Deputatın təklifi dəstəkləndi - "AZTV ləğv edilsin"

  • 04 dek 2017, 08:34

Onun yerində ingilis dilli telekanal açmaq olar; Qulu Məhərrəmli: "Xaricdən mütəxəssislərin cəlb olunmasından da çəkinmək lazım deyil”

 

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində telekanal açmağımız lazımdır. Bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev deyib.  O bildirib ki, Ukrayna, Qazaxıstan nümunəsində belə telekanallar var.

Deputat bu kanallara ayrılan vəsaitləri xatırladaraq onların xarici telekanala yönəldilməsini təklif edib: "Biz 32 milyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallarından heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar da böyük həvəslə prezidentin sərəncamlarını oxuyurlar, səfərlərini işıqlandırırlar”.

Bəs media ekspertləri deputatın bu fikirləri ilə razıdırlarmı? Həqiqətənmi AzTV ölkə teleməkanında lazımsız bir kanaldır və ona yönəldilən vəsaitlərlə xarici dillərdə fəaliyyət göstərən bir kanal yaratmaq olar? O kanal ki, müharibə şəraitində və informasiya savaşında olan bir ölkənin həqiqətlərini, onun siyasətini dünyaya çatdırsın, təbliğ etsin...

"Yeni Müsavat” qəzetinin suallarını cavablandıran tanınmış telejurnalist, media eksperti Qulu Məhərrəmli vurğuladı ki, Qüdrət Həsənquliyevin Milli Məclisdən səsləndirdiyi bu fikirlər tamamilə reallığı əks etdirir: "Çünki neçə illərdir deyilir ki, cəmiyyət bu telekanalların fəaliyyətindən narazıdır. Ancaq bunu bu şəkildə dilə gətirmək də doğru bir addımdır. İctimai televiziya ilə bağlı deyilən fikirlər də belədir. İTV faktiki olaraq cəmiyyətdə plüralizmi təmin edə bilmədi. İctimai televiziyanın obrazı ümumiyyətlə itdi. Əvvəl bir qədər ümid var idi, atıq ümid də yoxdur. Bu televiziyalara   dövlət büdcəsindən bu qədər maliyyə ayrılması və onun müqabilində onların cəmiyyətə heç nə verməmələri problemdir və deputatın dedikləri həqiqəti əks etdirir”.

Ekspert onu da qeyd etdi ki, Azərbaycandan xaricə ingilis dilində kanalın yayımlanması çox vacibdir: "Biz əvvəl də informasiya blokadasından danışdırdıq, ancaq məlum oldu ki, internetin olması da bu problemi həll eləmir. Peykə çıxmaq da bu məsələni həll etmir. Keyfiyyətli informasiya hazırlayıb onu yaymaq lazımdır. Bizdə bu məqsədlə əvvəl ”ATV İnternational" fəaliyyət göstərdi, indi də CBC bu funksiyanı qismən yerinə yetirir. Ancaq xüsusi informasiya kanalının olması dünyada qəbul olunmuş ənənədir. Təxminən 20 ilə yaxındır ki, Rusiya bu texnologiyadan istifadə edir, Türkiyənin bu sahədə təcrübəsi daha böyükdür. Bizə əgər həqiqətən Azərbaycanı xaricdə təbliğ etmək, onun var olduğunu göstərmək və problemlərini dünyaya çatdırmaq istəyiriksə, bu cür kanala ehtiyac var. Bu mənada Qüdrət Həsənquliyevin qaldırdığı məsələ də çox aktualdır".


 

Q.Məhərrəmlinin sözlərinə görə, belə bir kanal AzTV-nin texnoloji bazası üzərində yaradıla bilər, lakin tam müstəqil fəaliyyətinə təminat verilməlidir: "Mən demirəm ki, AzTV-nin və ya İTV-nin pulunu kəssinlər. Ancaq belə bir kanalı yaratmağa ehtiyac var. Düşünəndə ki, yeni yaradılacaq kanal üçün baza hara olmalıdır, kadr ehtiyatı haradan formalaşmalıdır, görüntü və video bazası haradan olmalıdır - bu zaman istər-istəməz hazırda mövcud olan televiziyaların bazası yada düşür. AzTV-nin texnoloji imkanları böyükdür. Bunu lap AzTV-nin nəzdində də yaratmaq olar. Bu böyük arxiv bazası olan və texnoloji imkanları geniş olan bir  telekanaldır. Ancaq kadrları yetişdirmək lazımdır. Bu kanal müstəqil bir kanal olmalıdır və indiki kanalların heç birinə oxşamamalıdır. Əksinə, bizim kabel və peyk televiziyalarında izlədiyimiz ən müasir, ən çevik telekanallara bənzəməlidir. Bu fikir və ideya olaraq yaxşıdır. Ancaq onu necə qurub-yaratmaq  üçün yeni televiziya düşüncəsi olan , müasir TV menecmentini bilən insanlar olmalıdır”.

Media ekspertinin sözlərinə görə, xarici auditoriya üçün nəzərdə tutulan kanalda  texnoloji yanaşma və məzmun fərqli olmalıdır: " Biz AzTV verilişləri ilə dünyaya çıxa bilmərik. Xaricdə olanda bəzən insanlar gülmək üçün kanalı AzTV-yə çevirir və baxırlar. Xarici kanalın  uğur qazanması üçün yeni məzmun , yeni ritm lazımdır, çox müasir aparıcılar lazımdır. Bugünkü dünya televiziyalarının ritmini duyan , o üslubda verilişlər hazırlayan bir komanda olmalıdır. Belə  olmayacaqsa , xarici kanal yaratmağın bir mənası yoxdur. Əgər biz yeni telekanal yaradacağıqsa və o AzTV-yə oxşayacaqsa, onu yaratmağın mənası yoxdur.  Bunun üçün xaricdən mütəxəssislər dəvət olunmalıdır. Bizdə də  televiziya təfəkkürü yenilənir”.

Qulu Məhərrəmli sonda onu da diqqətə çatdırdı ki, belə bir iş üçün xaricdən mütəxəssislərin cəlb olunmasından çəkinmək lazım deyil: "Bir vaxtlar İran  kinosunu ayağa qaldırmaq üçün  Amerika mütəxəssisləri oraya dəvət olundu və işlədilər. Bu gün İran kinosu Hollivud sistemi ilə işləyir və dünyanın ən gözəl kinomotoqrafiyalarından biridir. Ancaq bunun üçün çox bacarıqlı və müasir təfəkkürlü insanlar lazımdır. Bir qədər köhnə təfəkkürlü və əxlaqı şübhə doğuran insanların bu işə cəlb olunması doğru deyil”.

Oxşar xəbərlər