Ermənistandakı 102-ci hərbi baza təhlükəsi ciddiləşir
Azərbaycan XİN susur; ekspert: "Rusiya bu bazanı Azərbaycan və Türkiyəyə qarşı gücləndirir...”
Xarici işlər naziri Sergey Lavrovun "Ermənistandakı 102-ci hərbi baza İŞİD-lə mübarizə aparmağa hazırdır” bəyanatının ardınca Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin bildirib ki, Rusiya Ermənistanda yerləşən hərbi bazasını gələcəkdə genişləndirə bilər. APA-nın news.am-a istinadən verdiyi məlumata görə, bu barədə Volınkin deyib:
"Xarici işlər naziri Sergey Lavrovun Ermənistandakı 102-ci hərbi bazanın İŞİD-lə mübarizə aparmağa hazır olduğu bəyanatına gəldikdə, nazir səfirdən daha yaxşı bilər. Hərbi baza Ermənistanın təhlükəsizliyini təmin etmək, həmçinin digər məsələlərin həlli üçün burada mövcuddur. Yəqin ki, hər hansı qarşılıqlı razılaşma əsasında hərbi baza genişləndirilə bilər”.
Bir sıra ekspertlərin fikrincə, səfirin bu bəyanatı, bundan öncə isə 102-ci bazanın daxil olduğu Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının komandanı, general Andranik Makaryanın verdiyi bəyanat 102-ci hərbi bazanın Azərbaycan üçün və Ermənistanın qonşuluğundakı Türkiyə, Gürcüstan üçün təhlükəyə çevrilməsindən xəbər verir. Bəs Azərbaycan Rusiyaya bu məsələ ilə bağlı narahatlığını bildirməlidirmi?
Politoloq Elxan Şahinoğluna görə, Lavrovun və Rusiya səfirinin sözlərindən belə çıxır ki, Rusiya Ermənistandakı hərbi bazanı İŞİD-lə mübarizəyə görə genişləndirmək istəyir: "Ancaq ehtimallar onu deməyə əsas verir ki, Moskvanın məqsədi fərqlidir. Rusiya hərbi aviasiyası Suriyada terrorçuların mövqelərini bombalayarkən öz ərazisindəki hava limanlarından da istifadə edib. Ancaq Rusiya Müdafiə Nazirliyi bu müddətdə Ermənistandakı bazasından istifadə etmədi. Əgər bombardmanların şiddətli dövründə Rusiya ordusu Ermənistandakı bazasından istifadə etməyibsə, indi istifadədə maraqlı olmasının Suriya ilə əlaqəsinin az olduğunu vurğulamaq mümkündür. Rusiya Ermənistandakı hərbi bazasını Azərbaycan və Türkiyəyə qarşı gücləndirir. Rusiya-Türkiyə münasibətlərində istiləşmə qeydə alınır. Rusiya və Türkiyə prezidentləri son aylarda bir neçə dəfə görüşüblər, tez-tez telefon vasitəsilə danışırlar. Suriyada Rusiya ilə Türkiyə arasında əməkdaşlıq mövcuddur. Rusiya və Türkiyə, o cümlədən İran Suriyadakı atəşkəsin təminatçısı qismində çıxış edirlər. Buna baxmayaraq, Moskva Ankaraya etibar etmir. Moskvada düşünürlər ki, Ankaranın siyasəti hər an dəyişə bilər. Türkiyənin Rusiya ilə tərəfdaşlıq münasibətləri qurmasına baxmayaraq, Kreml Ankaranın Vaşinqtonla yaxınlaşa biləcəyindən ehtiyatlanır. Digər tərəfdən, yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a rəsmi səfər edəcək. ABŞ prezidenti Türkiyəni strateji tərəfdaş adlandırır. Türkiyənin ABŞ-la yaxınlaşması indiki mərhələdə mümkün deyil. Çünki elə səfər ərəfəsində Tramp administrasiyasi Suriyadakı silahlı kürdlərə ağır silahlar vermək qərarını açıqladı. Ağ Evin bu qərarı Ankarada narazılıq doğurub. Digər tərəfdən, Donald Tramp administrasiyası Barak Obama administrasiyası kimi Pensilvaniyada yaşayan Fətullah Güləni Türkiyəyə ekstradisiya etmək istəmir. Bu səbəblərdən yaxın müddətdə Türkiyə-Amerika münasibətlərinin istiləşəcəyini gözləmək əbəsdir”.
Politoloqa görə, Türkiyə Rusiyanın Ermənistandakı hərbi bazasından heç zaman narahatlıq keçirməyib və bu hərbi bazanın genişlənməsi Ankaranı narahat etməyib: "Türkiyə Ermənistandakı hərbi bazaya narazılıq edərsə, Rusiya da Türkiyənin Adana bölgəsindəki Amerikaya məxsus ”İncirlik" hərbi bazasının varlığına istinad edə bilər".
Ekspert hesab edir ki, Türkiyədən fərqli olaraq Rusiyanın Ermənistandakı hərbi bazası Azərbaycanı narahat etməlidir: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib və Azərbaycana qarşı hədələrində hər zaman Rusiya ilə hərbi müttəfiqliyi misal göstərir. Ötən həftə isə Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı Andranik Makaryan mətbuat konfransında dedi ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər. Erməni generalın sözlərindən belə çıxır ki, birgə hərbi qruplaşma Ermənistan sərhədlərinin və regionun təhlükəsizliyinin təmin edilməsi üçün yaradılıb. Halbuki Rusiya tərəfi bu qruplaşmanın yalnız Ermənistanın təhlükəsizliyi üçün təminat daşıdığını söyləyirdi. Maraqlıdır ki, Andranik Makaryanın açıqlaması ilə bağlı Rusiya rəsmi orqanlarından heç bir açıqlama verilməyib. Bu mənada Azərbaycan XİN həm bu məsələyə, həm də Rusiyanın Ermənistandakı hərbi bazasının genişləndirməsi məsələsinə aydınlıq gətirilməsi üçün addımlar atmalıdır. Əgər həqiqətən Rusiya-Ermənistan birgə hərbi qruplaşması Ermənistandan kənarda da fəaliyyət göstərə bilərsə, Azərbaycanın iki addım atması zərurəti yarana bilər. Birincisi, Türkiyənin Naxçıvanda hərbi bazasının formalaşdırılmasına çalışmaq. İkincisi, NATO ilə əməkdaşlığı genişləndirmək”.
Azərbaycan Xarici İşlər Nazirliyinin isə qeyd olunan məsələlərlə bağlı Rusiyaya hansısa müraciət etməsi, hansısa iş apardığı ilə bağlı heç bir məlumat yoxdur. Nazirlikdən bu məsələlərlə bağlı məlumat almaq müşkülə dönüb.
Etibar SEYİDAĞA