Putin Ermənistana hərbi qüvvə cəmləşdirir, "peşka" etiraz edir? - "The Washington Times"

  • 04 mart 2016, 08:33

Rusiya Türkiyə ilə münasibətlərin gərgin olduğu bir vaxtda Ermənistandakı Rusiya hərbi qruplaşmasını gücləndirməsi Qərbin diqqətini bu regiona yönəldib. Çünki bu addımın Türkiyəyə qarşı yönəldiyi təxmin edilir.

"The Washington Times” qəzetində dərc edilmiş məqalədə Rusiyanın əvvəlcə Ermənistanla hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqda saziş imzaladığı xatırladılır. Bunun ardınca isə Moskva İrəvan ətrafındakı Erebuni aeroportunda dörd yeni MiQ-29 təyyarəsi və bir çox başqa hərbi texnika yerləşdirib.

"Bu, Putin üçün Türkiyəni və onun NATO üzrə müttəfiqlərini Moskvanın onlara regionda xoşaglməz sürprizlər yaşada biləcəyi barədə xəbərdar etmək vasitəsidir”-məqalədə deyilir.

Bəs Ermənistan Türkiyə ilə mümkün qarşıdurmada Rusiyanın müttəfiqi olmağa hazırdımı? Yaxud Moskva sadəcə olaraq ondan Türkiyəni hər tərəfdən əhatəyə almaq cəhdlərində "peşka” kimi istifadə edərək qorxutmağa çalışır?

Qəzet bu suallarla bağlı "Atlantic Council”dən ekspert Ariel Koendən şərh alıb. Koen deyib ki, Ermənistan Rusiya ilə müttəfiqlik münasibələrinə malikdir. İndi Türkiyənin Rusiya ilə münasibətlərinin gərginləşməsi nəticəsində Ermənistan "cəbhəyanı dövlətə” çevrilib.

Belə narahatlıqlar var ki, Moskvanın son addımları Qafqazda etnik münaqişələri də qızışdıra bilər. Xüsusən də Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini. "Belə görünür ki, indi Rusiya regiondakı təsir imkanlarını nümayiş etdirir və tələb edir ki, Ermənistan Türkiyə sərhədləri boyu Rusiya hərbi iştirakının genişlənməsinə razı olsun”-məqalədə deyilir.

EurasiaNet internet portalından ekspert Castin Berk hesab edir ki, əgər Ermənistan Rusiyaya bu məsələdə rədd cavabı versə Moskvanın Qarabağdakı rıçaqları işə düşə bilər. "O, dondurulmuş münaqişənin Azərbaycana sərfəli olan həllini Ermənistana sırıya bilər”-ekspert deyir.

"Ermənistan Kremlin "peşkası” deyil. İrəvanda bir çox liderlər Rusiya-Türkiyə qarşıdurmasına cəlb olunmaqdan qorxur”-Castin Berk əlavə edib.

Digərləri isə hesab edir ki, Moskva Ermənistanı faktiki olaraq satellit-dövlətə çevirib və Putin onu Türkiyə ilə qarşıdurmada istismar edir. Belə fikirdə olanlar arasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin keçmiş müavini, səfir Adam Ereli də var. O, bu günlərdə "Forbes” jurnalında dərc edilmiş məqaləsində ABŞ-ın Rusiyanın Ermənistandakı hərbi iştirakını gücləndirərək Azərbaycanı və Türkiyəni təhdid etməsinə səssiz qalmasını tənqid edirdi.

Lakin NATO-nun Brüssüldəki mənzil-qərargahından adının açıqlanmamasını istəyən rəsmi deyib ki, bəzi narahatlıqlar şişirdilib. "Əgər Rusiya təyyarələri Ermənistandan Türkiyə sərhədlərinə doğru uçmağa başlasa, bu, doğrudan da Türkiyə və NATO üçün problem olacaq. Lakin hələlik belə şey baş vermir. Çünki Ermənistan ruslara bunu etməyə icazə vermir. Ruslar Ermənistanda heç də istədiklərini edə bilmirlər”-NATO rəsmisi deyib.

Virtualaz.org