Putin andiçmə günlərində savaşa çəkilir-təhlükəli gəlişmə

  • 12 apr 2018, 12:01

Proseslər Üçüncü Dünya Müharibəsinin Suriyada başlanacağı ehtimalını yaradır; sabiq nazir Tofiq Zülfüqarov: "Vəziyyət gərgindir, amma Bəşər Əsədin taleyi o qədər əhəmiyyətli deyil ki, bəşəriyyətin gələcəyinə son qoysun”

Rusiya prezidenti Vladimir Putin mayın 7-də keçiriləcək andiçmə mərasimi öncəsi ardıcıl şəkildə pis sürprizlərlə üzləşməkdədir. ABŞ-ın sanksiyalarının ardınca Böyük Britaniyada baş vermiş müəmmalı zəhərlənmə olayından sonra Rusiyanın milyardlarla  dollar vəsait itirməsi, rus rublunun dollar və avroya nisbətdə kəskin ucuzlaşmasının ardınca Moskva müharibə təhdidi ilə üz-üzə qalıb. 

Görünən budur ki, Rusiya və ABŞ Suriyada üz-üzə gələ və dəhşətli hadisələr başlaya bilər. Xəbər verildiyi kimi ABŞ prezidenti Donald Tramp Suriya rejiminin Dəməşq yaxınlığında kimyəvi silah işlətməsinə cavab olaraq hərbi tədbirlər görəcəyini, qərarın 72 saat ərzində veriləcəyini bəyan edib. Bu müddətin başa çatmasında saatlar qalır. Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

Xəbərlərə görə Suriya rejiminin qüvvələri də öz bazalarında döyüş hazırlığı vəziyyətindədir və ABŞ-ın raket zərbələrinə hazırlaşır. ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları Suriya üzərində patrul uçuşları keçirir. Virtualaz.org xəbər verir ki, Britaniyanın "Sky News” telekanalı qırıcıların Homs əyalətinin sərhədyanı Əl-Tanif şəhəri üzərində alçaqdan uçuşlar keçirdiyini bildirir. Digər məlumata görə ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri İraq və İordaniya səmalarında da görünüb. Britaniya nəşrləri onu da bildirir ki, İraq-Suriya sərhədi boyu koalisiya təyyarələrinin uçuşlarını müşahidə etmək mümkündür.

Bundan əvvəl Rusiyanın Livandakı səfiri Aleksandr Zasıpkin "Al-Manar” telekanalına müsahibəsində bildirib ki, onun ölkəsi Suriya ərazisinə buraxılan "istənilən raketi” vurmağa hazırdır. Diplomat bunu öz fikri kimi yox, Rusiya rəhbərliyinin rəsmi mövqeyi kimi çatdırdığını deyib. "Əgər Amerika zərbə endirsə, raketlər vurulacaq, habelə raketlərin buraxıldığı nöqtələrə zərbələr endiriləcək”-səfir deyib.

Öz növbəsində Böyük Britaniya birləşmiş silahlı qüvvələrinin komandanı, general Riçard Berons BBC-yə müsahibəsində deyib ki, rusiyalı diplomat gərək sözlərini diqqətlə seçib danışaydı. Generalın bildirdiyinə görə, əgər ruslar ancaq raketləri vurmağa hazırlaşırsa onlar bunu tam uğurlu həyata keçirə bilməzlər. Əgər səfir Zasıpkin "start platformalarına zərbə” dedikdə raketlərin buraxıldığı ABŞ gəmilərini və sualtı qayıqlarını, təyyarələrini nəzərdə tutursa bu artıq müharibə deməkdir.

Suriya hərbi komandanlığı ABŞ-ın gözlənilən raket zərbələrinə görə döyüş aviasiyasının əsas hissələrini Rusiyanın Hmeymim aviabazasına köçürüb. Virtualaz.org xəbər verir ki, bu barədə "Le Figaro” Suriyadakı mənbələrə istinadən yazır. Habelə Əsəd rejimi qüvvələrinin bir sıra komanda məntəqələri də evakuasiya olunub. "Hələ həftənin əvvəlindən suriyalılar özlərinin əsas aviabazalarını tərk etməyə başladılar”-Yaxın Şərq üzrə ekspert adının çəkilməməsi şərti ilə deyib. Məlumata görə Dəməşq yaxınlığındakı Dumeyr şəhərində yerləşən hərbi aerodromdan bütün personal evakuasiya olunub. Şərqi Qutaya zərbə endirən təyyarələr məhz həmin bazada yerləşirdi. Habelə Suriya ordusunun əsas komanda məntəqələri boşaldılıb.

Suriya rejiminin döyüş aviasiyasının əsas hissəsinin Hmeymimə köçürüldüyünü qəzetin Suriyadakı "əsas mənbəsi” də təsdiqləyib. Bununla da Suriya rejimi döyüş qabiliyyətli texnikanı Amerikanın raket zərbələrindən qorumağa çalışır. Çünki Hmeymim aviabazasının ABŞ-ın hədəfləri sırasında olmadığı təxmin edilir.

"Le Figaro” onu da xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds” qvardiyasının komandanı general Qasım Süleymani də hazırda Suriyadadır. O, Suriyadakı 2 minə qədər İran hərbçisinin Amerikanın mümkün zərbələrinə qarşı necə hərəkət edəcəyini müzakirə edir.

ABŞ prezidenti Donald Tramp Rusiyanın Livandakı səfirinin Suriyaya tərəf buraxılan bütün Amerika raketlərini vuracaqları barədə bəyanatına özünün Tvitter bloqunda reaksiya verib. "Rusiya Suriyaya tərəf buraxılan bütün raketləri vurmağı vəd edir. Hazırlaş, Rusiya, onlar uçacaqlar. Onlar yaxşı, yeni və "ağıllı”dır! Öz vətəndaşlarını öldürən və bundan həzz alan "qazlı heyvan-qatili” dəstəkləmək lazım deyil!”-Donald Tramp yazıb.

"Bu raketlər terrorçulara doğru uçmalıdır”. "Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bildirib. "Ağıllı raketlər qanuni hökumətlərə deyil, terrorçulara doğru uçmalıdır”, - deyə Nazirlik rəsmisi vurğulayıb.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşər Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.

Məsələyə Türkiyədən də reaksiya verilib. "Əgər ABŞ Suriyaya raket atsa, Rusiya bunun altında qalmayacaq, dərhal cavab verəcək”. Bu sözləri Türkiyənin Müdafiə naziri Nurəddin Canikli deyib. (Axar.az) "Bu təhlükə uzun müddətdir davam edir və bundan sonra da edəcək. Bir qığılcım bütün bölgənin partlayışı ilə nəticələnən qarşıdurmanın başlamasına səbəb olar”, - Canikli bildirib.

ABŞ prezidenti Donald Tramp Rusiyanın ABŞ-a ehtiyacı olduğunu da deyib. Lakin onu da qeyd edib ki, indi Rusiya ilə münasibətlərimiz hətta, soyuq müharibə illərindəkindən də pisdir. Tramp "Bəlkə silahlanmanı dayandıraq?”-sualını da verib.  Pentaqon isə açıqlayıb ki, Trampın yazdığı tvitlər bizə yox, Ağ Evə problem yaradır.

Baş verənləri "Yeni Müsavat”a şərh edən sabir xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, ABŞ və Rusiya arasındakı böhran yeni deyil: "Adətən, bu böhran özünü kənarlarda büruzə verir. Sovetlərin vaxtında qarşıdurma Vyetnamda, ya Əfqanıstanda baş verirdi. İndi buna bənzər vəziyyət yaranıb, Suriyada baş-başa gəlmək təhlükəsi yaranıb. İnanmıram ki, birbaşa tiqquşma olsun. Amma hər halda vəziyyət yetərincə gərgindir. Söhbət ondan gedir ki, artıq həm Qərb koalisiyası, həm də "Şərq koalisiyası” bu və ya digər şəkildə terrorçu qüvvələri xeyli zəiflədib. İndi də gündəmə gələn məsələlər Suriyanın gələcəyi barəsində olan fikirlərdir. Bu məsələdə söz sahibui kim olacaq, bunun fonunda Rusiya və ABŞ arasında böhran baş verir”. T.Zülfüqarov Rusiya düşdüyü durumu unutmamalıdır: "Rusiya elə bir vəziyyətdə deyil ki, böhran onun xeyrinə olsun. İkinci tərəfdən, daxildə üzləşdiyi problemlərlə əlaqədar Trampın Rusiyaya qarşı zəiflik göstərməsi gözləniləndən uzaq ehtimaldır. Bu baxımdan hesab edirəm ki, gizli və ya yarımgizli razılaşma baş verəcək, tərəflər daxili auditoriya üçün öz versiyasını tərtbiq edəcək”.

Sabiq nazir Suriyada iki nəhəng gücün müharibəyə başlayacağını, bunun da dünya müharibəsinə gətirib çıxarmasını istisna edir: "Bəşər Əsədin taleyi o qədər əhəmiyyətli deyil ki, bəşəriyyətin gələcynə son qoysun, bu, fantastik bir ehtimaldır. Amma hesab edirəm ki, Suriyanın gələcəyi ilə bağlı hansısa razılaşmalar olacaq”. T.Zülfüqarov Moskvanın məqsədinin başqa olduğunu söylədi: "İnanmıram ki, Rusiyanın əsas maraqları Suriyada yerləşir. Sadəcə olaraq Suriyanın səhnəsində Qərblə qarşıdurma baş verir. Əsas məqsədi budur ki, indiki dünyada Rusiya hansı yeri tutacaq. Rusiya fövqəldövlət olduğuna və hərbi imkanlarına görə ikinci yeri tutmağa çalışır. ABŞ isə onu regional oyunçu kimi qəbul etmək istəyir. Həmişə olduğu kimi, föqvəldövlətlərin siyasəti hansısa digər ölkələrin və ya xalqların maraqları üzərində baş verir. Konkret olaraq Suriya xalqı bundan çox böyük əziyyətlər çəkir”.

T.Zülfüqarov bölgəni təhdid edən hadisələrdə Azərbaycanın soyuqqanlı olmasını zəruri sayır: "Ordakı oyunçuların əksəriyyətinin coğrafi məkanla bağlılıqları var. Rusiya və ABŞ isə uzaqda olsalar da, hər ikisi məqsədlərinə nail olmaq istəyir. Bilmək lazımdır ki, bu, bizim dava deyil, gərək kənarda olaq. İnanmıram ki, bizim xarici siyasətdə bununla bağlı hansısa səhv buraxılacaq. Bizim işimiz hansısa xoşməramlı xidmətlər göstərməkdir. Yəni bu və ya digər tərəflərin görüşüb, danışıqlar aparmaları üçün məkan ola bilərik. Bundan əvvəl olduğu kimi. Necə ki, ABŞ və Rusiyanın qərargah rəisləri Bakıda görüşüb danışdılar”.   

Oxşar xəbərlər