“Bir il öncə ürəyimə dammışdı” - Mirzə Sakit anasının ölümündən və dəfnindən danışdı

  • 24 yan 2017, 19:24

 

"Hələ bir il öncə ürəyimə dammışdı ki, anam dünyasını dəyişəcək və atamın dəfnində olmadığım kimi anamın da dəfnində olmayacam”

 

 

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin və satirik şair Mirzə Sakitin anası Xədicə xanım dünyasını dəyişib.  Bu barədə hazırda mühacirətdə olan oğullar  özlərinin  "facebook" səhifəsində məlumat veriblər.  Q.Zahid statusunda yaşadığı itkini bu cümlələrlə ifadə edib: "Getdi... Daha yoxdur. Allah ona rəhmət eləsin”.  

Mirzə Sakit isə bu sözlərlə anasına vida edib: "Anam əllərini qürbətə sarı uzadaraq bu dünyaya əlvida deyib gözlərini əbədi yumdu”.  

Qeyd edək ki, Qənimət Zahid Fransada, Mirzə Sakit isə Belçikada mühacirətdədirlər. Bu səbəbdən də onların heç birinin hazırda yas mərasimində iştirak etmək üçün ölkəyə gəlişi mümkün deyil. Çünki qardaşların heç biri hələlik oturum və vətəndaşlıq almayıb. Vətəndaşlıq alana qədər şəxs öz ölkəsinə gedirsə, bu, onun həyatına ölkəsində hər hansı təhlükə olmaması kimi qəbul olunur. Bu səbəbdən də oturum üçün müraciət etdiyi ölkə onu deportasiya edə bilər. 

"Yeni Müsavat” xatırladır ki, Zahidovların atası dünyasını dəyişəndə hər iki oğlu – həm Qənimət bəy, həm də Mirzə Sakit türmədə idi. Onlar özəl icazə ilə bir neçə günlük yas mərasiminin keçirildiyi Şamaxıya getmişdilər. 

Mirzə Sakit musavat.com-a açıqlamasında bildirdi ki, hazırda onun kimliyi, sənədləri vətənə getməsinə imkan vermir. Müsahibimizin sözlərinə görə, ölkədən çıxa, Azərbaycandan başqa bütün ölkələrə gedə bilər: "Ölkədən çıxa bilərəm, hər yerə gedə bilərəm, təkcə Azərbaycan istisna olmaqla...  Atam dünyasını dəyişəndə həbsxanada idik, yasa getməyə icazə versələr də amma təəssüf ki, dəfninə yetişə bilmədik... Hələ bir il öncə ürəyimə dammışdı ki, anam dünyasını dəyişəcək və atamın dəfnində olmadığım kimi anamın da dəfnində olmayacam. Bu fikri beynimə həkk eləmişdim. Son 20 günü də anamın vəziyyəti kritik hala düşdü, hər gün 10-15 dəfə "skayp”la əlaqə saxlayırdım. Anam son günlər danışa da bilmədi, eləcə iki barmağını qabağa uzadıb pıçıltılı hənirti ilə "İki balamı istəyirəm" deyirdi”.

Mirzə Sakit dedi ki, ölkədən çıxandan bəri, yəni, 6 ildir ki, anasını görmür. Müsahibimiz xatırlatdı ki, qardaşı Q.Zahid anası ilə Tiflisdə görüşüb: "Bir dəfə mən də bu cəhddə bulundum. Həmin vaxt da anamın sağlıq durumu yaxşı deyildi, dedi bərk ağrıyıram gələ bilməyəcəm.. Planlaşdırmışdıq ki, bu yaz vaxtı ailəliklə Tiflisə gələk. Onlar da guya ora gələsi idilər, 10 gün orda qalmağımızı qərarlaşdırmışdıq. Hətta Borçalıdan olan dostum İsveçdə yaşayan Teymur Eminbəyli dedi ki,gedib bizim ordakı evimizdə qalarsız”.



 


Sevinc TELMANQIZI, musavat.com 
Oxşar xəbərlər