Gədəbəyin icra başçısı“Rabitə Bank”ın pulunu mənimsəyib?

  • 23 iyun 2016, 18:43
Təqribən dörd il bundan əvvəl Ramiz Yediyarov Gədəbəyə icra başçısı təyin olunanda əksəriyyət elə hesab edirdi ki, bu rayona "günəş doğacaq”. Amma, "günəş” əvəzinə zülm, haqsızlıq, minbir rəzalət, olmazın iztirab və.s "doğdu” ki, bu da rayonu tez bir zamanda ağuşuna aldı. İdarəçiliyinin ilk günlərindən bir çox gəlir gətirən sahələri ələ keçirən və həmin sahələrə öz "emissarlarını” təyin etdirən icra başçısı, günlər ötdükcə bütün sahələrə "əl də qoymağı” bacardı. Zaman keçdikcə dövlət qurumlarına kadrlarını yerləşdirən rəhbərlik, çox keçmədi ki, sahibkarları hədəf seçdi. Çünki, sahibkarlardan əldə edəcəyi "haqq-hesab” daha çox gəlir gətirməklə bərabər, onlar üzərində nəzarətinin də güclənməsi demək idi. Ramiz Yediyarovun Vergilər Nazirliyi strukturundan icra başçısı "post”una "transfer” olması da, xüsusi qeyd olunası haldır. Belə bir səbəb üzündəndir ki, o, bu gün də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən toplanan pulların büdcəyə deyil, şəxsi ciblərə daxil olunmasına "yaşıl işıq” yandırır. Əgər bu belə olmasaydı, o halda Gədəbəyin mərkəzi bazarından əldə olunan pulların taleyi "qaranlıq qalmazdı”.Bəli, bu gün ümumi şəkildə götürdükdə onu da müəyyən etmək olur ki, Gədəbəydə yaşanan haqsızlıq, bəlkə də respublikamızın heç bir şəhər və rayonunda yaşanmır. Çünki, icra başçısı və onun "əsabələri” nə qanun sayırlar, nə də ki, bir kimsəni veclərinə alırlar. Elə ki, haqqı-hüququ tapdaqlar altına atılanlar icra başçısından haqqını tələb edirlər, o halda icra başçısı gədəbəyliləri dilənçi adlandırmaqdan da çəkinmir. Amma, ümumi gədəbəylilər barəsində bu cür ifadəni işlədən rəhbərlik onu da unudur ki, Gədəbəy rayonu ərazisində sovet dönəmində də, bir nəfər olsun belə dilənçi olmayıb. Yəni, təqribən 90 min nəfərdən çox əhalisi olan bu rayon dilənçilər rayonu kimi deyil, qəhrəman rayon kimi dillər əzbəridir. Yaxın tariximizə nəzər salsaq görərik ki, müharibənin qızğın çağlarında Gədəbəydə doğulub boya-başa çatanlar onu necə sevdilər, necə də qorudular? Odur ki, dilənçi adını heç cür Gədəbəyə, heç cür gədəbəylilərə şamil etmək olmaz. Kimsə bu sözü işlədə bilər, amma isbata yetirə bilməz. Çünki, isbata yetirmək üçün hər hansı əsas olmalıdır. Gədəbəydə yaşanan əsas sosial problemlərdən biri də, gədəbəyli sahibkarların illər uzunu üz-üzə qaldıqları problemlərin həll olunmamasıdır. Təəccüb doğuran hal odur ki, bir neçə il bundan əvvəl həmin sahibkarlara məxsus obyektlər icra başçısının vermiş olduğu şifahi tapşırıqlar əsasında viran edilsə də, bu gün də onlara vurulmuş maddi və mənəvi ziyan ödənilməyib. Məsələn, icra başçısının belə bir addımı nəticəsində külli miqdarda ziyana düşən sahibkarlardan biri olan Əliyev Oqtay Qara oğlu bizimlə söhbətində bildirdi ki, "mənə məxsus 38, 5 kvm-lik mağzam 12 fevral 2015-ci il tarixdə icra başçısının şifahi tapşırığı əsasında darmadağın edilib. Dağıntı işlərinə isə, Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramov rəhbərlik edib. Əgər bunun araşdırılmasına və təsdiq olunmasına ehtiyac yaranarsa, o halda "Rabitə Bank”a müraciət edib, vaxtilə onların həyata keçirdikləri çəklişlərə istinad edə bilərik. Mən obyektim viran edilməzdən öncə, mağazamı "Rabitə Bank”a girov qoyub 50 min manat məbləğində kreditə pul da götürmüşdüm. Məqsədim sahiblkarlıq fəaliyyətimi genişləndirmək idi. Onu da bildirim ki, bu günədək üz-üzə qaldığım problemin həlli ilə bağlı döymədiyim qapı, narahat etmədiyim vəzifə sahibləri qalmayıb. Gədəbəy rayon İcra Hakimiyyəti isə, digər sahibkarlar kimi mənim də müraciətlərimə məhəl qoymur. Hal-hazırda olduqca çıxılmaz vəziyyətə düşmüşəm. Çünki, bir tərəfdən "Rabitə Bank” pulunu təlb edir, digər tərəfdən isə icra hakimiyyəti başçısının qanunsuz addımları nəticəsində, mənə vurulmuş ziyana görə onlardan almalı olduğum kompensasiyanı ala bilmirəm. Ən əsası isə, vaxtilə ayrı-ayrı firmalardan nisyə aldığım malların itbata salınması da, vəziyyətimi olduqca çətinləşdirib. Çünki, bankdan əlavə firma rəhbərləri də nisyə vermiş olduqları ərzaq mallarının pullarını tələb edirlər. Belə olan halda mən nə etməliyəm? Artıq 15 aydan çoxdur ki, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında vəzifə sahibi olanlar bizi get-gələ salmaqdadırlar. Elə ki, onlardan haqqımı tələb edirəm, o halda icra hakimiyyətində hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərov bildirir ki, "sənin bank işin bizlikdir, bank bilər biz bilərik” deyir. Amma, o, onu dərk etmir ki, bank tərəfi obyektimin alqı-satqısı ilə bağlı, mənə rəsmi sənəd də verib. Buna baxmayaraq, onlar bu gün də problemimi həll etmirlər. Belə olan halda bankın səlahiyyətliləri görürlər ki, problem həllini tapmır və obyektimdə yoxdur. Ona görə də onlar məcbur olublar ki, ikinci girovluğa qoyduğum və yaxın qohumuma məxsus mənzillə bağlı Binəqədi rayon Məhkəməsinə müraciət etsinlər. Bəli, bu gün bank tərəfi addımını atıb və ortada məhkəmə qərarı da var. Həmin mənzilin də hərrac yolu ilə satılması haqda yekun qərara da gəliblər. Bir məqama da toxunum ki, icra hakimiyyəti tərəfi problemimi həll etməsə də, bu ad adı altında minbir maxinasiyalara da qol qoyub. Məsələn, əldə etdiyim məlumatlara görə, icra hakimiyyəti başçısının verdiyi tapşırıqlar əsasında yerli icra nümayəndələrinin hər birindən xeyli miqdarda pul da toplanıb. Guya ki, toplanan pullar mənə veriləcək və belə bir yolla da kompensasiyam ödəniləcək. Yəni, bu haqda adının çəkilməsini istəmədiyim icra nümayəndələrindən birinin danışdığı diskt də var. Bütün bunların fonunda belə bir qənaətə də gəlmişəm ki, bəlkə icra hakimiyyəti tərəfi mənə ödəməli olduqları kompensasiyanı vermək istəmirlər və həmin kompensasiyanı müəyyən adlar adı altında mənimsəməyə qərar veriblər. Bu gün bu haqda da düşünürəm. Artıq vəziyyət elə bir həddə gəlib çatıb ki, üz-üzə qaldığım problemin həlli ilə bağlı etiraz aksiyası da keçirmək istəyindəyəm. Yəni, iki ailə üzvlərinin olmazın problemlə üz-üzə qalmalarına səbəbkar olan Ramiz Yediyarovun əyləşdiyi inzibati binanın önündə çadır qurum və aksiya da keçirim. Bəlkə, ölkə mediasının gündəmini zəbt edən və beynəlxalq təşkilatların da məlumatlı olacağı addımlarımdan sonra, Gədəbəy rayon rəhbərliyi insafa gəldi. Çünki, rayon rəhbərliyinin vermiş olduğu şifahi tapşırıq əsasında dağıntı işlərinə rəhbərlik edən Şahbaz Bayramov da, bu günədək problemin həlli ilə bağlı heç bir cəhd göstərməyib. Onun adını ona görə vurğulayıram ki, heç bir məhkəmə qərarı olmadan, hər hansı dövlət əhəmiyyətli əsaslandırıcı sənəd olmadan, çoxsaylı sahibkarların, xüsusilə də mənim şəxsi mülkiyyətimdə olan obyektimə qənim kəsilən Şahbaz Bayramov, mağazamda olan ərzaq məhsullarımı, avadanlıqlarımı "qeybə çəkib”. Bu gün ona sual edirəm ki, hansı əsasla obyektimi altüst etdirdin? Bəyəm, sənin buna ixtiyarın var idimi? Bəs ərzaq məhsullarımı, avadanlıqlarımı hara yox etdirmisən? Əgər səsləndirdiyim ittihamlarımla bağlı iradların varsa, o halda məhkəməyə müraciət et və haqlı olduğunu da sübut et. Deməli bu günədək səslənən ittihamlara cavab vermirsənsə, atdığın addımlar birbaşa qanunsuz addımlardır. Başqa bir sahibkar, Səfərov Vaqif Qara oğlu da icra başçısının şifahi tapşırığından "yaralanan” sahibkarlardandır. Belə ki, o da bizimlə söhbətində bildirdi ki, "mənə 16 iyun 1998-ci il tarixdə Gədəbəy rayon rəhbərliyinin 143 saylı sərəncamı ilə 26 sot torpaq sahəsi verilmişdi. 30 sentyabr 1998-ci il tarixdə verilmiş sərəncam əsasında, həmin torpaq sahəsinə aid Ədliyyə Nazirliyinin 8/1-98 saylı şəhadıtnaməsini də almışdım. Az sonra verilmiş sahəni hasara aldım və 2004-cü ildə şəhər bələdiyyəsinin qərarı ilə 2564000 manat pulu kassaya da ödədim. Ərazidə tikinti işləri apararaq, oradan bazar kimi də istifadə etdim. Çox keçmədi ki, mənim fəaliyyətim Gədəbəy rayon rəhbərliyinin xoşuna gəlmədi və ərazinin üst hissəsindən yüksək gərginlikli elektrik xətləri keçir bəhanəsi ilə, həmin ərazini 2012-ci ildə əlimdən aldırdı. Bir qədər vaxt keçdikdən sonra isə, icra başçısının göstərişi və sahibkarlara məxsus obyektlərə qənim kəsilən Şahbaz Bayramovun rəhbərliyi ilə, 80 min manat pulun müqabilində ərsəyə gətirdiyim obyektim tarmar edildi. Amma, çox keçmədi ki, həmin ərazidə olduqca yöndəmsiz, heç bir standarta cavab verməyən bazar inşa olundu. O halda sual əmələ gəlir ki, əgər ərazinin üst hissəsindən yüksək gərginlikli elektrik xətləri keçirdisə, bəs bu gün həmin xətlərdə gərginlik azaldımı? Deməli, belə bir addımların atılması, Gədəbəydə sahibkarları gözümçıxdıya salmağa hesablanmış addımlardır.

