"Müxalifətin anti-böhran təkliflərinə ehtiyac yoxdur" - Deputat

  • 12 yan 2016, 09:05
Manatın ikinci devalvasiyası ölkədə əhalinin sosial vəziyyətini bir qədər də ağırlaşdırdı. Sosial şəbəkələrdən də göründü ki, vətəndaşlar hökumətdən mövcud vəziyyətlə bağlı çıxış yolu istədikləri kimi, müxalifətdən də bu proseslərə bir etiraz səsi gözlədilər. Azərbaycanın müxalifət partiyaları isə sadəcə olaraq, sosial şəbəkələr, mətbuat üzərindən hökumətə böhrandan çıxmaq yollarını təklif etdilər.

Məsələ ilə bağlı musavat.com-a danışan deputat Fəzail Ağamalı bildirib ki, ümumiyyətlə, müxalifətin bu cür təkliflər verməsinə ehtiyac yoxdur: "Ölkə başçısı başda olmaqla, hökumət gedən proseslərin fərqindədir. Bu ilin 10 yanvar tarixində də ölkə başçısının hökumətin hesabatında verdiyi açıqlamalar, söylədiyi fikirlər birmənalı şəkildə sübut edir ki, cənab prezident baş verən hadisələrin tamamilə fövqündədir. Ölkə başçısı ölkəni dünyanı bürüyən və getdikcə dərinləşən iqtisadi-siyasi böhrandan sığortalamaq üçün lazım olan addımların atılması barədə konkret tapşırıqlar verir. Tamamilə əminəm ki, bu gün ölkə başçısı və onun komandasında anti-böhran xarakterli proqram sənədləri mövcuddur. Xatırlatmaq istərdim ki, 2016-cı ilin büdcə layihəsi hazırlanan zaman ölkənin maliyyə naziri Samir Şərifov millət vəkillərinin qarşısında çıxış edərkən bildirdi ki, hökumət üç layihə hazırlayıb. Bu, dolların devalvasiyası və neftin qiymətinin aşağı düşməsi ilə bağlı idi. Birincisi neftin qiymətinin 50 dollar, ikincisi 50-30 dollar arası və 50 dollardan yuxarı olmasına uyğun olan layihələr idi. Biz 50 dolların üzərində dayandıq və həmin büdcəni təsdiq etdik. İndi əgər başqa addıma ehtiyac olarsa, artıq hökumətin əlində neftin qiymətinin 30 dollara qədər düşməsi zamanı görüləcək işlər üçün konkret proqram var. Bu baxımdan, hesab edirəm ki, hökumətə təqdim edilən böhranla bağlı proqramlara heç bir ehtiyac yoxdur. Hökumət özü lazım olan tədbirləri görür və görəcək”.

Politoloq Natiq Miri isə bildirib ki, müxalifət bu gün real imkanlar çərçivəsində hərəkət etmək məcburiyyətindədir: "Çünki hətta müxalifət bu gün küçələrə çıxsa da, indiki şəraitdə fiziki baxımdan böyük güc toplamaq imkanında deyil. Eyni zamanda xalqın onları birmənalı dəstəkləyəcəyinə də müxalifətdə əminlik yoxdur. Çünki hələlik devalvasiya hadisələri və bundan zərər çəkən cəmiyyətdən bir növ sosial sifariş hiss olunmur. Bu baxımdan, müxalifət hələ ki, gözləmə mövqeyini seçmək məcburiyyətindədir. Paytaxtla müqayisədə regionlarda ümumi sosial vəziyyət daha çətindir. Buna görə də artıq müşahidə edirik ki, bölgələrdə lokal da olsa, müəyyən sosial etirazlar dirçəlməkdədir. Hesab edirəm ki, bu etirazlar intensivləşdikcə, hakimiyyət konkret olaraq, anti-böhran proqramını ortaya qoymadıqca, müxalifət də tərpənmək məcburiyyətində qalacaq. Müxalifət bunu öz gücü ilə edəcək səviyyədə deyil. Sosial sifariş olduğu təqdirdə, hesab edirəm ki, müxalifət bu fürsəti boşa verməyəcək”. 

Politoloq bildirib ki, eyni zamanda müxalifətin hazırkı susqunluğu hakimiyyətə bir zaman şansı tanımaq anlamı da daşımalıdır: "O mənada ki, bu gün əksər postsovet və neft istehsal edən ölkələrdə müəyyən iqtisadi böhranlar, devalvasiya prosesləri gedir. Ancaq buna adekvat olaraq, bir çox ölkələr çox ciddi anti-böhran proqramları ortaya qoyublar. Azərbaycanda isə hələ ki, bu sözçülükdən irəli getməyib. Ölkədə iqtisadi baxımdan vəziyyət müsbətə doğru dəyişməsə, müxalifət konkret siyasi qərarlar qəbul etmək məcburiyyətində qalacaq. Əks təqdirdə, təbii ki, müxalifətin fəaliyyətinin sıfıra bərabər olması görünəcək. Bu isə onların siyasi gələcəyi üçün konkret müəyyənedici faktora çevriləcək ki, müxalifət artıq mövcud duruma müdaxilə etmək gücündə deyil. Əgər xalqda bu cür fikir formalaşarsa, bu, onlar üçün siyasi faciə olacaq”.
Oxşar xəbərlər