Gədəbəy həqiqətləri Azad Rəhimovdan da gizlədilib

  • 23 fev 2016, 19:16
Ramiz Yediyarov Gənclər və idman nazirini viran qoyduğu idman kompleksinə də ekskursiyaya dəvət etməyib.

Artıq xəbər verildiyi kimi Gənclər və idman naziri Azad Rəhimov fevralın 9-da Gədəbəy şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Məlum olduğu kimi, ölkə prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq mərkəzi hakimiyyət orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə keçirdikləri bu görüşlərin məqsədi mövcud problemlərlə yerində tanış olmaq və onların həlli yollarını müzakirə etməkdir. Lakin Gənclər və idman nazirinin Gədəbəydə keçirdiyi görüşlərin nəticələri barədə ölkə mətbuatında dərc olunan hesabat xarakterli məlumatlardan belə qənaətə gəlmək olur ki, Azad Rəhimovun bu rayona səfəri əslində heç də dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrasına xidmət edə bilməmişdir. Rayon ictimaiyyətinin təmsilçiləri kimi təqdim olunan, əslində isə birbaşa Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarovun maraqlarına xidmət edən və məhz bu səbəbdən də görüşlərdə iştirak etmək üçün seçilmiş insanların əhatəsində Azad Rəhimovun rayondakı problemləri görə biləcəyini əlbəttə ki, gözləmək olmazdı. Dərc olunmuş materiallardan birində oxuyuruq: "Rayon ictimaiyyəti ilə görüşən Gənclər və idman naziri Azad Rəhimov biznes mühitinin yaxşılaşdırılması, yerli sahibkarlara münbit şərait yaradılması istiqamətində həyata keçiriləcək tədbirlərin əhəmiyyətinə toxunub. Füsunkar təbiəti ilə seçilən Gədəbəydə kənd təsərrüfatı ilə yanaşı turizm və dərman bitkilərinin toplanması kimi yeni sahələrin inkşafına da diqqət yetirilməlidir...” Çox gözəl fikirlərdir. Bəs görəsən bu fikirlərin müqabilində hörmətli nazir ölkə prezidentinin bütün tapşırıq və göstərişlərinin tam ziddinə olaraq, Gədəbəydə davamlı şəkildə sahibkar obyektlərini söküb-viran edən, iş adamlarını sıxışdıran icra başçısından bütün bu qanunsuzluqlar barədə nəsə bir izahat istəyibmi? Və əgər istəyibsə, bu zaman Ramiz Yediyarovun cavabı nə olub? Təəssüflər olsun ki, mətbuatda dərc olunan məlumatlarda bu barədə heç nə deyilmir. Bizim aldığımız açıqlamalarda isə bildirilən sadəcə budur ki, icra başçısından şikayət edəcəyi ehtimal olunan vətəndaşlar nazirlə görüşün həndəvərinə belə yaxın buraxılmayıblar.
Bununla belə rayonun bəzi problemləri bu görüşdə ötəri də olsa xatırlanıb. Yerli sakinlər bəzi sərhəd kəndlərinin mavi yanacaqla təchizatını, gənclərin və idmançıların asudə vaxtının səmərəli təşkili üçün yeni sosial obyektlərin inşası kimi məsələləri də gündəmə gətiriblər. Baxış Nağıyev – rayon sakini: "Ümidvarıq ki, görüşdə vurğulanan bütün çətinliklər yaxın zamanlarda öz həllini tapacaq. Xüsusilə də dağ kəndlərinin mavi yanacaqla təchizatı rayonda Gənclər evinin və Olimpiya İdman Kompleksinin inşası başa çatdırılacaq”. Əlbəttə ümid etmək çox yaxşıdır. Amma Ramiz Yediyarov o qədər belə arzu və ümidləri insanların gözündə qoyub ki...