Təəccüb doğuran hal odur ki, obyektləri tarmar etdirən Şahbaz Bayramovda, atdığı addımlarının müqabilində nə məhkəmə qərarı, nə də ki, hər hansı əsaslandırıcı sənəd olmayıb. O halda mən də sual edirəm ki, Şahbaz Bayramov sən hansı əsasla belə bir addımlarını atmısan? Məgər, bu gün səni himayə edən Ramiz Yediyarov əbədi rəhbər olacaq? Düşünürsənmi ki, atdığın addımlara görə gec-tez cavab verəcəksən. Çünki, biz haqqın, sən isə hələ ki, nahaqqın yanındasan”.


Akif Quliyev

(Yazı "Gündəm Xəbər"qəzetinin 17-23 iyun tarixli sayında işıq üzü görüb).

 

P.S,Məqalədə göstərilənlərlə əlaqədar Demokratik.Az-ın apardığı araşdırma zamanı məlum oldu ki,şikayətçi qismində adıçəkilən Oqtay Qara oğlu Əliyevdən başqa digər şikayətçi sahibkarların əksəriyyətinin narazılığı təmin edilib.Vətəndaş hələ də "Rabitəbank"ın borc təzyiqləri ilə üz-üzədir...

Demokratik.Az qarşı tərəfin söz haqqını tanıyır

Oxşar xəbərlər