GƏNCƏ TƏHSİLİNDƏ RƏZALƏT!

  • 05 sen 2017, 16:28

"Demokratik.Az"-ın elektron poçtuna Gəncə təhsilində baş verən neqativ hal barədə müraciət daxil olub. Müraciətdə bildirilir ki, şəhərin orta məktəblərində 1-ci sinfinə gedəcək şagirdlərdən məcburi şəkildə yeni geyim forması almaq tələb olunur. Bununla belə, Elmar Vəliyevin tapşırığı ilə şəhərin abadlaşdırılması üçün müəllimlərdən 20 manatdan pul yığılması iddia olunur. Lakin bu bilgilər son günlər KİV-lərdə işıqlandırıldığı üçün özbaşına proseslər dayandırılıb. Şəhər rəhbərliyinin bu kimi diqtəsinin ağır nəticələrindən ehtiyyatlanan Gəncə təhsil şöbəsinin müdiri Zakir Hüseynov zorla da olsa məsələnin ictimai rezonans doğuracağını bildirərək rüsvayçılığı durdura bilib.

İddia olunur ki, keçən tədris ili məktəblərin hazırlıq qruplarında oxuyan uşaqlara tədris ilinin ikinci yarısında məktəbli forması aldırılıb. İndi bu uşaqlar birinci sinfə gedir, amma buna baxmayaraq məcburi şəkildə uşaqlara yeni forma aldırırlar. Dəyəri 40-45 manat olan bu məktəbli formasına şəhərin 25, 2, 1, 5 saylı məktəblərində 75 manat; 10, 12, 14, 39, 13 saylı və digər orta məktəblərdə isə hətta 80-85 manat pul gətirmək valideynlərdən tələb olunur. Həmin formanın tamamilə eynisini valideyn hansı mağazadan alsa belə, bu qəbul edilmir. Valideynlərdən 80-85 manat pul gətirmək tələb olunur. Bu  işdə məktəb direktorları xüsusi canfəşanlıq göstərir. Məlumatlara görə, bu məktəbli formaları Yevlax şəhərində olan "Lalə" tekstil fabrikinin məhsullarıdır və bu fabrik Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə məxsusdur. Gəncə şəhərində yerləşən  orta məktəblərin bütün şagirdlərindən məcburi şəkildə bu fabrikin məhsullarından almaq üçün 80-85 manat tələb olunduğunu nəzərə alsaq, kifayət qədər böyük məbləğ alınar. Görünür ki, şəhər rəhbərliyi məktəbli formalarının zorla satışına artıq alışıb. Təhsil şöbəsinin müdiri isə, deyilənə görə Elmar Vəliyevin bu sayaq şıltaqlıqlarından artıq bezib və səlahiyyətlərini tam olaraq icra etmək gücündə deyil. Bir sözlə, icra başçısı təhsil şöbəsinə istədiyini diqtə edir, sonda da cavabdehlik daşıyan təhsil müdiri Zakir Hüseynov günahkar çıxır.

Azərbaycan qanunvericiliyinə əsasən, icra başçılarının orta məktəblərə müdaxilələr etməsi, müxtəlif adlar altında pulların toplanmasına göstərişlər verməsi yolverilməzdir. Buna baxmayaraq, ölkənin əksər rayonlarında belə özbaşına hallara mütamadi rast gəlinir.

 

Demokratik.Az

Oxşar xəbərlər