Şəhidin məzarına sahib çıxan yoxdur - Xaçmazda

  • 11 iyul 2016, 14:29
Jurnalist Miri Məcidlidən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayevə açıq məktub ünvanlayıb.Demokratik.Az həmin məktubu olduğu kimi təqdim edir:

"Cənab başçı!. 

Sizə mətbuat vasitəsi ilə açıq məktub yazmağımda məqsədim bir şəhidin üzləşdiyi etinasızlıqla bağlıdır. Söhbət Xaçmaz rayonundan şəhid olan əsgər Elvin Mirzəyevin qəbirüstünün bu günə qədər düzəldilməməsindən gedir. Bununla bağlı Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsəm də, telefon zənglərinə cavab verən olmadı. Məndə sual yaranır. Aprel döyüşlərində şəhid olan bir əsgərin məzarı bu günə kimi necə ola bilər ki, düzəldilməmiş olsun? İnsanın ağlına iki variant gəlir. İcra hakimiyyəti ya şəhidə qiymət vermir, ya da kifayət qədər maliyyə imkanları yoxdur. Əgər İcra Hakimiyyətinin bir şəhid məzarını düzəltməyə imkanı yoxdursa bu başqa məsələ. Ancaq bunun üçün bildiyim qədər büdcədən illik pul ayrılır. Şəhidin məzarı qurulan daş abidələrdən o qədərmi qiymətsiz oldu? Soyuq məzarda yatan o gəncin ailəsinin keçirdiyi soyuqluq sizi heç narahat etmədimi?

Təəssüf... Ona təəssüf ki, torpaq üçün canını qurban verən bir şəxsə bu torpaqda qiymət verilmədi.

Şəhidin də qəbrinin düzəldilməsi birbaşa bizim vətəndaşlıq borcumuzdur. Təəssüf edirəm ki, məsələ bu qədər biabırçı vəziyyətə qədər gəldi. Biz bütün şəhidlərimizə o cümlədən Aprel şəhidlərinin ruhlarına minnətdar olmalıyıq. Bu gün rahat gəzməyimiz, rahat kürsülərdə oturmağımız üçün neçə oğullar torpaq altında yatır. Bəs bizim onların borclarını qaytarmağa gücümüz çatacaqmı? Ola bilər, siz o şəhid analarını, ailələrini görmədiniz. Amma mən gördüm. Onların yeganə təsəllisi diqqətdir. Bunu da görməyəndə itidikləri övladları ilə bərabər onlar da ölürlər. 

Ümid edirəm ki, bu məktubumdan sonra sizin rəhbəri olduğunuz qurum mənim sorğuma cavab verəcək. Tezliklə şəhid Elvinin də məzarı qaydasına düşəcək. Mən buna Azərbaycanı özündən çox sevən, şəhidi şəhid kimi sevən bir gənc kimi ümid edirəm."
 
Demokratik.Az da bu biganəliyə son qoyulacağına ümid edir. 
Oxşar xəbərlər