AŞPA-nın komitə iclasında Dağlıq Qarabağ müzakirələri

  • 03 noy 2015, 19:26
Noyabrın 4-də AŞPA-nın Siyasi Məsələlər Komitəsinin iclası keçiriləcək. İclasda Böyük Britaniyadan olan deputat Robert Volterin "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərində zorakılığın artmasına dair” məruzəsi müzakirə ediləcək. Məruzənin mətni AŞPA-nın rəsmi səhifəsində yerləşdirilib.
 
Sənədin adından göründüyü kimi, məruzədə Azərbaycanın təkcə Dağlıq Qarabağ bölgəsinin deyil, digər ərazilərinin də Ermənistan tərəfindən işğal edildiyi əksini tapıb. Məruzədə Azərbaycanın 20 faiz ərazisinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığı bildirilir. Həmçinin sənəddə bu faktın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 2015-ci il iyun tarixli qərarında Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilir. Məruzədə, eyni zamanda, Dilqəm Əsgərov və Şahbaz Quliyevin tanınmamış və qondarma Dağlıq Qarabağ respublikasının "məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi vurğulanır.