Qarabağ mitinqi təyin olundu

  • 05 apr 2018, 08:48

Qarabağ Azadlıq Təşkilatı, həmçinin bir sıra ictimai xadimlər, Qarabağ döyüşçüləri Qarabağ mitinqi keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərib. QAT mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə göstərilir:

"Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, aşağıda imza edənlərin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, ”Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dağlıq Qarabağ və digər ərazilərimizin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə ictimai dəstəyi nümayiş etdirmək məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik. Qarabağ mitinqinin 2018-ci il mayın 12-də, saat 16.00-dan 18.00-dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində "Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulur. Mitinqdə "Qarabağa azadlıq!”, "Ya Qarabağ, ya ölüm!”, "Ya Qarabağı azad et, ya kənara çəkil!”, "Qarabağda azadlıq müharibəsinin başlanmasını tələb edirik!”, "Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarları səsləndiriləcək, eyni məzmunda plakatlar qaldırılacaq, çıxışlar ediləcək, qətnamə qəbul olunacaq".

Müraciətdə BŞİH-dən xahiş edilir ki, Qarabağ mitinqinin keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq şərait yaradılsın və təhlükəsizliyin təmin olunması üçün addımlar atılsın.

Oxşar xəbərlər