Ən azından ölkənin Gənclər və idman naziri Gədəbəydə hələ indiyədək Olimpiya İdman Kompleksinin olmamasının səbəblərini araşdıra bilərdi. Mövzuya dair hələ 2015-ci ilin sonlarında "Bizim Dövr"-dədərc etdiyimiz materiallardan birində biz bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə cəhd göstərmişdik. Həmin materialda qeyd olunmuşdu ki, bir neçə il bundan əvvəl Gədəbəydə böyük bir idman kompleksi fəaliyyət göstərirdi. O zaman həmin tikiliyə olimpiya kompleksi statusu verilməsə də, ölkə prezidenti cənab İlham Əliyevin hələ 2006-cı ilin noyabr ayında Gədəbəyə səfəri çərçivəsində bu komplekslə də tanış olması, hər halda qurğunun kifayət qədər böyük əhəmiyyət kəsb etməyindən xəbər verirdi. Beləcə bu idman kompleksi 2012-ci ilə qədər fəaliyyət göstərib. Həm də yerli sakinlər deyirlər ki, o vaxtlar kompleksdə mütəmadi olaraq yerli əhəmiyyətli yarışlar, bir sıra digər dövlət və ictimai tədbirlər də keçirilirdi. Lakin bu vəziyyət yalnız 2012-ci ilə qədər, yəni məhz Ramiz Yediyarovun bu rayona başçı təyin olunmasına qədər davam etdi. Bu təyinatdan az bir müddət sonra isə, kompleksin fəaliyyəti dayandırıldı və gədəbəyli gənclərin də buraya yolları bağlandı. Təbii ki, kompleksin bağlanmasına dair göstərişi də Ramiz Yediyarov vermişdi. Sakinlər deyirlər ki, icra başçısı kompleksin yerləşdiyi ərazini çox bəyənmişdi. Elə kompleksin bütün bəlaları da məhz bunun üstündən gəldi. Bu xüsusda açıqlama verən mənbə bildirmişdi ki, kompleksin yerləşdiyi ərazi başçının o qədər xoşuna gəlib ki, o, buranı zəbt etmək qərarına gəlib. Bu məqsədlə də Ramiz Yediyarov kompleksin viran qoyulması istiqamətində planlı təbbirlər həyata keçirməyə başlayıb. Mənbənin verdiyi açıqlamaya görə, Ramiz Yediyarov sonradan bu ərazidə otel kompleksi tikməyi planlaşdırırmış. Həm də tək yox, özünün yaxın dostu, Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla şərikli. Amma bunun üçün ilk növbədə həmin ərazini alıb özəlləşdirmək tələb olunurdu. Buna görə də, 2012-ci ildən başlayaraq Ramiz Yediyarov öz əlaltılarına kompleksi tədricən, hissə-hissə sökmək barədə tapşırıq verib. Beləliklə də, son üç-dörd il ərzində möhtəşəm tikili indiki uçuq-sökük görkəminə gətirilib. Bundan sonra, Ramiz Yediyarov kompleksin özəlləşdirilməsini həyata keçirmək üçün, Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məktub da hazırlayıb təqdim edib. Ən maraqlısı da budur ki, kompleksi "almaq” üçün müraciət etmiş vətəndaş da Xaləddin İsgəndərovun yaxın qohumlarından biri olub. Lakin, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) bu məqsədlə Gədəbəyə ezam olunmuş əməkdaşları kompleksə baxış keçirdikdən sonra bu qənaətə gəlirbər ki, özəlləşdirmə üçün təyin olunmuş ilkin qiymət tikilinin real dəyərindən dəfələrlə aşağıdır. Bu səbəbdən də kompleksin "satılması” və özəlləşdirilməsi baş tutmayıb. Gədəbəyin idman kompleksi isə, artıq baxımsızlıq üzündən, özü-özünə dağılmaqda davam edir.
Bəs görəsən Ramiz Yediyarov Gənclər və idman nazirini viran qoyduğu idman kompleksinə də ekskursiyaya dəvət edibmi? Yəqin ki, yox. Axı bunu edəcəyi təqdirdə başçıdan bu əməlinin hesabı sorula blərdi. Əlbəttə, Ramiz Yediyarov hələ ki, indiyədək Gədəbəydə törətdiyi heç bir özbaşınalığın, o cümlədən nə dağıtdığı sahibkarlıq obuektlərinin, nə vətəndaşların əllərindən zor gücünə aldığı torpaq sahələrinin, nə mənimsədiyi büdcə vəsaitlərinin,nə də ümumiyyətlə rəvac verdiyi heç bir qanun pozuntusunun hesabını verməyib. Halbuki, Gədəbəy rayonunda sahibkarların incidilməsi artıq çoxdan adi bir hala çevrilib. Ramiz Yediyarov öz biznesini hər cür rəqabətdən sığortalamaq, eləcə də rayonun ayrı-ayrı vətəndaşların mülkiyyətində və ya istifadəsində olan müxtəlif ərazilərini zəbt etmək məqsədilə yol vermədiyi qanun pozuntuları, törətmədiyi özbaşınalıqlar qalmayıb. Bu gün Gədəbəydə ölkə qanunlarının işlək olmaması, Ramiz Yediyarovun və onun əlaltılarının hətta prezidentin fərmanlarına belə məhəl qoymayaraq, sahibkarlara qarşı qanunsuzluqlar etməsi, obyekt və müəssisələrin talan olunmaları, özəl və dövlət qurumlarından aylıq xərac toplanılması artıq hər kəsə məlum olan bir həqiqətdir. Çox təəssüf doğurucu bir haldır ki, xüsusilə son vaxtlar Gədəbəy rayonundan olan iş adamlarının müxtəlif qurumlara, həmçinin bilavasitə ölkə rəhbərliyinə ünvaladıqları çoxsaylı müraciətlərə baxmayaraq, bu kimi problemlərin həllində məsul olan dövlət qurumları da nədənsə rayonda yaranmış vəziyyətə müdaxilə etməyə tələsmirlər. Amma bu heç də o demək deyil ki, başçının bütün bu əməlləri elə bu cür, cəzasız da qalacaq. Öz şəxsi maraqlarını dövlət mənafeylərindən üstün tutan, vətəndaşların haqqını mənimsəyən, ölkə rəhbərliyinin daxili siyasətinə qarşı çıxan və qanunlarımızı pozan bir çox yüksək çinli məmurların aqibəti hamımıza yaxşı məlumdur. Özünü islah edə bilməyən məmurlar üçün də belə aqibət qaçılmaz olacaq.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Oxşar xəbərlər