Azərbaycan hakimiyyətinin əsas “müttəfiqi” - müxalifət...

  • 24 okt 2017, 08:20

Ekspert: "Müxalifət içərisində dağıdıcılığa səbəb olan "liderlər” var”

Müsavat Partiyası və Milli Şura arasında son günlərdə yaranan qalmaqal səngimək bilmir. Hər keçən gün sosial şəbəkələrdə hər iki düşərgə arasındakı söz savaşı qızışır. Müsavat rəqibini keçirdiyi son iki mitinqdə iştirakçıların sayını şişirtmək, rəqib tərəf isə qarşı tərəfi bir aksiya keçirmək gücündə olmadığı, icazə verilmədiyini bilə-bilə gündəmdə qalmaq üçün yürüş kimi gülməli variantlardan istifadə etməkdə ittiham edir.

Qeyd edək ki, mövcud durum hər kəsə tanışdır. Belə ki, son 24 ildə daim ölkə müxalifəti bu cür qarşıdurmalarla özünü zəiflətməklə məşğuldur. Xüsusilə, bir siyasi proses başlayan kimi öncəliklə müxalif düşərgədə liderlik uğrunda mübarizə başlayır, bir-birinə güzəştə getmir, hər kəs özünü digərindən güclü sanır. Nəticədə də bu vəziyyətdən hakimiyyət yararlanır, zəifləyən rəqibləri qarşısında daha da güclənir. Müxalifət isə insanlarda ümidsizlik yaradır, özünü sonu görünməyən uçuruma doğru yuvarladır.

Sanki vahid bir birlik olmadan nəticə qazanmağın mümkünsüz olduğunu siyasi qurumlar unudublar. Düşünmürlər ki, indiyə qədər yaratdıqları hər bir birlikdə müəyyən qədər uğur qazanmağı bacarıblar. 1992-ci ildə hakimiyyətə gəliblər, 2003-cü ildə ciddi seçki prosesi aparıblar, bundan iki il sonra "Azadlıq” bloku adında qurumla parlament seçkilərinə qatılıb, hakimiyyət üçün ciddi başağrısına çevriliblər. Son olaraq, 2013-cü ildə Rusiyanın projesi olsa da, Milli Şura adında birlikdə birləşib qənaətbəxş olmasa da, müəyyən seçki prosesi aparmağı bacarıblar. İndi isə bunların heç biri görünmür. Bir ildən sonra Azərbaycanda prezident seçkiləridir, hələ də tam şəkildə düşərgənin namizədləri məlum deyil, əvəzində ortada didişmələr mövcuddur...

Siyasi ekspert Natiq Miri hesab edir ki, əvvəlcə müxalifətin bu vəziyyətə gəlməsinin səbəblərini araşdırmaq lazımdır:"Gələcəkdə birlik yaratmaq üçün öncəliklə buna mane olan səbəbləri aradan qaldırmaq lazımdır. Çünki bunlar olmayınca, bu gün ortada olan nəticəsizlik yenə də davam edəcək. Bu səbəbləri aradan qaldırmaq üçün indiyə qədər nələrin olduğunu etiraf etmək lazımdır. Bu etiraf olmayınca, bütün siyasi güc mərkəzləri bu etirafları dilə gətirmək gücündə olmadıqca, müxalifət arasındakı birliyi təmin etmək mümkün olmayacaq. Qeyd etdiyim səbəblərdən biri siyasi iddiadır. Hər bir siyasi güc mərkəzi iddia ortaya qoymaqla hakimiyyətə gəlmək istəyir. Amma iddialar o zaman reallaşır ki, imkanlara bərabər olsun. Bu gün müxalifətin durumu ondan ibarətdir ki, imkanlar iddialarla qətiyyən uyğun gəlmir. Müxalifət 1990 və 2000-ci illərdəki kimi güc mərkəzi səviyyəsində deyil. Bu gün parçalanmış və çox zəif bir durumdadır. Belə olduğu təqdirdə müxalifətin yolu birlikdən keçir. Yalnız birliyi təmin etməklə hakimiyyət qarşısında duruş gətirmək olar. Birlik olarsa, ictimaiyyətdən gələn reaksiyalar da müsbət olacaq. Əslində ictimaiyyətin istəyi də ondan ibarətdir ki, cəmiyyətin maraqları çərçivəsində fəaliyyət göstərən müxalifət bir olsun. Müxalif qurumlar arasındakı etimad körpüsü də aradan qaldırılıb. Bu gün heç bir müxalifət gücü qarşı müxalif gücə etimad etmir, inanmır. Bu da çox böyük bir problemdir. Etimad etmədiyiniz bir güclə birləşib, konkret hədəflərə doğru getmək mümkün deyil. Yandırılan körpüləri yenidən qurmaq ehtiyacı var. Hansı ki, biz bunu hələ görmürük. Çox ciddi səbəblərdən biri də hakimiyyətin təzyiqləridir. Bu gün qarışıqlı ittihamlar və müxalifətin bir araya gələ bilməməsi səbəblərindən biri bilavasitə hakimiyyətdir. Bu da müxalifətin dağılması üçün yetərli gücdür. Burada müxtəlif yollardan istifadə olunur. Müxalifət daxilindəki müəyyən güc mərkəzlərinin maliyyələşdirilməsindən tutmuş repressiv metodlara qədər üsullar tətbiq olunur ki, bunlar müxalifətin dağılması, bir araya gəlməməsi üçün yetərli olur. Bu səbəbləri aradan qaldırmaq lazımdır ki, ortada olan arzuolunmaz vəziyyət də yox olsun. Məsələnin əsl mahiyyəti budur. Bunu müxalifət anlamadıqca, bu krizi yaşamağa davam edəcək. Hakimiyyət də prosesləri çox asanlıqda idarə edə biləcək”.

N.Miri gələcək baxımından demokratik düşərgənin birlik şanslarının olub-olmaması barədə bunları dedi: "Müxalifətin dağılmasına, bir-birini didməsinə əsas səbəblər siyasi iddialar və hakimiyyətin siyasətidir. Yaranan mühiti münbit edən subyektiv amillər var. Bunlar aradan qaldırılmalıdır. Müxalifət içərisində dağıdıcılığa səbəb olan ”liderlər" var. Bu insanların mütləq mənada ya özləri istefa verməli, ya da həmin  güc mərkəzlərində birləşib bu şəxsləri istefaya göndərmək lazımdır. Bu "liderlər” demokratik düşərgədən təmizlənməyincə, siyasi güclərin bir araya gəlməsi mümkün olmayacaq. Bunun üçün də siyasi partiyaların daxilində demokratiyaya böyük ehtiyac var. Hansı ki, bunu bu gün heç bir siyasi partiyada müşahidə etmirik. Məhz bu səbəbdən hakimiyyət onları daxildən çox asanlıqla parçalaya bilir. Bu dağıdıcı ünsürlərin siyasi proseslərdən uzaqlaşdırılmalarına böyük ehtiyac var. Bunun üçün də siyasi liderliyə iddialı gənclik bu ağır yükü üzərlərinə götürməli, onları siyasətdən uzaqlaşdırmalıdır. Siyasət yenilənməli, siyasi partiyalar özlərini yeniləməlidir. Bu baş vermədikcə bütövləşmə olmayacaq".

Demokratik.Az

Oxşar xəbərlər