma indi o elitanın təsirindədir, o da zənciri qıra bilməyib”.

İqtisadçı vurğulayıb ki, Fransada Makron anti-elita hərəkatının ümidi idi:

"O, qısa zamanda ulduz kimi parladı, amma sonra elitalara müqavimət göstərə bilmədi, nəticədə onların tayına çevrildi - ona inanmış kütlə bu gün məhz buna görə qəzəblənib küçələrə düşüblər. Daha bir problem odur ki, Qərb siyasi çevrələri kütləşir, ən yaxşı təhsil alan bilikli insanlar siyasətə gəlmir, biznesə gedib pul qazanır. Siyasətə səsi zəif çıxan azsaylı idealistlər və üstünlük təşkil edən boz, az savadlı, rəqabətli biznes mühitində uğur qazana bilməyənlər gəlir. Hələ ki, onlar siyasətin alt və orta pillələrindədir, bir müddət sonra qərarverənlər olacaq, amma indi qərarverənlərə məlumatı onlar verir və bu mexanizmdə əsas rol oynayır”.

İqtisadçının sözlərinə görə, növbəti səviyyə və böhrandan çıxış yolu rəqəmsal demokratiya olacaq:

"Nə qədər qəribə səslənsə də, demokratiya öz ilk kökünə qayıdacaq. Afinada vətəndaşlar meydana yığışıb birbaşa səs verirdilər, rəqəmsal demokratiya dönəmində isə vətəndaşlar evdən çıxmadan belə qərarvermə mexanizmində həlledici həlqə olacaqlar. Yeni texnologiyalar buna artıq imkan verir, texniki olaraq bu mümkündür, sadəcə, dünya elitasının beyni dəyişməlidir ki, yeni post-modern dünyaya qovuşmaq mümkün olsun. Amma rəqəmsal demokratiya savadlı vətəndaş tələb edir - deməli, dünyada liberalizm və demokratiya böhranının sona çatması resepti yenə elm və təhsildir”.

Demokratik.Az

Oxşar xəbərlər