“Ümid” Partiyasında namizədlik qalmaqalı böyüdü

  • 05 may 2016, 10:21
İyunun 18-də 90 saylı Ağdaş Dairə Seçki Komissiyasına təyin olunmuş təkrar seçkilərdə iştirak edən namizədlərdən biri də Ümid Partiyasının sədri İqbal Ağazadədir. Bir neçə dönəm parlamentin deputatı olmuş İ.Ağazadə 2015-ci ilin noyabrında keçirilən seçkilərdə  35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, lakin MSK-nın nəticələrinə görə, qalib onun rəqibi ASDP sədri Araz Əlizadə olmuşdu. İqbal Ağazadə isə bəyanat verərək, həmin dairədə qalib gəldiyini və seçkinin nəticələrinin saxtalaşdırıldığını bildirmişdi. 

"Ötən seçkidə nəticələrin saxtalaşdırıldığını bildirmişdiniz, seçkini demokratik hesab etmədiyiniz halda, nəyə görə təkrar seçkilərə qatılırsınız?" - sualına cavab olaraq İqbal Ağazadə "Bizim Yol"a deyib ki, noyabrda keçirilən seçkiləri udmağına dair əlində protokollar var: "Mən seçkini udmuşdum, protokollar da bunu təsdiq edir, nəticəni tanımayıblarsa, bu, mənim problemim deyil. Biz siyasi təşkilatıq, siyasi təşkilatın vəzifəsi nəticələrdən asılı olmayaraq, seçkidə iştirak edib, partiyanı bütün ölkəboyu təbliğ etməkdir. Biz buna hesablamışıq. Əgər hesab etsək ki, nəsə demokratik deyil, hardasa qanun pozuntuları var və biz proseslərdə iştirak etməyək, onda gərək Azərbaycan müxalifəti heç bir seçkidə iştirak etməyəydi" - deyə İ.Ağazadə bildirir.
Qeyd edək ki, hazırda yeganə boş mandat yeri 90 saylı dairədir. MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.
YAP İdarə Heyətinin qərarı ilə 90 saylı Ağdaş seçki dairəsindən YAP-ın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun namizədliyi irəli sürülüb. Cavid Osmanov həm də Ağdaş rayon icra başçısının müavinidir. 

Rəsmi statistikaya əsasən, YAP-ın Ağdaş rayon təşkilatının 17 mindən artıq üzvü var. Bu isə dairədə ümumi seçicilərin təxminən 50 faizini təşkil edir. 

İqbal Ağazadə isə YAP-ın namizədinə qalib gələcəyini hesab edir: "Düşünmürəm ki, YAP-ın namizədinə qalib gəlmək mümkün deyil. 17 min YAP üzvü olmasına gəlincə, deməli, bu namizədlə daha rahat şəkildə mübarizə apararıq. Onlar üzv sayına arxayın olacaqlar, biz isə bu arxayınlıqdan rahat şəkildə istifadə edərik".

Respublikaçı Alternativ Hərəkatının sədri (ReAl) İlqar Məmmədovun da sözügedən dairədən namizədliyini irəli sürdüyü açıqlanıb. İlqar Məmmədov hazırda həbsdədir. O, 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

İqbal Ağazadə bildirir ki, İlqar Məmmədovun seçkidə namizəd olması və mübarizə aparması üçün qanunun tələbləri çərçivəsində dəstək verəcək ki, o, seçkidən kənarda qalmasın. Ancaq namizədliyini İlqar Məmmədovun xeyrinə geri götürmək fikri yoxdur.  "Hər bir təşkilat öz nəticəsi üçün çalışır, biz də öz nəticəmiz üçün çalışacağıq" - deyə İ.Ağazadə bildirib.

İqbal Ağazadənin seçkidə namizəd olması partiya daxilində müavin səviyyəsində narazılığa səbəb olub. Ümid sədrinin gender məsələləri üzrə müavini Həcər Abbaslı məhz bu səbəbdən partiyadan istefa verdiyi barədə açıqlama yayıb. O, bildirib ki, istefasına partiyadaxili qərarların demokratik yolla qəbul edilməməsi, partiyadaxili idarəçiliyin üzvlərinin ictimai siyasi təcrübəsi, fərdi potensialı, perspektivi və ümumkomanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəminində aparılması səbəb olub. 

