Xəbər lenti
Bütün xəbərlər

Daha iki jurnalist mühacirət edib

  • 24 yan 2017, 08:21
Son iki gündə tanınmış iki azərbaycanlı jurnalist-redaktorun ölkəni tərk etməsi, mühacirət etməsi ilə bağlı xəbər yayılıb. Xəbərlərdən birini bakipost.az saytı yayıb. Saytın yazdığına görə, "Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev ailəsi ilə birlikdə Fransaya, rəhbərlik etdiyi qəzetin baş redaktoru Qənimət Zahidin yanına gedib. 

Rahim Hacıyevin yaxın günlərdə Hollandiyaya yollanacağı orada qaçqın statusu almaq üçün müraciət edəcəyi bildirilir. 

Rahim Hacıyev Qənimət Zahid Fransaya köçəndən sonra "Azadlıq” qəzetinə faktiki rəhbərlik edirdi. O, son vaxtlar bir neçə dəfə qəzetin həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi ilə bağlı istintaqda dindirilib. 

"Azadlıq” qəzetinin çapı 2016-cı ilin noyabrından dayandırılıb.

"Yeni Müsavat” isə xatırladır ki, ötən həftə bəzi media orqanlarında R.Hacıyevin Fransaya getməsi, orda qəzetin baş redaktoru Qənimət Zahidlə qəzetə ayrılan maliyyə ilə bağlı mübahisə etməsi, hətta küçədə baş verən mübahisəyə polisin də müdaxilə etməsi xəbərləri yayılmışdı. Həmin vaxt Q.Zahid "Yeni Müsavat”a müsahibəsində bildirmişdi ki, "Fransdada dava düşdü, polis kimlərisə deportasiya elədi kimi düşüncəsiz dezinformasiyaları şərh etmək isə mənasız bir işə daha mənasız zaman israfıdır”. Q.Zahid eyni zamanda onu da demişdi ki, R.Hacıyev Fransaya internet təhlükəsizliyi ilə bağlı təlim üçün gəlib. 


Daha bir köç xəbəri isə Azərbaycanın tanınmış jurnalisti Çingiz Sultansoyla bağlıdır. Onun da Almaniyaya getməsi, orda sığınacaq almaq üçün müraciət etməsi yayılan xəbərlər sırasındadır. Məlumata görə, jurnalist artıq qaçqınların ilkin sığınacağına, qaçqın düşərgəsinə yerləşib. 

"Yeni Müsavat” yada salır ki, Ç.Sultansoyun ölkədən getməsi ilə bağlı xəbərlər 2016-cı ilin mart ayından yayılmışdı. Həmin vaxt bizə danışan Ç.Sultansoy müalicə üçün Türkiyəyə getdiyini, əməliyyat lazım olmadığını, müalicənin yetərli olduğunu demişdi. Amma aradan az qala 1 ilə qədər ötən müddətdə Ç.Sultansoy imzası və özü Azərbaycan mediasında görünməyib. Bu da onun mühacirət xəbərini inandırıcı edir. Jurnalistin sosial şəbəkədəki ən axırıncı statusu isə 2016-cı ilin iyun ayına təsadüf edir. O vaxtdan bəri Çingiz bəy sosial şəbəkədə aktivlik göstərməyib, amma profilini də bağlamayıb. 
Sevinc TELMANQIZI


Oxşar xəbərlər