Ramiz Yediyarovun “getmə vaxtı” çatıb

  • 04 mart 2016, 19:33
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının çoxuşaqlı ananı təhqir etməsi, onun hakimiyyətinin son akkordu ola bilər

Dünən btv.az (Bölgə TV) saytında yayımlanan, beş uşaq anası Fərqanə Orucovanın video-müsahibəsi, Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarovun bu vəzifəni tutduğu müddətdə, onun ünvanına səslənən son ittiham ola bilər. Rayon sakinlərinə qarşı hər zaman kobud rəftarı, yolverilməz davranışı ilə seçilən Ramiz Yediyarov, bu dəfə deyəsən artıq özü-özünü "üstələmək” qərarına gəlmiş olub. İcra başçısının ona kömək üçün müraciət etmiş beş uşaq anasını təhqir etməsini başqa heç cür izah etmək olmur. Qeyd edək ki, maddi durumları həddindən artıq ağır olduğundan, Fərqanə Orucovanın ailəsi Gədəbəydəki evlərini tərk edərək, Bakıya gəliblər. Burada onlar, ailə başçısı Nəsimi Həsənovun qardaşının Sabunçu rayonunda kirayədə qaldığı evə yerləşiblər. Baş verənlər barədə açıqlama verən Fərqanə Orucova bildirib ki, o, Bakıya gəlməzdən əvvəl sosial yardım almaqda köməklik göstərilməsi üçün Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarovun qəbulunda olub. Çoxuşaqlı ananı qəbul edən icra başçısına isə, ailənin bu durumu gülməli gəlib. Ramiz Yediyarov əvvəlcə Fərqanə Orucovadan uşaqlarının hamısını özü ilə gətirib-gətirmədiyini soruşub. Sonra da, sanki gənc xanımı ələ salırmış kimi, ona – gərək qonşudan da bir-iki uşaq götürüb, özünlə gətirərdin, - deyə "məsləhət verib”. Əlbəttə, xalqın, dövlətin pulu ilə öz ailəsini "yağ-bal” içində saxlayan məmur üçün kasıb ailələrin problemi qətiyyən anlaşılan ola bilməz. Amma düşünürük ki, bu məmurun da fironluğunun vaxtına artıq sayılı günlər qalıb.

Yeri gəlmişkən, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Vizual.az-a verdiyi müsahibəsində Ramiz Yediyarovla bağlı bir çox məqamları son dərəcə dəqiq vurğulaması da diqqətimizi cəlb etməyə bilməzdi. Həmin məqamları bir daha diqqətinizə çatdırmaq istəyirik.

Sual:

- Siz Daşkəsəni, Gəncəni qeyd elədiniz, elə Gədəbəydə də sahibkarlar sıxışdırılır. İcra başçısı Ramiz Yediyarov iş adamı Fəxrəddin Bağırovun obyektinin önünə prezidentin sözləri yazılan plakatı vurub. Nəticədə daha bir iş yeri bağlanıb. Bundan əlavə, 44 gədəbəyli sahibkar başçı ilə bağlı prezidentə müraciət edib. Niyə Yediyarov və qanunsuzluq edən digər rayon rəhbərləri barəsində ölçü götürülmür?

Cavab:

- Gədəbəydən olan həmin sahibkarlar mənim də yanımda olub. Ramiz Yediyarovu Gədəbəyə icra başçısı vergilər naziri Fazil Məmmədov qoydurub. Yediyarov da elə bilir ki, bu rayon ona dədəsindən qalan mal-mülkdür, özünün payıdır. Ona görə də Yediyarov Gədəbəyin sərvətlərini talayır, bazarı sökdürüb dağıdır, prezidentin adından sui-istifadə edir. Bu saymamazlıqdır. Bunların ailələri yaşayır, elə bilir ki, xalq da yaşayır. Halbuki, Yediyarovun ora təyinatının səbəbi xalqla işləməkdir, insanlara kömək etməkdir, problemlərini dinləməkdir. Ancaq gördüyünüz kimi bu adamlar dağıtmaqla məşğuldur.

Sual:

- Yəni bir başçının nazirə arxalanması bu işləri görməyə imkan verir?

Cavab:

- Bəli. Yediyarovun nəyinə lazımdır, fikirləşir arxasında Fazil Məmmədov dayanıb. Əvvəla, nazir gedib öz işi ilə məşğul olsun. Amma neçə icra başçısına "day-daylıq” edir.

Prezident korrupsiyaya qarşı mübarizə aparır. Daxili işlə məşğul olsun, yoxsa xarici? Ətrafındakı ikiüzlü məmurların balalarını küçələrdən yığıdırsın, səfirlərin arvadlarının rüşvətini yığışdırsın?

Tək Gədəbəy deyil, çox rayonların icra başçıları qanunsuzluq edirlər. Axı kimsiniz ölkəni hərraca qoymusuz? Biz ölkədə müstəqillik uğrunda vuruşanda, siz Rusiyada nataşalarla kef edirdiniz. İndi gəlib ölkəni talayırsınız. Ona görə də xalq haqqını tələb etməlidir. Eləcə də Gədəbəydə camaat Yediyarovu daşqalaq etməlidir. Bunların pulları ancaq öz arvadlarına, uşaqlarına, istirahətlərinə, villalarına çatır...

Xatırladaq ki, Ramiz Yediyarovun Gədəbəydə törətdiyi özbaşınalıqlar, xüsusilə də yerli sahibkarlara qarşı yürütdüyü talançılıq siyasəti barədə, bəlkə də indiyədək "Bizim Dövr”ün səhifələrində olduğu qədər ölkənin başqa heç bir kütləvi informasiya vasitəsində məlumat dərc olunmayıb. Həmçinin sahibkar Fəxrəddin Bağırovun da başına gətirilənlər haqda qəzetimizdə bir neçə dəfə ətraflı açıqlamalar təqdim olunub. Lakin bütün bunlardan hələlik bir nəticə hasil olmasa da, hər halda Ramiz Yediyarovun bu gün artıq "yolun sonuna” gəlib çatdığını düşünməyə bütün əsaslar var. İnanırıq ki, bu "sonun” hamılıqla şahidi olmağımıza bəlkə də sayılı günlər deyil, artıq saatlar qalıb...
Oxşar xəbərlər