Gəncədə şəhidə biganəlik! "Ruzigar bulağı" susuz qalıb - Fotolar

  • 07 okt 2019, 08:31
Azərbaycanda şəhid adına, onların ailələrinə dövlətimizin diqqət və qayğısı danılmazdır. Bu zəruri və həssas qayğının ən bariz nümunələrini isə prezident cənab İlham Əliyevin davranışlarında, müvafiq fərman və tapşırıqlarında daha aydın detallarla görə bilərik. Ölkə başçısının şəhidlərimizə olan münasibəti cəmiyyətimizə net bir mesaj da verir. Şəhid adına və ailələrinə diqqət, hörmət və ehtiramla davranış hamımızın ümdə borcu olmalıdır...

Buna baxmayaraq bəzən kimlərinsə laqeydliyi, torpaq-vətən uğrunda canlarını fəda edənlərə düşmənsayağı münasibətlər təəssüf doğurur, cəmiyyətin haqlı qəzəbinə səbəb olur.

Bir aydan artıq müddətdir ki, Gəncənin ilk şəhidlərindən olan, mərhum Qasımov Ruzigar İmran oğlunun "xatirə büstü"nə bir laqeydlik hökm sürür. 1998-cı ildə şəhidin doğmalarının maddi vəsaiti hesabına parkda inşa edilmiş xatirə büstü - "ehsan bulağı" indi susuzluqdan və ən əsası da inzibati qurumların ögey diqqətsizliyindən əziyyət çəkir.

Şəhərin Nərimanov və Dədə Qorqud prospektlərinin kəsişməsində yerləşən parkın ərazisində aparılan təmir-quruculuq işləri nədənsə "Ruzigar bulağı"na düşməyib. Məlum qazıntılar zamanı bulağa gedən yeraltı su xəttinin su təminatı dayandırılıb, əsas boru xətti ilə köhnə rabitə sıradan çıxarılıb, şəhid bulağı yenilənmə işləri həyata keçirən "Azəraqrartikinti" və şəhərin Azərsu" əməkdaşları tərəfindən sayqısızlığa mübtəla olub.   

Son aylarda süni əngəllər ucbatından susuz qalmış abidənin taleyi Qasımovlar ailəsini də narahat edir. 

Ailə üzvlərinin "Demokratik.Az"-a bildirdiyinə görə, ilin son günü - dekabrın 31-də şəhidin 64-cü doğum günü, 2020-ci il yanvarın 11-də isə Ruzigarın şəhid olduğu günün 30-cu ildönümüdür. Hamı indidən şəhidin anım törənlərinə hazırlaşır.

Bu ərəfədə şəhidin adını daşıyan bir bulağın susuzluğunu aidiyyatı qurumların hörmətsizliyi kimi qəbul edən Qasımovlar deyilən nöqsanın tezliklə aradan qaldırılacağına, özlərinin minbir zəhmət hesabına ərsəyə gətirdikləri bulaq və abidənin aidiyyatı qurumlar tərəfindən qorunub-saxlanacağına ümid edirlər.

Biz də "Demokratik.Az" olaraq Gəncənin bütün vəzifəli və aidiyyatı qurum yetkililərini bu nöqsanın həllinə çağırırıq.   

Şəhid Qasımov Ruzigar İmran oğlu

Xatırladaq ki, adıçəkilən şəhid Qasımov Ruzigar İmran oğlu 31 dekabr 1956-cı ildə Gəncə şəhərində anadan olub. Gənc yaşlarında Gəncə gil-torpaq kombinatında çıxan «Əməkçi» çoxtirajlı qəzetində müxbir kimi fəaliyyət göstərib. 1988-ci ildən alovlanmaqda olan məlum milli oyanış fədailərindən olub, aktiv vətəndaşlıq mövqeyilə seçilib.

1990-cı il yanvarın 11-də öz yaxın silahdaşları ilə Çaykənd hadisələrində dinc əhalini yerli ermənilərin təcavüzündən qoruyarkən silahlı çatışmada şəhid olub. Ölümündən sonra "20 yanvar" şəhidi adına layiq görülüb. 

Şəhid Ruzigar Qasımovun məzarı Gəncədə Şəhidlər xiyabanı"ndadır (Yeni şəhər r qəbiristanlığı)

Ruzigarın timsalında ulu tanrı bütün şəhidlərimizə rəhmət eləsin! 

 








 


 

Oxşar xəbərlər