"Qərarımı qətiləşdirən başqa bir fakt Milli Məclisə 2016-cı il 18 iyun təkrar seçkilərində iştirak etmək istəyim və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmçinin sədrin özünün namizədliyini partiya rəhbərliyi və üzvləri ilə müzakirə etmədən gizli şəkildə irəli sürməsi olub.
Bəyan edirəm ki, bu gündən müxalif partiya imitasiyasında, cəmiyyətimizdəki demokratik inkişaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm" - H.Abbaslının açıqlamasında deyilir. 

İ.Ağazadə isə deyir ki, məsələ H.Abbaslının dediyi kimi deyil. "Çox təəssüf edirəm və bu barədə mətbuat məsələləri üzrə müavinə də, Həcər xanımın özünə də iradlarımı bildirmişəm. Həcər Abbaslı 30 aprel 2016-cı il tarixdə öz vəzifəsindən azad olunub. Özü ilə də bu barədə son söhbətim olub, sonra əmrini vermişəm. Bu əmr lövhədə də asılıb. İstefa barədə onun yazdığı statusun altına da partiyadaşlar şərh yazıb ki, partiyadan azad olunduğun halda, istefa verdiyin haqqında danışasan. Mətbuat məsələləri üzrə müavinin səhvi olub ki, bunu zamanında mətbuata ötürməyib. Mətbuat məsələləri üzrə müavin Elman Abbasov da öz şərhində yazıb ki, Həcər Abbaslının xanım olduğunu nəzərə alaraq, xəbərin mətbuata ötürülməyini və müzakirə olunmağını vacib hesab etməyib. Təbii ki, onun məsuliyyətsizliyidir və çalışacağıq ki, belə hallar olmasın".

Həcər Abbaslının partiyadan azad olunmasının səbəblərinə gəlincə, İqbal Ağazadə deyir ki, o, nizamnamə pozuntularına yol verib, bir neçə vaxtdır iclaslara qatılmırdı. Son iclasda qatılmayanda da mənim ona iradlarım oldu, bir az etiket normalarından kənar danışıqlar oldu. Sonra birinci müavin onunla bu barədə söhbət etdi və üzr istəməli olduğunu dedi. Mən sonradan qərargaha qayıdanda otağıma çağırıb danışdım və yollarımızı ayırdıq. 

İqbal Ağazadə deyir ki, namizədliyinin irəli sürülməsinin partiyanın xəbəri olmadan verilməsi də həqiqətə uyğun deyil. "Partiyanın rəsmi strukturları qərar verib, bu qərar Mərkəzi Seçki Komissiyasına, Dairə Seçki Komissiyasına partiyanın səlahiyyətli nümayəndələri  - birinci müavin, icra aparatı və Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədrləri tərəfindən təqdim olunub. Partiya olaraq sənədləri təqdim etmişiksə, partiyadan xəbərsiz necə ola bilər? Öz təşəbbüsümüzlə seçkiyə qatılmamışıq ki..."

Həcər Abbaslının açıqlamasında "müxalif partiya imitasiyasında" ifadələrini işlətməklə Ümid Partiyasını müxalifəti imitasiya edən partiya kimi təqdim etməsinə də İqbal Ağazadədən münasibət öyrəndik. "O, özünü belə adlandıra bilər "Ümid"i adlandıra bilməz" - deyə İ.Ağazadə cavab verdi. 
Qeyd edək ki,  MSK və 90 saylı DSK Ağdaş seçki dairəsində iyunun 18-də keçiriləcək təkrar deputat seçkisinə hazırlıqlarını davam etdirir. Dünən MSK-nın daha bir hazırlıq iclası keçirilib. Müəyyən edilmiş seçki təqviminə əsasən müşahidə aparılması üçün ərizələrin MSK-ya təqdim olunması üçün vaxt mayın 8-dək, DSK-ya təqdim edilməsi üçün vaxt isə iyunun 13-dək nəzərdə tutulub.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi mayın 19-u saat 18-də başa çatacaq. Seçkiqabağı təbliğat və təşviqatın aparılması mayın 26-da başlanacaq və 17 iyun saat 8.00-da dayandırılacaq.

Oxşar xəbərlər