Türkiyə Suriyaya ordu yeritməyə hazırlaşır

  • 24 dek 2015, 21:00

Suriyada Əzəz dəhlizi uğrunda amansız döyüşlər gedir. Türkiyə yaraqlıları məhz bu dəhliz vasitəsilə təchiz edirdi. Eni 6 km olan Əzəz dəhlizi vacib strateji əhəmiyyətə malikdir.


Virtualaz.org saytının Dəməşqdə olan xüsusi müxbiri Aleksandr Sotniçenko yazır ki, əgər Əsəd qoşunlarının Qərbin, Türkiyənin və koalisiya qüvvələrinin himayəsindən yararlanan Hələb şəhərini mühasirəyə alması başa çatarsa, bu, rəsmi Dəməşqin müharibəni öz xeyrinə başa çatdırmaq şanslarını artıracaq.

Vaşinqtondan verilən informasiyalara görə, Rusiya yerli özünümüdafiə qoşunlarından olan 5 min kürd könüllüsünü silahlandırıb. Onlar isə Əsədin maraqları uğrunda döyüşməyə tələsmirlər. Başa düşürlər ki, Türkiyənin dəstəklədiyi üsyançılarla və İŞİD-lə döyüşə girmək yaxşı nəticələr verməyə bilər. Həm də kürdlər ABŞ-la sıx əməkdaşlıq edərək onlardan ərzaq, silah və pul alırlar.

Dəməşqdən gələn xəbərlərə görə isə bu dəhliz uğrundakı mübarizədə hazırda Rusiya faktoru da həlledici əhəmiyyət daşımağa başlayıb. Rusiya Əzəz dəhlizi uğrundakı döyüşlərdə kürdləri öz tərəfinə çəkməyə çalışır. Lakin yuxarıda göstərilən səbəblərdən bu istək hələ alınmır. Üstəlik bütün analitiklər Türkiyənin dəhliz uğrundakı mübarizədə həlledici rola malik olduğunu yekdilliklə vurğulayır.

Suriya üzrə beynəlxalq vasitəçilər qrupunun Nyu-Yorkda keçirilən görüşü nəticəsiz başa çatdığından və terrorçu təşkilatların vahid siyahısını tərtib etmək mümkün olmadığından Rusiya istənilən qruplaşmanı bombalamaq hüququnu özündə saxlayır. Türkiyə Rusiyanın Su-24 təyyarəsini vurandan, Rusiya isə Hmemymim bazasında S-400 zenit-raket kompleksləri yerləşdirəndən sonra Rusiya Suriyanın şimalında faktiki olaraq uçuşsuz zona yaradıb. Bu da türk aviasiyasının fəaliyyətsiz qalması ilə nəticələnib.

Deməli, Türkiyənin müttəfiqlərin hərbi birləşmələri ilə birgə hərəkət etməkdən, onlara o cümlədən quru qoşunları ilə dəstək verməkdən başqa yolu qalmır. Türkiyə quru qoşunlarının hazırda Kilis şəhəri yaxınlığında, sərhəd-keçid məntəqəsi rayonunda toplanması bu baxımdan heç də təsadüfi deyil. Əks halda Suriyadakı "Rusiya koalisiyası”nın qələbəsi qaçılmaz olacaq. Bu isə Türkiyənin bütün Yaxın Şərq siyasətinin, o cümlədən son 4 ildəki Suriya strategiyasının tam iflası demək olardı.

virtualaz.org
Oxşar xəbərlər