Səlim Müslümov "sual" etdi - "Yeni Müsavat" cavabladı

  • 06 iyun 2018, 11:21

Dünən sükutu pozmaqla, verdiyi sualla özünə bəraət qazandırmağa cəhd edən Səlim Müslümov nəhayət ki, 2 milyard 500 milyon manatlıq yeyintidən danışdı... Danışıq demək olarsa...

"Demkratik.Az"-ın məlumatına görə, eks-nazirin unikal.org-da səsləndirdiyi "özünümüdafiə" məqsədli fikirlərində ustalıqla "Yeni Müsavat" qəzetinin iddialarını hədəf seçib. "Yeni Müsavat" qəzeti redaksiyası isə, öz növbəsində mesajları qəbul edib və plagiat professorun - sabiq nazir Səlim Müslümovun ən sadə adamlarda belə gülüş doğuran suallı açıqlamasına cavab yazıb.

Maraqlıdır, ciddi ittihamları susqunluqla qarşılayan günahkar məlum (DSMF) yanğın olayından sonra danışmağa özündə təpər tapıb və açıqlamasında deyib ki, bəzi KİV-lərdə haqqında mənfi fikirlər səsləndirilir, yazılanlar isə həqiqətə uyğun deyil:

Nazirin açıqlamasından SİTAT: - "Mən hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm. Allah cənab prezidentin canını sağ eləsin. Neçə illər mənə etimad göstərdi. İndi məsləhət oldu ki, vəzifədən gedim. Bu, prezidentin səlahiyyətində olan məsələdir və müzakirə olunmur. Mənə elə gəlir ki, harada olmağımızdan asılı olmayaraq, əlimizdən gələni xalqımız üçün etməliyik. Biz hansı müddət ərzində vəzifədə olmuşuqsa, prezidentin tapşırdığı vəzifələri icra etməliyik. Mən də hər zaman prezidentin tapşırığını yerinə yetirmişəm. Çalışmışam ki, mənə göstərilən etimadı yüksək səviyyədə doğruldum”.

Sabiq nazir 2 milyardan artıq yeyinti (yoxaçıxma) ittihamlarına da cavab verib. O bu barədə səslənən fikirləri böhtan adlandırıb: "Fondun büdcəsi cəmi 3.4 milyard manatdır. Bunun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər? Bu pullar da Maliyyə Nazirliyindən köçürülür. Həmin vəsaitin bir qara qəpiyi də başqa yerə köçürülə bilməz. Sözügedən məsələni maliyyəçilər daha yaxşı başa düşər”.

 

S.Müslümov onu da nəzərə çatdırıb ki, hazırda elmi fəaliyyətlə məşğuldur. "Özüm professor, iqtisad elmlər doktoruyam. Elmdən dövlət idarəçiliyinə gəlmişdim. Artıq idarəçilikdə deyiləm və yenə də elmi işlərimlə məşğulam” - deyə sabiq nazir bildirib.

Ad çəkməsə də, sabiq nazirin bu fikirləri "Yeni Müsavat” qəzetinin son sayında dərc olunan "Sosial Müdafiə Fondunda müəmmalı yanğın - Səlim Müslümov izi...”  sərlövhəli yazıda yer alan faktlara münasibət olaraq bildirə bilər. "Yeni Müsavat" özü də bu qənaətə gəlib.

Qəzet haqlı olaraq yazır ki, "böyük maxinasiya ilə gerçəkləşən iri korrupsiya  ittihamlarına cavab verirmiş kimi görünmək əziyyətinə qatlaşan Müslümov maliyyəçiləri də özünə şərik qoşaraq "Fondun büdcəsi cəmi 3.4 milyard manatdır. Bunun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər” sualını verib".

Səlim Müslümovu  qıcıqlandıran yazıda "2 milyard 500 milyon manat büdcə vəsaiti harada ”yandı" yarımsərlövhəsi altında gedən hissədə isə Azərbaycan dilini orta səviyyədə bilən hər kəs üçün çox sadə dildə yazılmışdı.

Sitat:

"Səlim Müslümovun nazir, bundan əvvəl isə DSMF sədri olduğu illər ərzində təkcə bu istiqamət üzrə 2-2,5 milyard manat vəsait yoxa çıxarılıb”.

Aydındır ki, yazıda söhbət illik büdcəsi 3.4 milyard manat olan Dövlət Sosial Müdafiə Fondundan 2-2,5 milyard manat vəsaitin 1 il ərzində oğurlanmasından getmir. Ümumilikdə Səlim Müslümov 2002-ci ildən Dövlət Sosial Müdafiə Fonduna(DSMF) rəhbərlik edib, 2013-cü ilin 2018-ci ilin əvvəlinə qədər isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postunu tutub. 2-2.5 milyardlıq yeyintinin də məhz həmin dövrü - yəni 16 illik dövrü əhatə etməsi iddiaları var. Səlim Müslümov yeyintinin olmadığını demir. Sadəcə, suyu bulandırır. Nazir olduğu illərdəki kimi, yenə də pensiyaların artırılması ilə bağlı efirlərdən təqaüdçülərə oxuduğu "belə vur, elə çıx, aldığın rəqəmin üstünə yaşını gəl, sonra hamısını çıx və üstəgəl” tipli düsturlara müraciət edir. Ortada isə 16 il ərzində Səlim Müslümova tapşırılan bir sahədən 2-2,5 milyardlıq yeyintinin olduğu haqda çox ciddi iddialar var.

Yayılan məlumatlardan biri də bu idi ki, Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmiləri ilə əlbir olub və atəşkəsdən 24 il sonra 900 rayon sakininə Qarabağ veteranı statusu verdirib. Bu şəxslərin əksəriyyəti isə Qarabağda müharibə getdiyi illərdə Azərbaycanda olmayıblar, o dövrdə Rusiya bazarlarında alver ediblər. Səlim Müslümov "mən hər zaman şərəflə, namusla işləmişəm” deyir və Qarabağ döyüşçüsü kimi şərəfli bir adın pulla satılmasının üzərindən sükutla keçir...

Yayılan ümidverici rəsmi məlumatlara görə, hazırda Hesablama Palatası müfəttişləri Dövlət Sosial Müdafiə Fondunda yoxlamalarını davam edirlər. Gələn məlumatlar da onu deməyə əsas verir ki, bu yoxlamalar nəticə etibarı ilə Səlim Müslümov nazir olduğu illərdə baş tutan yoxlamalardan fərqli şəkildə aparılır. Üzə  çıxarılanlar konkret rəsmiləşdirilir və aidiyyəti üzrə göndəriləcək. 

"Demokratik.Az" "Yeni Müsavat"-a dəstək olaraq (ehtiyac olmasa da-red) hesab edir ki, Səlim Müslümovun baş verənlərə və iddialara qarşı sual vermək haqqı yoxdur. Sabiq nazir yaxşı olardı ki, öz sualına özü cavab versin: "...pullar necə itə bilər”?

Jurnalistlərdən fərqli olaraq, bu sualın cavabını Səlim Müslümov daha dəqiq bilir!!!

Demokratik.Az

Oxşar xəbərlər