Milli Şura mitinqini niyə soyqırım günündə edir?

  • 27 mar 2018, 08:18

Akif Nağı: "31 martda sosial tələblərlə aksiya keçirilməsi doğru deyil”

Milli Şura 31 marta mitinq təyin edib. MŞ artıq aksiya hazırlıqlarına start verib. Qurum rəhbərləri sosial şəbəkələrdə aksiyaya qatılmaqla bağlı çağırışlar edirlər.

Məlumat üçün bildirək ki, MŞ 17 marta aksiya təyin etmişdi. Bakı Şəhər İcra Hakimiyyətinin icazə verməsinə baxmayaraq, son anda mitinq keçirməkdən imtina edilmişdi. Amma indi görünən odur ki, Milli Şura aksiya keçirməkdə qərarlıdır.

Aksiya ilə bağlı müxtəlif müzakirələr açılıb. Hökumətin mitinqə icazə verib-verməyəcəyi ilə bağlı mövqelər birmənalı deyil. Xüsusilə aksiyanın 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımı gününə təsadüf etməsi müzakirələrə səbəb olub. Bunu normal qarşılayanlar da, qınayanlar da var. Çoxları hesab edir ki, mitinqdə soyqırım qurbanlarını yad etmək, eləcə də bu yöndə çağırışlar səsləndirmək mümkündür. Bunun üçün ən uyğun variant kimi mitinqi göstərənlər də az deyil. Milli Şuranı 31 marta aksiya təyin etdiyi üçün sərt tənqid edənlər də var. Onların çağırışları mitinqin bir gün sonraya təxirə salınması yönündədir.

 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, Milli Şura mitinqin məzmununu dəyişsə, bu daha doğru olar: "Mitinqin məzmununu soyqırıma, erməni işğalçılığına etiraz yönünə dəyişsələr, bu normal olar. Milli Şuranın bu mitinqi təşkilatımızın idarə heyətində müzakirə ediləcək. Çünki müxtəlif yerlərdən bizə müraciətlər olur ki, nə üçün mitinqlərə münasibət bildirmirsiniz, yaxud qoşulmursunuz. Bu baxımdan mitinq müzakirəsini zəruri hesab edirik. Sonuncu mitinqdə də bildiyimiz kimi, Milli Şura ilə yanaşı Müsavat Partiyası və digər siyasi qurumlar da iştirak edirdilər. Düşünürük ki, Müsavat və Milli Şuranın keçirəcəyi bu mitinqdə digər siyasi qurumlar kimi, bizim də iştirakımız mümkündür. İdarə heyətində iştirakla bağlı qərarımız olsa, mətbuata verəcəyik. Təklif etmək istəyirik ki, Müsavat, Milli Şura və digər qurumların növbəti mitinqi sırf Qarabağ məsələsinə həsr edilsin, Qarabağ mitinqi keçirilsin. Əsas tələblər də Qarabağa azadlıq və Qarabağda əməliyyatların başladılması yönündə olsun. Bu hələ ki fikrimizdir, hər şey idarə heyətinin qəbul edəcəyi qərardan asılı olacaq. Əgər bu təklifimiz həyata keçərsə, Qarabağ Azadlıq Təşkilatı bu mitinqin təşkilatçılarından biri olmağa hazırdır. Ola bilər ki, 31 mart mitinqində təşkilatımızın bir    qrup üzvü iştirak etsin, Qarabağ şüarları səsləndirsinlər. Prinsipcə, 31 martda da Qarabağ mitinqinin keçirilməsi mümkündür. Çünki bunun üçün kifayət qədər zaman da var. Düşünürəm ki, Milli Şura xarakterini dəyişməlidir. 31 martda sosial tələblərlə aksiya keçirilməsi doğru deyil. Həmin gün erməni işğalı, erməni terroruna qarşı mitinq keçirilməsi çox yerində olardı”./Y.M/

 

Demokratik.Az

Oxşar xəbərlər