ADP sədri müxalifətin uğursuzluqlarından yazdı

  • 15 noy 2018, 10:18

Əli Əliyev: "Hadisələrə obyektiv yanaşıb...”

ADP sədri Sərdar Cəlaloğlu "Hürriyyət” qəzetində "Müxalifətin uğursuzluğunun səbəbləri” başlıqlı silsilə yazılarla çıxış edir. Bu yazılar artıq rezonans doğurub. Sosial şəbəkələrdə müxalifət tərəfdarlarının sərgilədikləri reaksiyalar bunu deməyə əsas verir. S.Cəlaloğluna haqq verənlər də, tənqid edənlər də var.

Qeyd edək ki, ADP sədri bu cür yazılarla çıxış edən ilk müxalif lider deyil. Uzun illər öncə sabiq baş nazir, AXP lideri Pənah Hüseyn "Cinayətimiz məğlubiyyətimizdir” başlıqlı silsilə yazılar yazmış, həmin yazılar da geniş müzakirələr doğurmuşdu.

S.Cəlaloğlu "Yeni Müsavat”a açıqlamasında son yazıları ilə bağlı bunları dedi: "Bir yazı yazanda heç bir münasibət gözləmirəm. Sadəcə olaraq, bir siyasətçi, politoloq kimi məsələyə münasibətimi bildirirəm. Son vaxtlar Azərbaycanda müxalifətin fəaliyyətsizliyi ilə bağlı diskussiyalar artıb. Gah siyasətçilər, gah da partiyalar ittiham olunur. Mən də elmi şəkildə nə üçün 30 ildə uğurlar qazanmadığımızı göstərmişəm. İqtidarla münasibətlərin necə olmalı olduğunu, prosesləri aparan qüvvənin nə etməli olduğunu, xalqla münasibətləri qeyd etmişəm. Hindistanın milli azadlıq hərəkatının nümunəsində demokratik mübarizənin banisi Mahatma Qandinin fikirləri əsasında düşüncələrimi izah etməyə çalışmışam. Qeyd etdiyim şərtlər aradan qaldırılmayınca Azərbaycan müxalifəti heç bir halda, müstəvidə nailiyyət əldə edə bilməyəcək. Uzun illərdir səhvlərimizi deyirəm. Amma heç kəs məni eşitməyib. Çünki uzun zaman aparıcılıq müxalifət düşərgəsində AXC-yə məxsus olub. Onlar da tamamilə başqa dəyərlər, prinsiplər aparıblar. Hətta rəhbəri olduğum ADP-yə vaxtilə Rəsul Quliyev rəhbərlik edəndə onunla aramızda ciddi fikir ayrılıqları olub. Məsələn, biz proseslərə başladığımız 90-cı illərdə hökumətin mitinqə icazə verməsini doğru saymadım və istədiyimiz yerdə mitinq keçirməyin vacibliyini bildirdim. O zaman hamı üstümə gəldi ki, sənin nə məqsədin var, niyə icazə verilən yerdə keçirməyək. Qandinin demokratik mübarizədə qanunları pozmaq, insan hüquqlarının məhdudlaşdırılması barədə fikirlərinə istinad edərək bildirdim ki, hökumətin seçdiyimiz yerdən başqa yer verməyə, mitinq zamanını dəyişməyə ixtiyarı yoxdur. Bunun üstündə böyük bir diskussiya başladı. Təcrübədə elmə əsaslanmaq lazımdır. Müsavat və AXC-nin rəhbərliyi altında uzun illər apardığımız mübarizə nə dünya təcrübəsinə, nə də elmi prinsiplərə uyğun deyil. Onun üçün də heç bir nəticə yoxdur. Avropada oturub siyasətçilər getməlidir, bu belə, o belə olmalıdır filan deyən bloggerlərə elmi əsaslarla cavab vermişəm. Əgər sən qanunları bilməyib, yaxud bilib onlara əməl etmirsənsə, heç bir nəticə qazana bilməzsən.

