Zərdabın icra başçısı şəhid ailəsinə XOX GƏLİR: "Oğlunuzun şəhid adını əlindən aldıracam"

  • 25 dek 2018, 22:20

Zərdab rayonunun icra başçısı Lütvəli Babayev "aprel şəhidi"nin ata-anasını təhqir edib.

"Demokratik.Az"-ın məlumatına görə, bu rəzalətə səbəb ailənin yuxarı orqanlara yazdıqları şikayətlər olub.

Saytımıza daxil olan məlumata görə, 2016-cı ilin aprel savaşında şəhid olmuş, evin yeganə övladı Abdullayev Nurlan Rasim oğlunun böyüyüb yaşadığı ev hazırda bərbad və qəzalı vəziyyətdədir. Vətənin azadlığı uğrunda şəhid olanın valideyinlərinin, Nurlanla fəxr edən bir ailənin bu şəraitsiz evdə yaşamlarını davam etdirmələri olduqca üzücüdür.  Məlumata görə, ailə başçısı dəfələrlə Zərdabın birinci şəxsindən mənzil şəraitinin yaxşılaşdırılması üçün yardım istəyib. İstəyinə nail olmadıqda, ölkənin yuxarı qurumlarına müraciətlər edib. Lakin, problemi vecinə almayan Zərdab rayon icra başçısı Lütvəli Babayev yuxarılara yazılan haqlı şikayəti yoluna qoymaq əvəzinə, şəhid ailəsinə qarşı qanunsuz əməllərə başlayıb. Məsələ getdikcə dərinləşib, hətta, sonralar prezident İlham Əliyevə də müraciətlər yazan ailə yerli İHB-nin təzyiqlərinə, hədələrinə məruz qalıb. Bu barədə Demokratik.Az-a şəhidin atası Rasim Abdullayev özü məlumat verib. "Evimiz yaşamağa yararsız vəziyyətdə olduğu üçün preziden cənab İlham Əliyevə ərizə ilə müraciət edib yeni mənzil inşa edilməsinə köməklik göstərməsini xahiş etmişdim. Həmin ərizəm də əvvəlkilər kimi, icra olunması üçün Zərdab rayon icra hakimiyətinə göndərildi. Bundan hiddətlənən Lütvəli Babayev məni və həyat yoldaşımı hədələyib və təhqir edib dedi ki, oğlunuzun şəhid adını əlindən aldıracam mən bunu bacararam" - deyə şikayətçi saytımıza bildirib.

Məlumata görə, şəhid anası başçının bu alçaqlığına etiraz əlaməti olaraq intihara cəhd etmək istəyir. Artıq bu haqsızlığa görə xəstəlik tapsıqlarını bildirən ailə şəhid olmuş şəxsin valideyinlərinə camaatın gözü qarşıında çəkinmədən belə yaramaz alçaqlıq əməllərini asilik - əclaflıq adlandırıb.

Bildirək ki, şəhid atası özü də Qarabağ müharibəsi veteranıdır. Şəhidin dayısı Mustafayev Qaraoğlan Ağamirzə oğlu isə 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Ailə vətənpərvərdir, ancaq bildirirlər ki, məhz Lütvəli Babayevin özü və yaxınları vətən uğrunda gedən döyüşlər zamanı həmişə qaçıb gizləniblər.

Şəhid Nurlan həqiqi hərbi xidmətini öncə Naxçıvanda keçirib. Sonradan, öz rizası ilə gizir kimi hərbidə qalıb qulluq edib. Xüsusi təyinatlı kəşfiyyatçı olub. Zabit olmaq üçün də oxuyub. Şəhid Nurlan hərbi xidmətdə fərqlənməyə görə sağlığında dəfələrlə order və medallarla təltif olunub. 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid olub. /Allah rəmət etsin!/

Zərdab rayon icra başçısı Lütvəli Babayevin şəhid ailəsinin bu ağır durumunda ailəyə qarşı etdiyi qeyri-insani hərəkətlər onları çox sarsıdıb.

Şəhid atası bildirir: "Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm, gəlib bizim ailə vəziyyətimizi, ev şəraitimizi görüb bizə yaxından köməklik edəsiniz. Lütvəli Babyevə isə allahdan cəza diləyirik. Allah onun bəlasını versin".

Biz isə, müstəqil media olaraq, hələ də şəhid ailəsinə qarşı belə hörmətsizlik sərgiləyən icra başçısının olduğuna üzülürük. Və hesab edirik ki, bir şəhidin valideyinlərinə "oğlunuzun şəhid adını əlindən aldıracam mən bunu bacararam" deyən bir icra başçısının bacarıq səviyyəsi, nataraz savadı artıq ortadadır. Amma bu hədə-qorxuya cavab olaraq onu bildirək ki, heç bir məmur heç bir halda canını vətən yolunda qurban etmiş şəhidlərin adını əlindən ala bilməz. Və Şəhid adına dil uzadan Lütvəli Babayev onu anlamalıdır ki, onun daşıdığı "başçı" adı ölkə başçısının bir sərəncamı ilə tezliklə silinə bilər. Bu, Zərdab və zərdablılar üçün artıq zəruri və qaçılmazdır...

Demokratik.Az 

Oxşar xəbərlər