Qulu Məhərrəmli Arif Alışanovu yenə "top"a tutdu

  • 16 fev 2017, 21:52

"Mən həmin sözləri yenə təkrar edirəm, bu adam...”

 Bir ilə yaxındır ki, Yasamal Rayon Məhkəməsində tanınmış jurnalist, professor Qulu Məhərrəmliyə qarşı AzTV sədri Arif Alışanovun xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında aparılan cinayət təqibinə xitam verilib.

Xatırladaq ki, media eksperti Q.Məhərrəmli ötən ilin fevral ayında mətbuatda Azərbaycan telekanallarının ümumi vəziyyətini təhlil edərkən dövlət büdcəsindən maliyyələşən AzTV-nin də ciddi nöqsanlarını bildirib və bu nöqsanların əsas səbəblərindən biri kimi sədr A.Alışanovun qeyri-peşəkarlığını, intellektual bəsitliyini, yaradıcı menecmenti və idarəçiliyi bilməməsini göstərib onu kəskin tənqid etmişdi. A.Alışanov isə məhkəməyə müraciət edərək həm mülki qaydada Q.Məhərrəmlinin 100 min manat cərimə olunmasını, həm də xüsusi ittiham qaydasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Məhkəmənin qərarını "Yeni Müsavat”la bölüşən Qulu Məhərrəmli bu nəticənin ümumilikdə medianın və tənqidi fikrin xeyrinə olduğunu bildirdi: "Mən məhkəmədən qeyri-adi bir nəticə gözləmirdim. Nəticənin belə olacağına ümidim var idi. Ona görə ki, iddia heç bir hüquqi əsası olmadan, qanunsuz olaraq icraata götürülmüşdü. Bu cür nəticə mətbuatda tənqidi fikirlər söyləyən adamlar üçün təbii ki, bir stimul oldu. Başqa cür qərar olsaydı, çəkindirici faktora çevrilə bilərdi. Bu baxımdan hesab edirəm ki, məhkəmənin qərarı tam qanunauyğundur. Bu qərarı oliqarxları da bir qədər düşündürə bilər ki, tənqidə qarşı dözümlü olsunlar. Hər tənqiddən məhkəməyə müraciət etməməlidirlər. Sərt və ya yumşaqlığından asılı olmayaraq, ictimai maraq kəsb edən bütün məsələlərdə tənqidi qəbul etmək lazımdır. Konkret AzTV ilə bağlı mən nə demişdim? Tənqid etmişdim ki, bu televiziyanın verilişləri zəifdir. Sədri qeyri-peşəkardır, səriştəsizdir. Mən həmin sözləri yenə təkrar edirəm ki, bu adam o televiziyanı idarə etmək qabiliyyətində deyil. Son bir ildə hansı dəyişiklik baş verdi, bu kanalda biz hansı keyfiyyətli veriliş görə bildik? Getdikcə vəziyyət daha da pisləşir. Bu böyüklükdə televiziyanın proqramları çap olunmur, qəzeti dayanıb, jurnalı çıxmır. İki-üç verilişdən başqa orada maraqlı heç nə yoxdur. Dövlət bu qədər vəsait ayırıb, qayğı göstərir, texnika ilə təmin edir. Bunun müqabilində AzTV tamaşaçıya nə verir? Ona görə də, bu kanalı tənqid etmək bizim işimizdir ki, işlər irəli getsin, dönüş yaransın və sair. Belə fikirlərə görə insanları məhkəməyə vermək olmaz. Nəticə çıxartmaq, səhvləri düzəltmək lazımdır. Onlar çox sağlam qərar qəbul etdilər”.

Qulu Məhərrəmli məhkəməyə yanlış rəy verən ekspertlərə də cavab verdi: "Məhkəmədə ekspertiza sifarişlə rəy vermişdilər. Mən onları da qınamıram, onlar yazıq insanlardır, sifarişlə kimin əleyhinə istəsən onlardan rəy almaq olar. Onlar bu yolda ləyaqətlərini də tapdalayırlar. Ancaq bu cür cılız adamların müqabilində bizim çox görkəmli elm adamlarımız da rəy veriblər. Professor Qəzənfər Kazımov, Fəxrəddin Veysəlli, Nəsir Əhmədli və başqa dəyərli dostlarımız müstəqil rəy verdilər ki, burada heç bir təhqir yoxdur. Mən məhkəmənin gedişatında da bir çox məsələlərin şahidi oldum. Vəzifəli adam məhkəmə prosesində inzibati resursları işə salır. Mən gördüm ki, necə təhlükəli oyunlar gedir. Mən məhkəmənin bu qərarı çıxarmasına təsir edən adamlara çox təşəkkür edirəm”.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli də "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məhkəmə işinin qaldırılması belə absurd idi: "Çünki Qulu Məhərrəmli kifayət qədər cəmiyyətdə tanınmış bir ziyalıdır, həm jurnalistika, həm də dil aspektindən fikrini çox dəqiq , qərəzsiz ifadə edən bir insandır. Məlum müsahibədə də bu telekanalda gedən prosesi qiymətləndirmişdi və televiziyanın yaranmasının ildönümü ilə bağlı tezislərini açıqlamışdı. Burada tənqid hədəfinə tuş gələn Arif Alışanov cavab olaraq Qulu Məhərrəmlini təhqir etməkdə suçlayaraq məhkəməyə müraciət etmişdi. Lakin bu məhkəmə işinin nəticəsinin olmayacağı ilk dəqiqədən bəlli idi. Çünki Azərbaycanda diffamasiya haqqında qanunun olmamasına baxmayaraq, Avropa Məhkəməsinin iki qərarı var ki, diffamasiyaya görə Azərbaycan tərəfini məhkum edib. Xüsusən də diffamasiyaya görə cinayət təqibi , jurnalistin həbs edilməsi Konvensiyanın 10-cu maddəsini pozur. Bu proses həm Qulu Məhərrəmlinin, həm də onun ətrafında olan ona dəyər verən insanların bir ilə yaxın zamanını aldı. Nəticədə doğru qərar verildi. Məncə bu hadisə bundan sonra ümumiyyətlə bu cür iddiaların gündəmə gəlməməsi üçün nümunə olacaq”. 
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin məsələyə münasibəti isə belə oldu: "Məncə biz ifadələrimizi seçərkən bir balaca diqqətli olsaq yaxşıdır. Qulu Məhərrəmli də, Arif Alışanov da media sahəsinin önəmli isimləridir. Təbii ki, onların arasında hansısa münaqişənin olması xoş bir şey deyil. Mən bildiyimə görə, Arif Alışanov sadəcə məhkəmə prosesinə o qədər də önəm verməyib. Bu da anlaşılandır. Çünki bu şəxs AzTV kimi çox nəhəng bir media qurumuna başçılıq edir. Orda isə kənar işlərə sadəcə zaman ayırmaq mümkün deyil. Prosesin belə bitməsi şəxsən mənim ürəyimcədir. Burada uduzan yoxdur. Amma qalib var. O da Azərbaycan mediasıdır”.

Nərgiz LİFTİYEVA

Musavat.com

Oxşar xəbərlər