Demokratiyanın qanunları da belədir. Biz də siyasi mübarizədə qanunlara əməl etməmişik. Harada hansı səhvləri etdiyimizi göstəmişəm. Demokratik mübarizə aparan bilməlidir ki, tərəfdarlarının yarısı da həbsxanalara düşə bilər. Qandinin bu barədə fikirlərinə istinad etmişəm. O deyir ki, insanlar həbsxanalara düşməyi göz altına alıb mübarizəyə başlayanda qalib gəlirlər. Bu, yoxdursa, hər hansı mübarizə aparmaqdan söhbət gedə bilməz. Yazımda demokratik mübarizənin liderinin necə olmalı olduğunu da göstərmişəm. Növbəti yazım tərəfdarlar haqqında olacaq. Əvvəllər ən çox hökumət tənqid, təhqir olunurdu. İndi isə müxalifət bir-birini söyür. Qandi deyir ki, hörmət şəraiti olmadan heç bir demokratik mübarizədə nailiyyətə ümid etmək olmaz. Yaxud deyir ki, qeyri-etik münasibət ədalətin qarşısını kəsir. Azərbaycanda isə hazırda belədir, hərə bir söyüş briqadası yaradıb, sosial şəbəkələri söyüş məkanına çevirib. Azərbaycanı elə bir günə gətirib çıxardılar ki, siyasət küçə davranışları həddinə çatdı. Bu səbəbdən narahatlığımı bu cür ifadə etmişəm. Apardığımız mübarizənin qaydalarını bilmədiyimiz üçün heç bir uğura ümid etmək olmaz. Kimin güclü və ya zəif olduğunu da deyə bilmərik. Biz qaydasız döyüşə girmişik. Bu döyüşdə heç bir nailiyyət qazana bilmərik. Əgər dediklərimə, yazdıqlarıma reaksiyalar yoxdursa, demək, fikirlərim təsdiqlənir”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev S.Cəlaloğlunun müxalifət barədəki tənqidi ruhlu yazılarına bu cür mövqe sərgilədi: "Mən də istənilən prosesə hərtərəfli yanaşmanın tərəfindəyəm. Obyektiv yanaşılmayan istənilən qiymətləndirmə səhvə aparır. Lakin burada dəngə düzgün tutulmalı, analiz düz və tərəfsiz olmalıdır. Ölkədə müxalifətin siyasi ”nəticəsizliyinin" səbəbi ilk növbədə yürüdülən siyasətdədir. Bu mənzərə bütün avtoritar idarəçiliyə malik sistemlərə xasdır. Necə ola bilər ki, bütün avtoritar dövlətlərdə müxalifət uğursuz, iqtidar isə şanslı və güclü olur? Eyni millətin qurduğu iki dövlət - Şimali və Cənubi Koreyalarda siyasi mənzərə diametral fərqlidir. O yerdə ki, azlığın haqqı tanınmır, orada müxalifət "zəif” görünür. Və belə cəmiyyətlərə avtoritar cəmiyyətlər deyilir. Əlbəttə ki, cəmiyyətin bu hala düşməsində son 30 ilin siyasi tərəflərinin də günahı var. Sözsüz ki, bu, təkcə iqtidar deyil, həm də bəzi müxalifət partiyaları və liderləri də bu günün memarı sayıla biləcək qədər günah payına sahibdirlər. Müxtəlif anlaşma və razılaşmalar, hakimiyyətin ayırdığı preferensiyalar cəmiyyətin gücsüzləşməsinə, inamsızlaşmasına gətirib. Bizim toplum ayıqdır. Sənin alverini duyduqda çəkilir, etimad itirilir. Bununla da iqtidarın əli bərkiyir. Sərdar bəyin yazısı ilə tanış deyiləm. Ümid edirəm ki, hadisələrə obyektiv yanaşıb. Elmi ağırlığına qəti şübhə etmirəm".

Cavanşir ABBASLI,
"Yeni Müsavat

Oxşar xəbərlər